İRAN MƏTBUATINDAN “CƏBHƏ” QƏZETİNDƏN

PİŞƏVƏRİ VƏ AZƏRBAYCAN HƏRAKATI

Mən Azərbaycan müsafirətindən qabaq Pişəvərini bir dəfə də görmüşdüm. O zaman Pişəvəri fəqət azadixah(azadlıqsevər) və saf bir ruznamə (qəzet) yazan idi. Təzahürə adəti (iddialı) olmadığına görə, Tehran xalqının arasında o qədər də tanınmış deyildi. “Ajir” ruznaməsinin idarəsi Laləzarda (Tehranın mərkəzində böyük bir ticarət mərkəzi olan məhəllə) “Bahar” pasajının üst mərtəbəsində, biri kiçik, biri də böyük olmaq üzərə iki otaqdan ibarət idi. Bu otaqların birisində idi ki, bir ikindi çağı mən ilk dəfə Pişəvərini gördüm. O günü mən Pişəvərini mütaliəli və eyni halda saf və səmimi bir adam tələqqi (hesab) etdim. Yəqin elədim ki, çox anlaqlı və istedadı çox gözəldir. Söhbət etdiyi adama, hər kəs olursa olsun, o qədər saflıq və səmimiyyət göstərib və o qədər adamın söhbətlərinə əlaqə ilə (maraqla) qulaq verirdi ki, tərəf ixtiyarsız olaraq ona məczub (cəzb) olub bacardığı qədər onunla daha artıq söhbət etməyə və hər nə qədər ürəyində dərdi varsa, qorxusuz və təəmmülsüz (əziyyət çəkmədən) ona faş etməyə meyl edirdi.

Bu mövzudan bir müddət keçdi. Pişəvəri Məclis vəkili (parlament deputatı) oldu. Onun etibarnaməsini (deputat mandatını) rədd etdilər (ləğv etdilər). O yenə də ruznamə yazmağa başladı. Sonunda Təbrizə gedib Azərbaycan Demokrat Firqəsini təşkil verdi. Sizdən nə gizlin, dünənki ruznamə yazan və bugünkü Demokrat firqəsinin lideri olan bu siyasətmədarın (siyasətçinin) nə qədər təfavüt etdiyini gedib görmək mənim həmişəlik arzularımdan birisi idi. . Xoşbəxtanə, Azərbaycana son zamandakı müsafirətimdə öz qədim arzuma yetişdim.

Pişəvəri bu neçə ilin ərzində o qədər dəyişilməyibdir. Onun surəti-zahirini (xarici görünüşünü), oxucuların çoxu şayəd görmüş olsunlar, həmin əvvəlki kimidir. Onun parlayan gözləri, irəlidə gördüyüm kimi, daima hərəkətdədir, heç vəchlə sabit bir nöqtəyə dikilmirdi. Onun baxışı növbə ilə müxatibinin gözünün içərisinə və oradan da onun bədəninin sair qismətlərinə mütəvəccih olurdu (dikilirdi). Bununla bərabər bir dünya lütf və səmimiyyət onun gözlərində oxunurdu.

Pişəvərinin bugünkü siyasi məqamı onun əhval-ruhiyyəsinə heç bir təğyir (dəyişiklik) vermirdi.

Laləzardakı “Bahar” pasajının üst qatındakı ruznamə yazan, o ruznamə mühərriri (redaktoru) ilə Azərbaycanın bugünkü siyasi lideri arasında heç təfavüt görünməməkdədir.

Onunla söhbət edən vaxt, siz təsəvvür edirsiniz, neçə illik səmimi dostlarınızdan biri ilə söhbət edirsiniz, nə bir siyasi kişi ilə ki, bu gün ən böyük şəxsiyyətlərdən sayılır.

Pişəvəri sabiqədəki kimi məxsus əlaqə ilə (maraqla) tərəfin söhbətlərinə qulaq asmaqla onu imkanı qədər söhbət etməyə vadar edir. Tərəfin söhbəti hər nə qədər yorucu olursa olsun, o heç kəsalət əsəri (yorğunluq hissi) göstərməz.

Pişəvəri Azərbaycan nehzətindən (hərəkatından) qabaq giriftarçılığı çox olmaqla bərabər yorğun və məxsusən düşkün nəzərə gəlirdi. Halbuki, bu gün gündə 12 saat işləmək və öhdəsində olan bir dünya məsuliyyətlə bərabər onda kəsalət (yorğunluq) və düşkünlükdən bir əsər belə görünməyir. Bu, dünənki və bugünkü Pişəvəridə gördüyüm ən böyük təfavütdür.

