Biz İran Azərbaycanında son zamanlar cərəyan edən böyük tarixi hadisələrin ən gözəl ifadəsini Təbrizdə demokrat firqənin nəşr etdiyi “Azərbaycan“ qəzeti səhifələrində görə bilərik. Qısa bir zamanda geniş xalq kütlələrinin dərin hüsn-rəğbətini qazanmış bu qəzet ən tərəqqipərvər və ən həqiqi yazarları öz ətrafına toplayaraq hər gün yeni-yeni ictimai problemlər qaldırır, Azərbaycan Demokrat Firqəsinin fikirlərini xalq arasında sürətlə yayır.
Mürtəce və qara qüvvələrin ağlasığmaz zülm və əsarətindən xilas olmuş beş milyonluq Azərbaycan xalqı özünün azadlıq hərəkatı ilə yalnız bir xalqın deyil, eyni zamanda İranda yaşayan bütün məzlum xalqların gözünü açır, onlara öz dostunu və düşmənin tanıdır, onları dünyanın qabaqcıl ölkələri kimi həqiqi demokratiya yolu ilə getməyə çağırır.
“Azərbaycan” qəzeti artıq öz müqəddəratına yiyələnmiş qəhrəman bir xalqın mübariz orqanı olmuşdur. Burada iştirak edən istedadlı yazarlar, əsil demokratlara xas olan qüvvətli bir ehtirasla mürtəcelərin hər növ fitnəkarlıqlarını vaxtı-vaxtında ifşa edirlər. İran Azərbaycanında hər gün böyük ictimai tədbirlər görən Milli Hökumətin hər addımını xalqa izah edir. Xalqın cuşa gəlmiş kin və qəzəbini daha da alovlandırır, onun milli şüur və iradəsini doğru bir istiqamətə yönəldərək hər an sərvaxt və ayıq olmağa çağırır.
Qəzetin 83-cü nömrəsində dərc olunmuş “Xalqımız da dövlətimizlədir” sərlövhəli məqaləsinin müəllifi çox haqlı olaraq göstərir ki, məsələ təkcə milli muxtariyyəti qazanıb dövlətimizi təşkil etməklə qurtarmır. İndi xalqımızın qarşısında daha mühüm, daha məsul vəzifələr durur ki, bu vəzifələrin şərəflə yerinə yetirilməsi də xalqımızın gələcək fədakarlığı və səylərindən asılıdır. Çünki xalqımız uzun illər istismar olunub qul halına salındığından və mədəniyyət sahəsində dünyanın mütərəqqi xalqlarından yüz illərlə geridə qalmış, böyük vətənimizin şəhər və kəndləri xarabazarlığa çevrilmişdir. Doğrudan da əsrlərdən bəri dünya mədəniyyəti və ədəbiyyatı tarixinə qızıl səhifələr yazmış azərbaycanlılar İran zülmkarlarının qanlı pəncəsi altına düşdükdən sonra bütün bu ali nemətlərdən məhrum olmuş, vaxtı ilə öz alimlərinin, memarlarıının, rəssamarının və söz ustalarının dahiyanə əsərləri ilə dünyanı heyran edən şəhərlər istilaçı İran şahlarının, xüsusən alman faşizminin zəncirli köpəyi Rza şahın zamanından etibarən əsrlər qədər geriləmişdir.
“Azərbaycan” qəzeti bu tarixi həqiqəti böyük bir cəsarətlə dünyaya bildirərək istedadlı və igid Azərbaycan xalqının arzu və əməllərini tapdamış xainləri lənətlə damğalayır.
Qəzetin həmin nömrəsində başqa bir müəllif yazır ki, “düşmənlərimizə laqeyd yanaşmamalıyıq, onlar min cür alçaq vasitələrə təşəbbüs göstərib mənafelərini qorumağa can atacaqlar. Fəramuşxananın (İranda “masonluq” və ya “masonçuluq” sözünə bərabər istifadə olunan bir termindir – red.) sadiq üzvü olan cənab Həkimülmülk ömrünün axır nəfəsində İran parlamentində ağlayır və elə xəyal edir ki, əgər başına, üzünə vursa, yenidən Azərbaycanı qul edəcəkdir.
