AZƏRBAYCAN TARİXİNİN BU GÜNÜ (14 MART 1946-CI IL):

YENƏ DƏ UCUZLUQ MƏSƏLƏSİ HAQQINDA

Qiymətləri endirmək, ucuzluğu təmin etmək, ölkənin yaşayış xərcini müharibədən əvvəlki səviyyəyə yetirmək Milli Hökuməti hamıdan artıq məşğul edən mövzuların başında yer tutur.

Əsasən ucuzluq məsələsi xalqımızı da düşündürən əsaslı məsələlərdən birisidir. İki-üç nömrə bundan əvvəl verdiyimiz bir baş məqalədə dövlətin bu xüsusda gördüyü tədbirlərdən bəhs etmiş və orada məxsusən dövlət tətəfindən açılmış mağazalara və o mağazalarda ucuz qiymətlə satılan mallara işarə edilmişdir.

Bu mağazaların açılması yalnız Təbrizlə məhdudlaşmır. Milli Hökumətimiz bütün şəhərlərdə, qəsəbələrdə İqtisadiyyat Nazirliyinə bu kimi mağazaları təsis etməsi barədə göstəriş vermişdir.

Milli Hökumətimiz bu mağazaların açılması ilə kifayətlənməyib görülən tədbirlərin daha da təsirli olması üçün daha yeni bir addım atmışdır.

Milli Hökumətin aldığı qərara görə bu aydan etibarən bütün dövlət məmurlarının əmək haqlarının üçdə biri nisbətində onlara pul əvəzinə dövlət büdcəsi çekləri veriləcəkdir. Bu çeklərin müqabilində dövlət mağazalarında satılan mallar 10% güzəştlə veriləcəkdir.

Görülən tədbirlərin birinci növbədə dövlət məmurlarının yaşayış şəraitinin yüngülləşdirilməsində böyük rol oynayacağı və ikinci növbədə bazarda satılan mallarla daha ciddi bir rəqabət yaratmaqla ümumilikdə malların ucuzlaşmasına və yaşayış xərcinin aşağı düşməsinə kömək edəcəyi şübhəsizdir.

Bundan başqa, bayram qabağı olduğu və yeni ilin başlanması münasibətilə xalqa kömək etmək və xərclərin ağırlığını əskiltmək (azaltmaq – red.) məqsədilə dövlət mağazalarında satılan malların qiymətinin endirilməsi barədə göstəriş verilmişdir.

Aldığımız məlumata görə mağazalarda satılan parçaların qiymətində 10%, qəndin kilosunda 2 qran (riyal – red.), şəkərin kilosunda 3 qran və çay məmulatlarının da qiymətlərində güzəştlər edilmişdir.

Beləliklə, Milli Hökumətin özünün xalq hökuməti olduğunu, xalqın ehtiyaclarını yaxşı başa düşüb, yaxşı da qarşıladığını aydın və aşkar göstərir. Mürtəce və xain Tehran hökumətlərinin zamanında aylarla parça və şəkər üzünə həsrət qalan və illər boyu qəndin rəngini görməyən xalqımız Milli Hökumətin bu ümumi və təsirli tədbirlərinə çox yaxşı qiymət verə biləcəkdir. Çünki indi Azərbaycan hökuməti yaşayışı, rahatlığı və asayişi tək bir şəhər və bir məntəqədən ötəri deyil, eyni zamanda bütün Azərbaycan, bütünqəsəbələr və kəndlər üçün etməkdədir.

Xain Tehran hökumətləri kimi bizim xalq hökumətimizin tədbirləri və planları yalnız mərkəzə aid qalmayacaqdır və qalmır. Xalqın içərisindən çıxmış və millətin bütün təbəqələrini təmsilçiləri olan, bütün Azərbaycanda yaşayanların illər boyu çəkdikləri işgəncələrə və gördükləri müsibətlərə dərindən tanış olan firqəmiz və onun yaratdığı Milli Hökumətimiz atdığı hər addımda, gördüyü hər tədbirdə və qəbul etdiyi hər qərarda 5 milyonluq bir xalqın səadətindən başqa heç bir şey düşünmür.

Bu tədbir isə xalqın asayişi uğrunda qəbul olunan tədbirlərin təsirli və görkəmlilərindən birisi hesab edilsə, gərəklidir.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, № 149, 14 marta 1946-cı il.
Təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.