ÜRƏK DUYĞULARI

TƏBRİZ, PASTORE CƏDİD, EV 334

Atamın vəfatı üzərindən 25 il ötdü…

Düz bir qərinədir sənsizəm ata.

Düz 25 dəfə tək getdim məzarın üstə. Düz 25 il kimsəni qatmadım bu kədərimə. Quranı da özüm oxudum, məzarı da özüm təmizlədim.

Sənə söz vermişdim ki, Təbrizdəki evimizə mütləq qayıdacam. Abadlaşdıracam həyətimizi…divarlarını ağardacam, həyətimizdəki gülləri-çiçəkləri qoymayacam solsun…

Alınmadı.

Şəkildəki ev-Təbrizdəki ata yurdum, artıq beş-altı ildir ki, yoxdu. Uçub. Dağılıb. Xarabalıqdı indi.

Neynək, taledi…bir sözlə atama verdiyim sözə sadiq çıxammadım. Təbrizdəki evimiz dağıldı.

Bağışla ata…

Sən mənə həmişə deyirdin ki, bəndələrlə yox, Allahla danış. Dərdini Allaha de, bəndələrə yox.

İndi bu gün sözlərimi siz insanlara yox, uca Allaha deyirəm: “Kim mənim ata evimə gedən yolu qapayıbsa, kim, Təbrizin yolunu qapayıbsa, kim, məni qəriblikdə vətənimə, yurduma həsrət qoyubsa, onu görüm məhv olsun. Bir içim suya möhtac olsun, xoşbəxtlik tapmasın, Əzrayıla tuş gəlsin, evi dağılsın, çiçəkləri solsun, xalçaları yırtılsın, uşaqları bədbəxt olsun…yurd yerində çaqqal ulasın…

Allah, sən özün yolumu aç.

Vətənimi, Təbrizimi göstər mənə…

Ata evimin xarabalıqlarına gətir məni…

Ordakı bir ovuc külü özüm başıma tökəcəm.

Özü də, xoşbəxt olacam həmin dəqiqələrdə…

Bəli…mən hamının külünü gördüm. Hamının…

Bəli, dünyada insana bir ovuc küldən başqa heç nə qalmır.

Əgər bu kül özü gəlib ovcuna dolacaqsa, başına töküləkcəksə, kədərlənmə. Sevin əvəzində.

Çünkü insanın bir ovuc küldən başqa dünyada digər heç bir payı yoxdu…

Ancaq mən, haqımı yeyənlərə qarşı sükut qışqırıram. Sükutla deyirəm: HAQQINIZ YOXDU! HALAL ELƏMİRƏM! QAYTARIN MƏNİM TƏBRİZİMİ…TƏBRİZDƏKİ HALAL DÜNYAMI…

Həmid Herisçi

Şərhlər bağlıdır.