Məqalə müəllifi bu cənabın fitnəkar siyasətini rüsvay etməklə kifayətlənməyərək öz oxucularını Milli Hökumətin ətrafında daha sıx birləşməyə və azadlıq yolunda hər növ fədakarlığa hazır olmağa çağırır.
“Azərbaycan” qəzetinin səhifələrində bütün dünyaya səs salmış dahi sərkərdə Səttarxanın mübarizə tarixini tez-tez xatırladan yazarlar milli muxtariyyət hərəkatının əldə etdiyi nailiyyətləri alqışlamaqla bərabər qeyd edirlər ki, “dövlət hər işdən əvvəl muxtariyyətin təməlini möhkəmləndirib onu saxlayacaqdır”.
Biz Azərbaycanda doğulub Azərbaycanda da öləcəyik. Bizim hər şeyimizi əlimizdən alsalar da, toprağımızı əlimizdən ala bilməyəcəklər.
Çünki bu torpaq üstündə anadan olub, yaşayıb, rüzgarın acı, şirin günlərini keçirmişik. Sonda onun üstündə dünyadan gedəcəyik!….”
Qəzetin bir sıra məqalələrində Azərbaycan xalqının dövlət işlərində nə qədər böyük məharət və istedad göstərdiyi də ayrıca qeyd edilməkdədir. Lakin qəzet həqiqi rəhbər olduğunu bir an belə unutmayaraq, bizim təbir ilə desək, özünütənqidə də xüsusi fikir verir. Bunu, çox kəskin siyasi bir dil ilə baş məqalələr yazan “P” (bu imza S.C.Pişəvəriyə aiddir – S.B.) imzalı müəllifin yazılarında görürük.
97-ci nömrədə “Dövlət işçiləri özlərini itirməsinlər” sərlövhəsi ilə çap olunmuş qiymətli məqalə buna ən parlaq bir misal ola bilər. Müəllif Milli Hökumətdə iş başına keçənlər içərisində öz müqəddəs vəzifələrini unudan və doğru yoldan sapan bəzi şəxsləri xəbərdar edib yazır: “Dövlət işi uşaq oyuncağı deyildir. Yersiz çıxışlar, xalqa təkəbbür və qürur göstərmək, yüngüllük, lovğalıq milli dövləti xalqın nəzərindən sala bilər, özünü göstərib ucuz qiymətə şöhrət qazanmaq istəyən işçilər isə çox asan bir tərzdə özlərini bədnam edib birdən çatdıqları ali məqamdan rüsvayçılıqla və xarlıqla süqut edə və əbədi surətdə bədbəxtliyə düşə bilərlər”.
Milli dövlət məsələlərini son dərəcə düzgün anlayan və onun gələcəyi üçün ürəkdən yanan müəllif xalq ilə dövlət arasındakı möhkəm birliyi pozanlara müraciətlə deyir: “Biz hələ xalqın səadəti yolunda böyük işlər görə bilməmişik. Ona görə xalqa böyüklük satmağa haqlı deyilik. Yalançı pəhləvanlıqdan iş çıxmaz. Hər kəs başını aşağı salıb təvəqqesiz öz vəzifəsini yerinə yetirməlidir”.
