Esmira Fuad: “…Mirzə İbrahimovun təşəbbüsü və Heydər Əliyevin qayğısı, həssas münasibəti nəticəsində 1976-cı ildə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi yarandı”
“Türkün dilitək sevgili dil olmaz” rubrikasında Cənubi Azərbaycan ədəbiyyatından danışacağıq. Azərbaycan ədəbiyyatı birdir, amma bizi ayıran siyasi və coğrafi şərtlərə görə bu gün Cənubi Azərbaycan ədəbiyyatını ayrıca öyrənirik.
Yeri gəlmişkən, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi var.
Cənubi Azərbaycan ədəbiyyatını necə öyrənirik?
Ədəbiyyat İnstitutunun saytında Cənubi Azərbaycan ədəbiyyatı barədə bunlar qeyd edilir: “Cənubi Azərbaycan ədəbiyyatı Azərbaycan ədəbiyyat tarixinin tərkib hissəsidir. İran ölkəsindəki Azərbaycan ərazilərində yaşayıb-yaradan azərbaycanlı sənətkarların ədəbi fəaliyyətini öyrənir. Bu istilah sovet dövründə (1920-1980) ədəbi leksikonumuza daxil olub.
Cənubi Azərbaycan ədəbiyyatı Cənubdakı ədəbi proses və tənqidi mərhələlər üzrə tədqiq edilir. Görkəmli nümayəndələri Şəhriyar, Sönməz, Səhənd, Səməd Behrəngi və başqalarıdır. Əsas mövzuları şahlıq üsuli-idarəsi, istismar rejiminin ifşası, vahid Azərbaycan, Vətən, torpaq və dil birliyinin təbliğidir”.
Məlumata görə, Cənubi Azərbaycan ədəbiyyatı 1976-cı ildən Ədəbiyyat İnstitutunda yaradılmış Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi üzrə öyrənilir. “Cənubi Azərbaycan ədəbiyyatı şifahı və yazılı ədəbiyyatını, ədəbi-tənqidi fikrin araşdırılması, nəşri və təbliğini həyata keçirir. Bu sahədə akademik Mirzə İbrahimov ədəbi məktəb yaratmışdır. Professor Teymur Əhmədov: “Mirzə İbrahimov Təbrizdə “Vətən yolunda” qəzetinin redaktoru, Cənubi Azərbaycan demokratik inqilabi hərəkatının iştirakçısı olmuş, ictimai fikrin oyanması, ana dilinin qorunması, xalqın öz milli azadlığı uğrunda mübarizəsində misilsiz xidmətlər göstərmişdir. Mirzə İbrahimov 1946-cı ildə Milli demokratik hərəkatın süqutundan sonra da (1946-1993) Cənubi Azərbaycanda ədəbi, tənqidi fikrin və ədəbiyyatşünaslığın inkişafı sahəsində heyrətamiz işlər görmüş, cəsarətlə demək olar ki, yeni ədəbi məktəbin binasını qoymuşdur. Qeyd olunur ki, Mirzə İbrahimov 1976-cı ildə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsini-Cənub ədəbi irsini mükəmməl tədqiq edən ilk qurumu yaradarkən Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ayrı-ayrı şöbələrindən-Balaş Azəroğlu, İsmayıl Cəfərpur, Rza Xəlilov, Əşrəf Ağazadə, Mirəli Mənafı, Rəfiqə Qasımova, Zahid Əkbərov, Xuraman Quliyeva, Nazim Rizvanov, Tamella Məmmədova, Elmira Axundova, Hüseyn Kürdoğlu, Rəhim Əliyev kimi təcrübəli elmi işçiləri bu müqəddəs elmi işə cəlb etmişdir.
- “Güney Azərbaycan ədəbiyyatının öyrənilməsinin səviyyəsi hələ də qaneedici deyil”
Müsahibimiz AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, Amerika Bioqrafiya İnstitutu tərəfindən Cənubi Azərbaycan Ədəbiyyatı üzrə ekspert elan edilən, filologiya elmləri doktoru, professor Esmira Fuadla əlaqə saxladıq.
– Son zamanlar Cənubi Azərbaycan mövzusu çox aktuallaşıb. Xüsusilə də cənab Prezidentin 40 milyonluq cənubi azərbaycanlının öz ana dilində təhsil ala bilməməsi məsələsini, eləcə də hər zaman soydaşlarımızın yanında olmağa hazır olduğumuzu bəyan etməsi böyük effekt verdi. Bununla da Cənubi Azərbaycan türklərinin qayğılarına, problemlərinə, taleyüklü məsələlərinə yeni bir baxış sərgiləndi. Mən də Güney Azərbaycan mövzusunda müntəzəm olaraq “Respublika” və “525-ci qəzet”də məqalələrlə çıxış edirəm.
