XAMENEYİNİN AÇIQLAMASI İRANDA ETİRAZA SƏBƏB OLDU

İranlı tələbələr ötən həftə mübahisəli məsələlərlə bağlı referendumun keçirilməsi ideyasını rədd etdiyi çıxışından sonra İranın dini lideri Əli Xamneyiyə etiraz ediblər.

Azerbayca-ruzamesi.org İsrailin “Yerusəlim Post” qəzetinə istinadla xəbər verir ki, Xameneyi çıxışında tələbələrdən birinin referendumu dəstəkləyən açıqlamasına toxunub.

Xameneyi bunu tələb edən digər insanlara belə bir ritorik sual verib:

“Deyirlər ki, əvvəldən gündəmə gələn bütün məsələlərlə bağlı referendum keçirsəydiniz, referendumla bağlı o qədər həssas durum yaranmazdı. Dünyanın harasında bunu edirlər? Ölkənin hər məsələsi referenduma çıxarılırmı? Referendumda iştirak etməli olan və iştirak edəcək insanların hamısı o məsələni təhlil edə bilirmi?”

İranın dini lideri əlavə edib: “Ümumiyyətlə, bir məsələni referenduma çıxarmaq üçün bir ölkə altı ay ərzində müzakirə və qütbləşməyə cəlb olunur. Hər məsələ ilə bağlı referendum keçirməlidirmi? Yəni məsələ bu qədər asan deyil”.

Xameneyi tələbələri “tələskən” olmamağa, “yerli məsələləri ümumiləşdirməməyə” çağırıb: “Bəzən ölkənin bir guşəsində hadisə baş verir, hansısa tələbə təşkilatı gəlir ki, bunu ümummilli məsələyə çevirsin, bu səhvdir. Bu, ölkənin ziyanınadır”.

Dini liderin son aylarda İranı bürümüş ümumxalq nümayişlərinin çoxunun universitet şəhərciklərində və məktəblərdə baş verdiyini nəzərdə tutub-tutmadağı bəlli deyil.

Xameneyi əlavə olaraq İranın “düşmən”lərini və “bədxah media”nı iranlıları bədbinləşdirməkdə günahlandırıb: “Bu gün düşmənin planı bizi bədbinləşdirməkdir”.

“BBC Farsca” xəbər verir ki, çıxışı zamanı bir tələbə ayağa qalxıb qışqıraraq Xamneyiyə etiraz edib: “Şəffaflıqdan danışırsınız, amma hər gün insanların başına pis olaylar gəlir”.

Xameneyi “vaxt bitdi” dedikdən sonra bir qrup tələbə ayağa qalxaraq ona etiraz etməyə başlayıb. Xameneyi yenidən danışmağa çalışıb, amma tələbələr tərəfindən sözü dəfələrlə kəsilib.

Xamneyinin açıqlaması sosial şəbəkələrdə və müxalifətə bağlı media orqanlarında hiddət doğurub. Rejim əleyhdarları Xameneyinin başçılıq etdiyi İslam Respublikasının 1979-cu ildə referendumla qurulduğunu deyirlər.

Çıxışdan sonra Universitet Müəllimləri İslam Assosiasiyası Xameneyini referendumla bağlı bəyanatlarını düzəltməyə və İranda referendum hazırlığını təmin etməyə çağırıb. Assosiasiya Xameneyinin mesajlarını “konstitusiyaya, xalqa əsaslanan idarəçiliyə və respublika quruluşuna təhqir” adlandırıb.

Şərhlər bağlıdır.