MOLLA REJİMİ ÖZÜNÜ HƏBS ETDİ, QARDAŞINI ÖLDÜRDÜ
MƏŞHUR CƏNUBİ AZƏRBAYCAN JURNALİSTİNİN MÜHACİRƏT HƏYATI... - I YAZI
Abdulla Əmir Haşimi: “Molla rejimi qardaşımı 1987-ci ildə edam etdirdi, öldürdü”
“Cənubi azərbaycanlı mühacirlər” rubrikasında müsahibimiz molla rejiminin zülmündən baş götürüb doğma evini, el-obasını tərk etmək məcburiyyətində qalan və İsveçə mühacirət edən, hazırda Stokholm şəhərində yaşayan publisist, tərcüməçi, jurnalist Abdulla Əmir Haşımidir (Abdulla Əmirbahadır oğlu Əmir Haşımi – Cavanşir).
Abdulla Əmir Haşimi (Cavanşir) 1950-ci ildə Güney Azərbaycanda, Təbrizin ətrafında yerləşən Həştəri mahalında zəhmətkeş ailədə dünyaya göz açıb. Bir yaşı olanda ailəsi ilə birgə Təbrizə köçüb. İbtidai təhsil illərindən əməyə, zəhmətə alışıb, ailəsinə iqtisadi cəhətdən kömək üçün işləyib. İbtidai məktəb dövründən oxumağa marağı olan A. Əmir Haşimi, cəmiyyətin ona yaratdığı dar şəraitdən irəli gələn minlərcə sualın cavablarını oxuduğu kitablarda axtarırdı. Orta təhsilini riyaziyyat ixtisası üzrə Təbrizin məşhur Firdovsi gimnaziyasında alıb. Təbriz Universitetinin fizika fakültəsində oxuyarkən, eyni zamanda axşamlar oxuduğu texniki institutu bitiribdir. Təbriz Universitetində təhsilini davam edərkən, Təbrizin gimnaziyalarında fizika elmini tədris edib. 1974-cü ildə atası vəfat etdikdən sonra, ailəsinin məişətini idarə etmək üçün, günortadan sonra Sofiyanın sement zavodunda teknisyən kimi işə başlayıb. 1973-cü ildən dostları ilə milli və siyasi qrupları təşkil etdiklərinə və Şah rejiminin əleyhinə apardıqları fəaliyyətə görə 1976-cı ildə bir neçə dostu həbsə alınır və A.Əmir Haşimi gizli yaşamağa və gizli fəaliyyətə məcbur olur. Ancaq bir il sonra o da həbs olunur…
Onun barəsində məlumatda qeyd edilir ki, Haşimi 2001-ci ildən 2006-cı ilədək Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, 2006-cı ildən isə Güney Azərbaycan Konqresinin birinci məsulu vəzifəsindədir. Tanınmış Azərbaycan şairi Söhrab Tahirin “İnqilab Qartalı” romanını, “Heydər Əliyevin siyasi portreti” adlı kitabı və Əbülfəz Bərəkətin “Çörək” əsərini Azərbaycan-türkcəsindən farscaya, Əhməd Kəsrəvi Təbrizinin “İranın Məşrutə hərəkatının tarixi” kitabını (1046 səhifədən ibarət) farscadan Azərbaycan-türkcəsinə tərcümə edib, “Fiyuzat” jurnalını eləcə də Səbri Eyvazovun “Nədən bu hala qaldıq?” əsərini dilimizin latin və kiril qrafikalarına köçürüb, çap etdiribdir. A.Əmir Haşimi, Güney Azərbaycanın milli qurtuluş yolunda olan problemləri və onların həlli yollarını əks etdirən bir çox elmi məqalələrin müəllifidir. Yazılarının bir sırası, “Məqalələr toplusu” və “Bir neçə söz…” adlı müəllif-kitablarında nəşr edilibdir. Bunlar Abdulla bəyin ömürlüyündən bəzi məqamlardır. A.Əmir Haşimi sözün həqiqi mənasında çox keşməkeşli, məşəqqətli, eyni zamanda da çox mənalı, məzmunlu, mübarizə dolu bir həyat yolu keçib. Həyat hekayətinin ardını isə onun özündən eşidək.
- “1982-ci ildən 1992-ci ilə qədər fəaliyyətimiz gizli oldu”
Abdulla Əmir Haşimi ilə vatsap üzərindən əlaqə saxladıq, o, “Bakı-Xəbər”in suallarını yaşadığı Stokholmdan cavablandırdı.
