İRANIN HAMBURQDAKI KONSULLUĞUNUN QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

İran İslam Respublikasının Almaniyanın Hamburq şəhərindəki konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.

Azerbaycan-ruznamesi.org “Report”un Avropa bürosuna istinadla xəbər verir ki, aksiyada hazırda Almaniyada mühacir həyatı yaşayan azərbaycanlılar da fəal iştirak ediblər.

Aksiyanın təşkilatçılarından olan Fərhad Məcidzadə bildirib ki, məqsədləri İranda aktivistlərin edamını durdurmaq, siyasi fəallara qarşı olan işgəncələri dünya ictimaiyyətinə çatdırmaqdır:

“Təəssüflər olsun ki, dünya İranda “molla rejimi”nə qarşı olan etirazları görmür. Bizim on minlərlə insanımız hazırda zindandadır. Nə qədər aktivist edam olunub. İran hakimiyyəti tutduğu yoldan dönmür. Hesab edirik ki, İran hakimiyyətinə qarşı beynəlxaq qınaq yetərincə deyil”.

Azərbaycanlı aktivist qeyd edib ki, tələbləri İran hakimiyyətinin edamları durdurması, insan haqları, xüsusilə qadın haqlarını təmin etməsi, ona sayqılı olmasıdır:

“Aksiyamıza İranın dörd bir tərəfindən olan və hazırda Almaniyada mühacir həyatı yaşamaq məcburiyyətində qalan soydaşlarımız da qatılıb. Qəddar rejimin hakimiyyətdən getməsinə qədər bu tip aksiyaları başqa Avropa şəhərlərində də davam etdirəcəyik”.

İran konsulluğunun qarşısında keçirilən aksiyanın sonunda iştirakçıların farsca və almanca birgə bəyanatı oxunub.

Şərhlər bağlıdır.