İRANDA HƏBS EDİLƏN 16 YAŞLI TƏBRİZLİ UŞAĞA İŞGƏNCƏ VERİLİR

Atilla Arfai adlı yeniyetmə türk dilində danışmaq və Atatürkün şəklinə görə təqib edilir.

İranda molla rejimi əleyhinə aksiyalar davam edir. Hakimiyyəti qorumaq üçün bütün qüvvəsini işə salan rejim yeniyetmələrə qarşı da repressiya maşınını işə salıb.

Azerbaycan-ruznamesi.org pressklub.az-a istinadən xəbər verir ki, molla rejiminin qəzəbinə tuş gələn şəxslərdən biri də Təbrizdəki Mirak Gözəl Sənətlər Liseyinin şagirdi 16 yaşlı Atilla Arfaidir. O, bu ilin sentyabrın 21-də Təbrizdə keçirilən etiraz aksiyası zamanı İslam İnqilabı Keşikçiləri Təşkilatının Kəşfiyyat Bölməsi tərəfindən həbs olunub.

Mənbə Atillanın müstəntiqlər, hakimlər, eləcə də İslam İnqilabı Keşikçiləri Təşkilatının Kəşfiyyat Birliyinin əməkdaşları tərəfindən ağır işgəncələrə məruz qaldığını bildirilər. O, dəfələrlə ən ağır formada döyülüb, burun sümüyü sındırılıb, üz və ağız əzələləri qırılıb.

Atilla Arfaini ilə birgə həbsxanada kamerada saxlanılan və sonradan azadlığa buraxılan digər yeniyetmənin sözlərinə görə, ona davamlı və şiddətli fiziki işgəncə ilə yanaşı, psixoloji təsir də göstərilir. Atilla Arfai həm də ağır astma xəstəliyindən əziyyət çəkir.

Mənbə qeyd edir ki, Atilla Arfainin dosyesi Təbriz Ədliyyəsinin 15 saylı Təbatəbai şəhərciyinə göndərilib və o, qanuna uyğun olaraq zaminə buraxıla bilər. Lakin İslam İnqilabı Keşikçiləri Təşkilatının Kəşfiyyat Bölməsi məhkəmənin Atillanın zaminə buraxılmasına icazə vermir.

Dosye ilə tanış olan ittihamçı prokuror oğlanın ailə üzvlərinə bildirib ki, İslam İnqilabı Keşikçiləri Təşkilatının Kəşfiyyat Bölməsi Atillaya qarşı ağır ittihamlar irəli sürüb. Atilla Arfai istintaq zamanı türk sözlərindən istifadə etməkdə,  Atatürkün şəklini mobil telefonun ekranına qoymaqda, sosial media vasitəsilə xalqı qızışdırmaq və təşkilatlandırmaqda, küçə iğtişaşlarına rəhbərlik etməkdə, ictimai əmlaka ziyan vurmaqda ittiham olunur.

Şərhlər bağlıdır.