İRANIN RƏSMİ MEDİASINDAN AZƏRBAYCANLA BAĞLI NÖVBƏTİ TƏXRİBAT

ERMƏNİSTAN VƏ İRAN QARDAŞLIĞI

İranın ali rəhbəri Əli Xameneyinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzeti Azərbaycan Respublikası ilə bağlı daha bir təxribatçı məqalə dərc edib.

Xəbəri  “Azad İran” Telegram kanalı yayıb.

Yazıda Azərbaycanda müsəlmanlara qarşı amansız davranıldığı iddia edilir. Qəzet Ukrayna müharibəsi, Şərqi Avropa və dünyada baş verən sürətli proseslərin fonunda Azərbaycan hakimiyyətinin “şiələrə qarşı zorakılıq hallarını” artırdığını yazıb.

Yazıda Azərbaycanda din adı altında dövlət əleyhinə fəaliyyətlərinə görə həbsdə olan Taleh Bağırzadə adlı şəxsin adının qarşısına dini rütbə sayılan “höccətülislam” adını əlavə edən qəzet iddia edir ki, o, “sionistləri və vəhabiləri” ifşa etdiyi üçün həbs olunub.

“Bu gün Azərbaycanda müsəlmanların və şiələrin başına gətirilənlər ölkədə dindarlara münasibətdə keçmiş Sovetlər Birliyi dövründə göstərilən münasibətdən daha pisdir. Ona görə də Stalinin dövründəki qorxu dövrü ilə müqayisə oluna biləcək bir vəziyyət yaranıb”, – deyə Ə.Xameneyinin ofisinin qəzeti yazıb.

Məqalədə Azərbaycanda başqa dinlərə, o cümlədən yəhudi, xristian, bəhai, krişna və s. qarşı müsbət yanaşma İslam dininə qarşı düşmənlik kimi təqdim edilir və xüsusilə yəhidi dini məbədlərinin fəaliyyəti xüsusi həssaslıqla qeyd olunur.

Bütünlüklə Azərbaycanda dünyəvi dövlət quruluşunu hədəf alan uzun yazının sonunda bir daha Azərbaycan hakimiyyəti islam düşməni kimi qələmə verilir və bütün bunların ABŞ və İsrailin göstərişi ilə həyata keçirildiyi qeyd olunur. Bununla yanaşı, Azərbaycanda İsrail qüvvələrinin, vəhabi yaraqlılarının və Türkiyənin Milli İstihbarat Təşkilatının olması barədə İran rəsmilərinin iddiaları bir daha səsləndirilir.

Xatırladaq ki, “Keyhan” qəzetinin baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Seyid Əli Xameneyinin tapşırığı ilə təxribat xarakterli yazılar dərc edir. Burada gedən yazılar İranın ali rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH-ın və ETTELAAT-ın mövqeyini əks etdirir.

Bayraqdar.info: Göründüyü kimi, “müsəlman şiə qardaşımız” olan İranın rəsmi mediasının yaydığı yazı sanki Ermənistanda – Azərbaycana düşmən mərkəz tərəfindən hazırlanıb. Eyni əsassız ittihamları Ermənistan və onların təbliğatçıları ortaya atıb, tirajlayır. Fars-molla rejiminin başbilənləri də bunları ermənilərin ağzından alıb olduğu kimi təkrarlayır. Belə olan halda Azərbaycan Respublikasının şiə-müsəlman əhalisi İrandan bunun niyə baş verdiyini niyə soruşmasın? Necə olur ki, İran bir yanda özünə “şiə müsəlman” dövləti deyir, o biri yanda da müsəlman ölkəsi olan Azərbaycana qarşı ən qəddar düşmən münasibəti ilə seçilən və müsəlman olmayan Ermənistanın rəsmi təbliğat alətinə çevrilir? Bəs hanı sizin “islam təəssübkeşliyiniz”, “müsəlman qardaşlığınız”?..

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.