BAYDENİN YAXIN ŞƏRQ SƏFƏRİ

RUSİYA İLƏ DÖYÜŞMƏK NİYYƏTİ

ABŞ prezidenti Co Bayden bu həftə Yaxın Şərq turuna başlayır. Səfər zamanı İsrailə, İordan çayının qərb sahilinə baş çəkəcək və Ər-Riyadda Səudiyyənin faktiki hökmdarı Məhəmməd bin Salman ilə danışıqlar aparacaq.

Baydenin Yaxın Şərqə səfərinin əsas məqsədi Səudiyyə Ərəbistanını, eləcə də OPEK-in iki əsas üzvü olan Birləşmiş Ərəb Əmirliklərini karbohidrogen qiymətlərini aşağı salmaq üçün neft hasilatını artırmağa inandırmağa çalışmaq olacaq.

“Bloomberg” yazır ki, Bayden bu ölkələrin dəstəyi olmadan yüksək yanacaq qiymətlərinin yaratdığı iqtisadi və siyasi çətinliklərdən xilas olmaq istiqamətində apardığı mübarizəni uduzacaq.

Xatırladaq ki, Bayden bu vəziyyətdə Rusiyanı əsas günahkar hesab edir: “Biz Rusiyanın təcavüzünə müqavimət göstərməli, həmçinin Çinlə rəqabət aparmaq üçün özümüzü ən yaxşı vəziyyətdə saxlamalıyıq və dünyanın kritik bölgəsində daha çox sabitlik üçün işləməyə davam etməliyik”.

ABŞ prezidenti demək olar ki, hər bir ictimai çıxışında Rusiyanın və onun prezidenti Vladimir Putinin ünvanına xoşagəlməz sözlər səsləndirir ABŞ-da benzin və ərzaq qiymətlərinin həddən artıq yüksək olmasını “Putinin vergisi” adlandırır.

“Politico” hesab edir ki, hazırkı yanacağın astronomik qiymətlərinin aşağı salınması birbaşa olmasa da, Kiyevin maraqlarına uyğun olacaq. Çünki Kiyev Rusiya ilə silahlı münaqişə davam etdikcə, Qərbdəki daxili iqtisadi problemlər səbəbindən beynəlxalq yardımın azalacağından son dərəcə narahatdır.

Əksər amerikalı ekspertlərin fikrincə, Baydenin turu bir sıra risklərlə doludur.

Turun digər hissəsinə – İsrail və Fələstin torpaqlarına gəlincə, burada Bayden Qüdslə strateji münasibətləri və fələstinlilərə dəstək məsələsində balansı davam etdirməyə çalışacaq. Amerika liderinin bir gün əvvəl elan etdiyi kimi, onun əsas məqsədlərindən biri “İsrail və ərəb ölkələri arasında mənasız müharibə vəziyyətini azaltmaqdır”. İsrail liderləri ümid edirlər ki, Vaşinqton Ər-Riyaddakı danışıqlarda İsrail və Səudiyyə Ərəbistanı arasında normallaşma planını təqdim edəcək və Səudiyyə hakimiyyətini İsraillə diplomatik əlaqələr quran BƏƏ və Küveytdən nümunə götürməyə çağıracaq.

Vaşinqtonda isə heç kim gözləmir ki, səfər zamanı Bayden iki ölkə arasında sülh və harmoniya bərqərar olunmasına dair razılaşma əldə edəcək. Bununla belə, bəzi dəyişikliklər etmək də vacib olacaq.

Ər-Riyadla danışıqların gedişində Hindistan və Çinə uçuşlar üçün İsrail təyyarələrinin Səudiyyə Ərəbistanının hava məkanını keçməsinə icazə verən razılıq əldə etmək mümkündür. Bundan əlavə, bir sıra mənbələr Ağ Evin Yaxın Şərqə səfəri zamanı Baydenlə İsrail və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra ərəb ölkələri arasında raketdən müdafiə və dənizdən müdafiə sistemlərinin inteqrasiyasını da müzakirə etməyi planlaşdırdığını bildirib.

Bu plan İranın bütün region ölkələri üçün yaratdığı təhlükə ilə birbaşa bağlıdır. Bu baxımdan, təbii ki, Baydenin İsrail və Səudiyyə Ərəbistanında görüşləri zamanı İranın nüvə proqramı da fəal müzakirə olunacaq.

Ən önəmlisi isə, bu səfər zamanı Rusiyaya qarşı cəbhənin daha da genişləndirilməsi ABŞ prezidentinin əsas hədəflərindən biri olacaq.

Media icmalı

 

Şərhlər bağlıdır.