– Təbrizin ətrafında yerləşən Həştəri mahalında doğulmuşam. Atam Azərbaycan Demokratik Firqəsinin üzvü olduğu üçün öz mahalımızda qala bilməyib, ailəmiz Təbrizə köçüb. Təbrizdə böyümüşəm, orta və ibtidai məktəbi Təbrizdə oxumuşam, universiteti Təbrizdə bitirmişəm.
– Bildiyimiz qədər, hələ gənc yaşlarınızdan milli mücadilə, mübarizə işinə qoşulmusunuz. Hansı təşkilatın üzvü idiniz?
– Bəli, çox gənc yaşlarımdan Azərbaycan Demokrat Firqəsinə üzv olmuşam, burada fəaliyyət göstərmişəm. Dostlarımla birgə Təbrizdə və Azərbaycanın digər şəhərlərində Azərbaycan Demokrat Firqəsinin ofislərini açdıq. Demokrat Firqəsi Pişəvəri hərəkatının, Pişəvərinin qurduğu təşkilatın davamçısıdır. O Demokrat Firqəsi ki, Güney Azərbaycana milli hökumət töhfə verib. Bu barədə yəqin ki, ətraflı məlumatınız var.
– Bəli var.
Azərbaycan Demokrat Firqəsində fəaliyyətinizə görə hansısa təzyiqlər gördünüzmü?
– O dövrdə fəaliyyətimə görə Şah rejimi tərəfindən həbs olunmuşam. İnqilab baş verib həbsdən çıxmışam…
Firqənin Mərkəzi Komitəsinin İcraiyyə Heyətinin üzvü kimi Firqənin işçi-fəhlələr məsulu, Azərbaycanın vilayət məsulu və Firqənin kəndlilər üzrə məsuliyyətini daşımışam. Təbriz də daxil olmaqla 22 şəhərdə Firqənin ofislərini açmışıq, bu sahəyə məsul olmuşuq.
– Fəaliyyətinizə nələr daxil idi ki, rejim belə qıcıqlanırdı?
– “Azərbaycan” qəzetini buraxdıq. 1969-cu ildən 1982-ci ilə qədər yarım demokratik şəraitdə fəaliyyətimizi bərpa etməyə fürsət yarandı. O dövrdə də biz çox əzab-əziyyətlər çəkdik. Rejim hücum etdi və fəaliyyətimizə əngəl oldu, biz isə yenə gizli fəaliyyətə keçdik. 1982-ci ildən 1992-ci ilə qədər fəaliyyətimiz gizlin oldu. Çox çətinliklər yaşadıq, bizə çox əziyyət verdilər.
Türkcə kitabların çapı, Azərbaycan filmlərinin çoxaldılıb yayılması, beynəlxalq insan haqları orqanlarına imza toplama, şəhidlərin anma mərasimlərinin təşkil edilməsi, şair və yazıçıların yubileylərinin keçirilməsi, şeir gecələrinin təşkili, Azərbaycan icmalarının yaradılması, dağçılıq və bu kimi işlərin görülməsi mənim gördüyüm işlər idi. Eyni zamanda Tehran, Qəzvin, Zəncan, Ənzəli və Təbrizin zavodlarında mühəndis vəzifəsində müvəqqəti və qeyri-rəsmi işləyirdim. Zavodlarda işlədiyim zaman Azərbaycan iqtisadiyyatı üzrə, həmçinin cəmiyyətin elm, maarif, iqtisadiyyat sahəsində geri qalması səbəblərini arayıb-araşdırırdım.
– O cür irticaçı rejimdən ailənizi necə qoruyurdunuz?
– Çox çətin idi. Ailə üzvlərimizi, yaxınlarımızı həbs edirdilər. Qardaşım Məhəmmədhüseyn Əmir Haşimini həbsə aldılar, sonra isə edam etdilər.
– Neçənci il idi?
– Molla rejimi qardaşımı 1987-ci ildə edam etdirdi, öldürdü. Kütləvi həbslər zamanı rəhmətlik qardaşımı da tutdular və edam edilənlərdən biri də o oldu. Azərbaycan Demokrat Firqəsinin başqa üzvlərini də edam etdilər. Firudin İbrahiminin qardaşı Ənuşirəvan İbrahimi də edam edilənlər sırasında idi. 3 mindən artıq insanı həbsə məruz qoydular.
Mən özüm rejimin basqısına məruz qalırdım, gizli yaşamağa məcbur idim. Məlumat alırdım ki, həbs olunmağım çox yaxındır…Odur ki, çıxıb Bakıya gəldim, Bakıya sığındım.
– Bakıya neçənci ildə gəldiniz?