Azərbaycan Demokrat Firqəsi liderinin bir neçə müşəxxəs (konkret) sifətləri var, istər onun müxalifləri və ya müvafiqlərinin hamısı o müşəxxəs sifətlərə mütəqiddirlər (güvənirlər).

Birincisi, çox yaxşı düşünər, çox möhkəm və məntiqi dəlillər gətirər və tamam qəzayanı (hadisəni) ən yaxşı bir surətdə həllaclar (təhlil edər). Buna görə də Demokrat firqəsinin bütün başçıları onun əqidələrini, “necə və niyə” demədən qəbul edərlər.

Onun şəxsiyyətini imtiyazlandıran o birisi sifəti də onun sürətlə təsmim (qərar) tutmasıdır.

O çox tez təsmim tutar. Çox adamların öz əl-ayaqlarını itirdikləri, mənfi və ya müsbət nəzəriyə verməyə cəsarət etmədikləri ən həssas dəqiqələrdə Pişəvəri çox sürətlə öz təsmimini (qərarını) ittixaz (qəbul) edər.

Hər halda, yaxşı nəticə almaq və fouri (tez) təsmim tutmaq, dost və düşmənin belə iqrarına (etirafına) görə, Pişəvəridə görünən iki mümtaz (müsbət) sifətdir. Pişəvərinin bu gün Azərbaycan nehzətinin başında durmasının ən ən böyük səbəbi, şübhəsiz, onda olan həmin bu iki sifətdir.

Azərbaycan Demokrat Firqəsinin gedişi və taktikində şübhəsiz, təsirsiz qalmayan, onun müşəxxəs (konkret) sifətlərindən ayrı birisinə gəlincə, Pişəvəri siyasi və iqtisadi nəzəriyyələrin çoxundan xəbərdar olduğu halda məxsusən sosializm teorilərinə kamilən əhatəsi vardır. Bununla bərabər, yüzdə yüz siyasi teorilərin dalısınca getməmişdir.

Quru siyasi teoriləri öz mübarizələrində özünə rahnəma (yol göstərən) qərar verib kor-koranə onların dalısınca getməmişdən qabaq mühitin şəraitini nəzərə alıb öz siyasi taktikinin payəsini (əsasını) onun üzərində qoyar.

Pişəvəri İranda təbəqati (sinfi) mübarizələri hələlikdə tez bilir. O mütəqiddir (inanır) ki, əgər istəyək, İranda geniş və böyük bir nehzət (hərəkat) vücudə gətirək, hər şeydən qabaq gərək bütün təbəqələri onda iştirak etdirək, bir müəyyən təbəqəyə dayanıb sair təbəqələri kənar etmək olmaz.

Pişəvərinin bu nəzəriyyəsi onun nitqlərində, “Azərbaycan” və sabiqədəki “Ajir” ruznamələrində yazmış olduğu məqalələrdə çox yaxşı görünməkdədir.

Pişəvəri bir inqilabçı və bir qədim sosialist tanındığı halda, milliyət üsuluna tərəfdar olan bir vətənpərəstdir.

Buna görə bütün Azərbaycan xalqı və məxsusən bu günə qədər Azərbaycan nehzətinə yaxşı baxmayanlar belə buna mütəqiddirlər (inanırlar) ki, bu nehzətin tez getməsinin qabağını alan Pişəvərinin iş başında olmasıdır.

Azərbaycan nehzətinin doğru yoldan çıxmamasına o bais olubdur.

Azərbaycan nehzətində Pişəvərinin rolu, təvəccühü (diqqəti) çox cəlbedəndir. Onu şərh verməmişdən qabaq Azərbaycan nehzətinin vücudə gəlməsinin əsil illətlərini (səbəblərini) təfsil ilə yazmalıyıq. Buna görə də o mövzudakı bəhsi münasib bir vaxta mühəvvil (həvalə) edirik.

Pişəvəri Azərbaycan nehzətinin başçılarından birisidir ki, hətta bu nehzətin müxalifləri belə ona yaxşı nəzər ilə baxırlar.

Çevirəni: R.Azəri
“Azərbaycan” qəzeti, Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 14 (303), 20 sentyabr 1946

Təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.