Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır hərbi texnikasının, təpədən dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl qəhrəmanlıq göstərdilər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar.
Bunu akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, institutun baş direktoru akademik Gövhər Baxşəliyeva söyləyib.
G.Baxşəliyeva bildirib ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. O, bu hadisələrdə xalqımızın istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa biləcəyini, Azərbaycan övladlarının öz həyatlarını müstəqillik uğrunda qurban verə biləcəklərini sübut etdiyini vurğulayıb. Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən akademik o dəhşətli günlərdə xalqımızın yumruq kimi vahid bir ideya ətrafında birləşdiyini söyləyib.
İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsini icra edən Namiq Məmmədov, Həmkarlar Təşkilatının sədri Sübhan Talıblı, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov və başqaları çıxış edərək Qanlı 20 Yanvar hadisələrindən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söyləyiblər. Çıxış edənlər Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidləri də xatırlayaraq, xalqımızın onları heç vaxt unutmayacağını deyiblər.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.