– Sizin əsas tədqiqat mövzunuz Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlıdır. Bu işlə AMEA-nın Ədəbiyyat İnstitutunda məşğul olursunuz. Bəs sizin institutda Cənubi Azərbaycan şöbəsi nə zaman yaradılıb?
– Bu şöbə ulu öndər Heydər Əliyevin elmimizə qayğısı və Güney məsələsinə həssas münasibətinin nəticəsində yaradıldı. Qeyd edim ki, Azərbaycan xalqının böyük yazıçısı, dilimizin böyük təəssübkeşi, SSRİ dövründə Azərbaycan SSRİ-də Azərbaycan dilinin dövlət dili olaraq qəbul olunmasına, bütün yazışmaların sənədləşmələrin ana dilimizdə aparılmasına nail olan Mirzə İbrahimovun təşəbbüsü və Heydər Əliyevin qayğısı, həssas münasibəti nəticəsində 1976-cı ildə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi yarandı. İkinci bir şöbə Şərqşünaslıq İnstitutunun nəzdindədir. Bu da Cənubi Azərbaycan qrupu adlanırdı. Bütün Azərbaycan elmi üzrə bu iki şöbədə Güney Azərbaycan türklərinin problemləri sistemli şəkildə öyrənilməyə başladı.
– Esmira xanım, milli ədəbiyyatın yaranması üçün milli dilin azad və işlək olması vacibdir. Amma uzun illərdir ki, orada dilimizin qarşısına böyük bir sədd çəkilib…
– Güney Azərbaycan türklərinin haqq və hüquqlarının tapdanması, qorunmaması, ana dilimizin yasaqlanması, buxovlanması 1925-ci ildə Rza şah Pəhləvi hakimiyyətə gəldikdən sonra çox kəskin hal aldı. Şah rejimi dövründə Azərbaycan türkcəsində bütün ədəbiyyat qadağan olundu. Hətta küçədə-bayırda belə Azərbaycan dilində danışmaq yasaqlandı. Analar övladlarına Azərbaycan-türk adlarının qoyulması üçün rəsmi idarələrdən izn ala bilmədilər. Rejim tərəfindən dilimizə qarşı basqıların olması, dilimizin yasaqlanması, soydaşlarımızın haqq və hüquqlarının pozulması kimi acı proseslər bu gün də davam etdirilir. Baxmayaraq ki, orada Azərbaycan türkləri dörd dəfə inqilab meydanına atılıb, hər dəfə də qalibiyyətlə sonuclanmaqda olan bir hərəkata liderlik ediblər. Amma yenə də baş verən inqilabdan sonra durum dəyişmədi, problemlər bu günə qədər qalmaqda davam edir. Bu gün də Güney Azərbaycan türklərinin öz ana dillərində məktəbləri, dərs vəsaitləri, dərslikləri, ana dilində hər hansı bir orqanları demək olar ki, yox səviyyəsindədir. Keçən əsrin 1978-1979-cu il inqilabından sonra bəzi qəzet və jurnallar Azərbaycan türkcəsində çıxsa da, sonradan bu qadağalar daha kəskin şəkildə həyata keçirildi. Hətta 1946-ci ildə 21 Azər Hərəkatının məğlubiyyətindən, Güney türklərinin başına gətirilən o zülmlər haqda hər birimizin bilgisi var.
– Güney Azərbaycan ədəbiyyatının öyrənilməsi işi necə gedir?