– 1992-ci ilin əvvəllərində gəldim. Əlbəttə, ondan beş il əvvəl ailəmi, həyat yoldaşımı və üç uşağımı çıxarmışdım. Çünki qardaşımı edam edəndən sonra məni də tutmağa çalışırdılar. Bilirdim ki, həbs edəcəklər. Çox çalışdım ki, molla rejiminin zülmlərinə tab gətirib fəaliyyətimi davam etdirim, amma dözə bilmədim, o basqılara, təzyiqlərə dözmək mümkün olmadı.
Rahatlığımı Bakıda tapdım.
– Bakıda nə işlə məşğul oldunuz?
– Əvvəlcə, Hacı Zeynalabdin Tağıyev zavodunda az müddət mühəndis işlədim. Sonra tale elə gətirdi ki, 1992-ci ildən 1998-cı ilə qədər AzTV-də Xarici Verilişlərin Şərq (türk, fars və ərəb) redaksiyasının baş redaktor müavini vəzifəsində işlədim, 6 il burada çalışdım, əvvəl böyük redaktor, sonra isə baş redaktor müavini oldum.
– Tərcümə işi ilə də məşğul olmusunuz…
– Bəli, həm tərcümə işi ilə məşğul olmuşam, həm yazmışam. Xaricdə də Konqres adına “Güney Azərbaycan” jurnalı buraxmışıq, Bakıda olanda da bu tip nəşrlərimiz olub.
1998-ci ildə İsveçə köçəndən sonra burada “Qarabağ” dərnəyini təsis etdim. Burada qanuni olaraq tərcümə işi də görürdük. Müxtəlif sənədləri fars, isveç, ingilis dilinə, Azərbaycan türkcəsinə tərcümə edirdik. Sürgündə olan Yazıçılar Birliyinin üzvüyəm. İndə də yazı-pozunu davam edirəm.
– Məlumatımıza görə, Siz BMT-nin xətti ilə İsveçə mühacirət etmisiniz. Ora gedəndən sonra nə ilə məşğul oldunuz?
– Doğrudur, BMT-nin vasitəsilə İsveçə köçdüm. Üç il müddətində isveç dilini öyrənməyə çalışdım. Dili öyrəndikdən sonra 15 il İsveçdə, Stokholm şəhərində ibtidai məktəbdə 3-cü sinif müəllimi işlədim. Çörəyimi qazanmaq üçün müəllim işlədim. Beş il bundan əvvələ qədər İsveç uşaqlarına dərs deyirdim. Hazırda təqaüddəyəm.
– Güneyli soydaşlarımız təkcə şah rejimi dövründə əziyyət, işgəncə görməyib, eyni zamanda molla rejiminin adını “islam inqilabı” qoyduğu hərəkatdan sonra, mollalar hakimiyyət başına keçdikdən sonra da bu zorakılıq davam etdirilib. Yəni molla rejiminin azərbaycanlılar üçün şah rejimindən heç bir fərqi olmayıb. Bu barədə nə deyərdiniz?
– Tamamilə doğru vurğuladınız. O siyasət ki, türklərə qarşı şah rejimi dövründə köklənmişdi, o molla rejimi tərəfindən də davam etdirildi. Bu rejimlərin bizə münasibətdə bir-birindən heç bir fərqi olmadı. Baxmayaraq ki, molla rejimi hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycan türklərinə çox vədlər vermişdi. Deyirdilər ki, azərbaycanlılar da başqaları kimi azad olacaq, heç bir milli ayrı-seçkilik olmayacaq, ictimai ədalət bərpa ediləcək, suyu, işığı müftə edəcəyik, evsizlərə ev, işsizlərə iş verəcəyik. Mollalar bizə çox vədlər verdilər. Onların verdiyi vədlər onunla nəticələndi ki, biz şahın qarşısında bunları müdafiə edə bilərdik. Çünki şah tamamilə rüşvətxorluqla məşğul idi, azərbaycanlılara divan tutmuşdu, bizi hətta mədəni və milli genosidə məruz qoymuşdu. Biz şah rejimində də xalq olaraq həm milli, həm də mədəni genosidə məruz qaldıq. Fiziki olaraq azərbaycanlıları 1946-cı ildə qırğına məruz qoymuşdu, həm də ana dilimizdə olan kitabları yandırmışdı. Molla rejimi “islam ədalət gətirər” deyimindən, şiəlikdən sui-istifadə etdi. Biz də bunlara doğrudan da inandıq. Dedik ki, zülmə, diktatora müqavimət göstərmək, mübarizə aparmaq dinimizdən gəlir…43 ildir ki, molla rejimi öz əsl simasını göstərir, bölgədə və daxildə intriqaçı bir rejim kimi tanınır…
İradə SARIYEVA
Şərhlər bağlıdır.