ƏNDAZƏNI AŞAN İRAN HAKİMİYYƏTİ İSTERİK VƏZİYYƏTDƏ OLDUĞUNU SÜBUT EDIR – EKSPERT

İran Xarici İşlər Nazirliyi ölkəmizin kütləvi informasiya vasitələrində bu ölkə əleyhinə təhqiredici hərəkətlərə görə Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Hətta buna görə kompensasiya da tələb edilib. Təbii ki, bunlar tamamilə əsassız və ikrah doğuran iddialardır. Əvvəla, beynəlxalq təcrübəyə, diplomatik protokola əsasən adətən notalar Xarici İşlər nazirliklərinə iş günlərində təqdim edilir. Qeyri-iş günü XİN-ə etiraz notası təqdim etməklə rəsmi Tehran bu adəti də pozub. Azərbaycan mediasında İranla bağlı dərc edilən, təqdim olunan yazı və materiallar isə yalnız həmin media orqanlarının fikirlərini deyil, bütövlükdə cəmiyyətimizin ümumi rəyini ifadə edir. Molla rejimi ictimai rəydə İranla bağlı formalaşmış neqativ rəyə təəccüblənməməli, ilk növbədə, ölkəmizə qarşı həyata keçirdiyi qərəzli, ədalətsiz, milli maraqlarımıza qarşı yönəlmiş siyasətinə nəzər salmalıdır. İran hakimiyyəti yürütdüyü bu siyasəti dəyişmədən və yaxud ən az korrektə etmədən özlərinə qarşı müsbət münasibət gözləməsinlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli söyləyib.

Ekspert bildirib ki, ölkəmizin müstəqilliyinə, ərazi bütövlüyünə, dövlətçiliyinə qarşı açıq çağırışlar edən İranın Azərbaycan mətbuatında vətəndaşların, siyasətçilərin, mütəxəssislərin bununla bağlı mənfi rəylərinin yer almasına aqressiv yanaşması absurddur və gülüş doğurur. Hətta bir qədər də irəli gedərək Azərbaycan mətbuatında dərc olunan yazılara görə kompensasiya tələb etmək necə deyərlər əndazəni, bütün hədləri aşmaqdır. Belə həddi aşan məntiqsiz mövqe nümayiş etdirməklə İran hakimiyyəti həm də isterik vəziyyətdə olduğunu sübut edir.

“Rəsmi Tehranın nəzərə almalı olduğu digər vacib məqam odur ki, bu günlərdə mətbuatımızda İran əleyhinə müşahidə olunanlar İran rəsmilərinin, SEPAH generallarının anti-Azərbaycan açıqlamalarına, media orqanlarının ölkəmizə qarşı apardığı kampaniyaya cavabdır. Məsələn, İranın rəsmi dövlət kanalı olan “Səhər TV” telekanalı davamlı olaraq Azərbaycanı təhqir edən böhtan xarakterli məlumatlar verir, “təhlillər” yayır. Aydın məsələdir ki, bütün bunların arxasında İran xüsusi xidmət orqanları dayanır. Vətəninə bağlı, ölkəsinin maraqlarını hər şeydən üstün tutan Azərbaycan mediası bütün bu baş verənlərə laqeyd qala bilməz. Hesab edirəm ki, Azərbaycana qarşı yönələn təhdidlərə, böhtanlara, təzyiqlərə mediamız layiqincə cavab verib və verməkdə də davam edəcək”.

Xalq Qəzeti

Şərhlər bağlıdır.