– Güney Azərbaycan ədəbiyyatının öyrənilməsinin səviyyəsi hələ də qane edici deyil. Doğrudur, Güney Azərbaycanla bağlı ədəbi məsələlər, oradakı ana dilinin vəziyyəti, soydaşlarımızın probelmləri şöbəmizdə aparılan sistemli tədqiqatlar nəticəsində araşdırılıb. Amma səviyyəsi hələ o dərəcədə deyil. Bizim şöbəmizin 10-dan artıq əməkdaşı var. Onlar Güney Azərbaycan ədəbiyyatının müxtəlif məsələlərini araşdırmaqla məşğuldurlar. Şöbəmizin müdiri filologiya elmləri doktoru Rəhim Əliyev ayrı-ayrə mərhələlər barədə analitik təhlil səviyyəsində oçerklər və icmal xarakterli təhlillər yazır. Mən, Pərvanə Məmmədli, Lətifə Mirzəyeva, Mahuzər Mehdibəyova, Zəminə Zeynalova, Solmaz Daşdəmirova, Elmira Bağırova, Kifayət Əliyeva Güney Azərbaycanda olan, tanınan və tanınmayan şəxsiyyətlərin ədəbi fəaliyyətlərini, həyat və yaradıcılığını tədiqata cəlb edərək müxtəlif monoqrafiyalar, portret oçerklər və antologiyalar üçün materiallar hazırlamaqla məşğuldurlar. Səhəndin (Bulud Qaraçurlu) həyat və yaradıcılığı Fikrət Süleymanoğlu tərəfindən araşdırılıb. Rəhim Əliyev Cənubi ədəbiyyatın ayrı-ayrı mərhələləri ilə bağlı icmallar qələmə alıb. Mən müxtəlif dövrünün yazarları Kiyan Xiav, Nigar Xiyavi, Məhəmməd hüseyn Şəhriyar, Əlirza Nadir Oxtay, Əli Dastan, Məsud Haray, Huşəng Cəfəri, Mirmehdi Etimad və başqa şairlərin yaradıcıllığını araşdırıram. Daha çox 2011-2021-ci ilə qədər Cənubi Azərbaycandakı çağdaş ədəbi prosesi izləmişəm. “Güney Azərbaycanda çağdaş ədəbi proses” adlı kitabım da çap olunub. Daha sonra müxtəlif antologiyalarım işıq üzü görüb. 2019-cu ildə son 40 ilin ədəbi prosesini əks etdirən, şəxsiyyətlərinin, yazarlarının yaratdığı ədəbiyyat əsasında “Günümüzün Güney Ədəbiyyatı Antologiyası. Poeziya”, 2020-ci ildə “Güney Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” çap olunub. Bu Güney və Qüzey Azərbaycanda deyil, bütövlükdə türk dünyasında ilk dəfədir çap olunub. “44 günlük Vətən müharibəsi Güney Azərbaycan Ədəbiyyatında Antologiya”sı çap olunub. Bu bu silsilədən olan birinci ciddir. İkinci cild isə “Qarabağ zəfəri Güney və Qüzey yazarlarının gözü ilə” adı altında çap olunub…
– Şöbəniz xeyli məsuldar işləyir. Daha hansı işlər görmüsünüz?
– 2022-ci ildə çap olunan Azərbaycanm ədəbiyyatı oncildliyin IX cildi Güney Azərbaycan ədəbiyyatının nümayəndələrinə həsr olunub. Mənin də orada oçerklərim çap olunub. Şöbəmizin əməkdaşlarının əksəriyyətinin məqalələri də IX cilddə yer alıb.
– Azərbaycan dilində ədəbiyyat çap olunub, dərsliklər, şairlərin kitabları çap olunub, qəzetlər, jurnallar çap olunub. Güneydə dilimizin üstün mövqedə olduğu vaxt da olub. Bu barədə nə deyərdiniz?
– Bəli, Azərbaycan dili özünün ən yüksək təntənəsini 1945-1946-cı illərdə Milli Hökumət dövründə yaşayıb. Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə geniş imkanlar açan 21 Azər Hərəkatının qələbəsindən sonra dilimiz üstün mövqeyə keçdi, mədəniyyətimiz inkişaf etdi, filarmoniya yarandı, teatrlar açıldı, ana dilində məktəblər faəliyyətə başladı. Sürətlə Vətən dili kitabları, şair və yazıçıların kitabları işıq üzü gördü. Qəzet və jurnallar çap olundu. Lakin 1946-cı ildə Milli Hökumət devirilindən sonra irtica dövrü başladı və Azərbaycan türkcəsi daha kəskin şəkildə qadağan olundu.
– Güney Azərbaycan ədəbiyyatının Şimalda öyrənilməsi səviyyəsini necə dəyərləndirərdiniz?
– Təbii ki, məni Güney Azərbaycan ədəbiyyatının Qüzey Azərbaycanda tədqiqatı və öyrənilməsi səviyyəsi qane etmir. Qüzey Azərbaycanda elmi müəssisələrində daha çox Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı öyrənilir. Çox təəssüf başqa şairlərin yaradıcılığına elə də maraq göstərilmir. Şəhriyarın da yalnız türkcə olan yaradıcılığı əsasında elmi-tədqiqat işçləri aparılır. Dəfələrlə vuğulamışam ki, Şəhriyarın fars dilində yaradıcılığı daha geniş araşdırmaya möhtacdır. Çünki türkcə yaradıcılığı kifayət qədər araşdırılıb. Amma farsca zəngin, yüksək sənətkarlıq baxımından yüksək səviyyədə yaradılan bədii isrsi hələ də öz cidi tədqiqatçılarını gözləməkdədir. Bəzi tərcümə olunan mətnlər üzərində iş gedib. Lakin toplu şəkildə, Şəhriyarın bütünlüklə fars dilində yaradıcılığı araşdırma mövzusu olaraq tədqiqata cəlb olunmayıb.
İradə SARIYEVA
Şərhlər bağlıdır.