BERLİN “AZADLIQ, ƏDALƏT, MİLLİ HÖKUMƏT” MİTİNQİ KOORDİNASİYA MƏRKƏZİNİN 2-Cİ BƏYANATI

20 Mayda dünya bir daha İran adlanan ölkədə yaşayan Türk Millətlərinin (Güney Azərbaycan, Qaşqayi, Türkmən Səhra və Xorasan) və bu ölkənin bütün ədalət axtaran insanlarının səsini eşidəcək!

Azad dünya vicdanları;

25 mart 2023-cü il tarixində Belçikanın Brüssel şəhəri İranda yaşayan Türk millətlərinin (Güney Azərbaycan, Qaşqayi, Türkmən Səhra və Xorasan) bənzərsiz iradə və birlik nümayişinin şahidi oldu. Bu tarixi gündə Avropada yaşayan İranın Türk kökənli vətəndaşları (Güney Azərbaycan, Qaşqayi, Türkmən Səhra və Xorasan) nümunəvi birlik və koordinasiya ilə millətimizə olan zülmünü və millətimizin haqq səsini uca səslə dünyaya eşitdirə bildilər.

Amma hamının bildiyi kimi, İranın qəddar və orta əsr rejimi hələ də təkcə bizim millətimizə deyil, Yaxın Şərqin əksər xalqlarına qarşı hər cür zülmü davam etdirir. Biz hər gün millətlərimizin yoxsulluqdan, işsizlikdən, maliyyə və inzibati korrupsiyadan, yüksək qiymətlərdən, hər cür iqtisadi və dolanışıq təzyiqlərindən əziyyət çəkdiyinin şahidi oluruq. Uşaqlar, qadınlar, qızlar, fəhlələr, dövlət qulluqçuları, təqaüdçülər və cəmiyyətin bütün təbəqələri və nümayəndələri bu rejimin zülmündən amanda deyillər və bu zülmləri hər gün dəriləri və əti ilə hiss edirlər. İş o yerə çatıb ki, cəmiyyətin ən məsum və müdafiəsiz təbəqəsi, yəni qız tələbələr aylardır rejim agentlərinin kor-koranə kimyəvi hücumlarının hədəfinə çevrilib və etiraz edən vətəndaşları bir neçə həftə ərzində edam edən rejim, bununla bağlı heç bir tədbir addımı atmayıb. Təbiətimiz, xüsusən də Urmu gölü hələ də ölmək halında, mədənlərimiz, meşələrimiz talan olunur.

Bütün bunlar bir yana qalsın, İran İslam Respublikası rejimi Azərbaycanı siyasət aləmində açıq şəkildə öz düşməni elan edib və elə bir gün yoxdur ki, istər Azərbaycanın cənubunda istər şimalında bu rejimin düşmənçilik hərəkətlərinin şahidi olmayaq. Güney Azərbaycanın batı bölgəsi, Zəngəzur və Qarabağ İran İslam Respublikası rejiminin Azərbaycana qarşı fitnə-fəsadının əsas hədəfləridir.

Təbii ki, ölkə daxilində məzlum millətlərin mübarizələrinin müxtəlif formalarda davam etdiyi bir şəraitdə Avropada yaşayan biz Türklər (Güney Azərbaycan, Qaşqayi, Türkmən Səhra və Xorasan) martın 25-də Brüsseldə başladığımız etiraz hərəkətini davam etməyi özümüzə borc bilirik. Gəlin bu etiraz hərəkətini daha böyük iradə ilə davam edək ki, rejim ölkə daxilində millətimizin səsini boğa bilməsin. Təbii ki bunun üçün də millətimizin ayrı-seçkiliyə və irqçiliyə qarşı ən böyük etirazı olan 2006 may etirazları (xurdad ayaqlanması) ildönümündən daha yaxşı gün ola bilməz. Gəlin may (xurdad) ayını millətimizin azadlıq və hüquq mübarizəsi tarixində yeni bir dastana çevirək. 2006 ili kimi, 2023 ili may (xurdad) ayını İrandakı haqsızlıq, zülm, ayrı-seçkilik və haqsızlıq rejiminin kabus gününə çevirək.

Odur ki, biz Avropada yaşayan bütün Türkləri (Güney Azərbaycan, Qaşqayi, Türkmən Səhra və Xorasan), eləcə də Quzey Azərbaycanlı və Türkiyəli bacı qardaşlarımızı və İran İslam Respublikası rejiminin zülmündən xilas olmaq istəyən bütün azad insanları 20 may Berlin “Azadlıq, Ədalət, Milli Hökumət” mitinqinə dəvət edirik, ki millətimizin haqq səsini dünyada ən yüksək səviyyəyə qaldıraq.

20 May Berlin “Azadlıq, Ədalət, Milli Hökumət” mitinqi koordinasiya mərkəzi.

Şərhlər bağlıdır.