Uzağı görən bu müəllif açıq və kəskin tənqiddən qorxmayaraq yenə həmin məqalədə yüksək demokratik prinsiplər üzərində qurulmuş Milli Hökumətin işçilərini sadəliyə, təvazökarlığa, hər an öz məqsəd və vəzifələrini xatırlamağa dəvət edir: “Siz cavan bir dövlətin sərbazlarısınız (əsgərlərisiniz – S.B.). Millət sizi öz xadimi hesab edir, sevir və sizə böyük ümidlər bağlayır. Bunu unutmayın. Onun qabağında əyilin! O sizin böyüyünüzdür. Ona etinasızlıq etməyin. Bizim aramızda özünü itirən adamlar üçün yer yoxdur. Lovğalar, yalançı pəhləvanlar, mövqedən sui-istifadə etmək istəyənlər, firqə və hökumət aparatını şöhrət və məqam qazanmaq üçün alət edənlər demokratik bir rejimdə uzun müddət yaşaya bilməzlər. Bunu bilin, yerişinizi itirməyin, xalqla insan kimi rəftar edin”.
“Azərbaycan” qəzeti xalqın əsl mübariz orqanı kimi dövlət işindəki hər növ əyintilərə və xalq mənafeyinə zidd olan hər növ səhv hərəkətlərə əvvəlcədən işarə etməklə özünün siyasi vəzifəsini şərəflə yerinə yetirir. O yaxşı bilir ki, mənasız təriflər heç bir vaxt fayda verə bilməz, dövlət orqanizminin saflığını qorumaq üçün ən doğru yol səhvləri və qüsurları vaxtında əsaslı surətdə tənqid etmək, xalqı və onun rəhbərlərini ayıq salıb hər cür ehtimala qarşı səfərbərliyə almaqdır.
Əsl qüvvə xalqa arxalanan və onu öz ardınca aparmaq üçün düzgün hərəkət xəttini təqib edən firqə. “Azərbaycan” qəzetinin qısa bir müddətdə böyük nüfuz qazanmasını da məhz bu yolla getməsilə izah etmək lazımdır.
Qəzet xalqın ehtiyaclarını və tələblərini bir an belə unutmur, ziyalılar Milli Hökumət nümayəndələrini təbrik etməklə yanaşı olaraq onlardan bir sıra ciddi tədbirlər görməyi də tələb edirlər. Misal üçün, Maarif naziri Məhəmməd Biriyaya göndərdikləri məktubda Təbriz teatrının işçiləri yazırlar ki, “siz cənab Pişəvərinin yaxından rəhbərliyi və özünüzün cidd-cəhdiniz sayəsində geridə qalmış milli maarif, mədəniyyət və incəsənətimizin inkişaf edib çiçəklənməsi uğrunda xalqımızın tələb və ehtiyaclarını müvəffəqiyyətlə yerinə yetirəcəksiniz”.
Milli Hökumətin bütün heyəti İran Azərbaycanında xalq maarifinin təxirə salınmaz məsələləri ilə ciddi surətdə məşğul olmaqdadır. Ayrı cürə də ola bilməz. Yad bir dildə oxuyub yazmağa məcbur edilən böyük bir xalq bu gün azadlıq əldə edib öz ana dilinin gözəl imkanlarından istifadə etməyə başlamışdır. Maarif və mədəniyyət yüksəlmədikcə ölkənin böyük sərvətlərini mənimsəmək olmaz. Xalqı başdan-başa savadlandırmadıqca onun siyasi şüurunu istənilən səviyyəyə qaldırmaq mümkün deyildir. Xalq dövlətində bütün xalq yalnız savadlandığı zaman layiqli surətdə iştirak edə bilər.
“Azərbaycan” qəzeti hər nömrəsində bu məsələyə xüsusi diqqət yetirir. Məktəb və maarif işlərinin həlli bir gün belə təxirə salına bilməz. Milli Hökumət Pişəvərinin bilavasitə rəhbərliyi ilə bir sıra dekretlər vermişdir. Burada milli universitet məsələsi xüsusi yer tutur.
“Azərbaycan” qəzeti xalqda oyanmış həqiqi milli şüurun qüvvətlənməsində və bütün tədbirlərinin tezliklə həyata keçməsində daha böyük işlər görəcəkdir.
“Azərbaycanlı”
(yazı Bakıda nəşr olunan “Kommunist” qəzetəsinin 7204-cü nömrəsindən alınmışdır)
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 120, 07.02.1946
Şərhlər bağlıdır.