GÜNEY AZƏRBAYCANDA MİLLİ KİTABLARIN “SOYQIRIMI”

Güney Azərbaycanda 1946-cı il dekabr ayının 17-də baş verən mədəni soyqırım “yandırılmış kitablar günü” adı ilə xatırlanır. Dünya elmi infarmasiya dövriyyəsində, eləcə də sosial və kulturolojı dairələrdə çox az xatırlanan bu hadisəni təhlil etməyə ehtiyac var.

İran şahlıq rejiminin (Pəhləvilər sü­laləsi) təzyiqindən və səriştəsizliyindən boğaza yığılmış xalq milli hakimiyyətini təsis etdi və milli dəyərlər çərçivəsində həyatını qurmağa başladı. İkinci Dünya muhaibəsinin nəticələri ilə dünyada və bölgədə daha da demokratikləşmə ümi­dində olan xalq 1946-cı ildə İran şah rejiminin hərbi hücumuna məruz qaldı. Qısa müddətdə minlərlə insan öldü­rüldü, on minlərlə soydaşımız ölkədən mühacirət etdi, bir o qədəri də sürgün edildi. Bu barədə tarixi sənədlərdə çox sayda məlumat verilir.

Lakin 1946-cı il dekabr ayının 17-də, Azərbaycanda demokratik dövlət quru­luşunun dagıdılmasından 4 gün sonra İran rəsmi dairələri kütləvi şəkildə ki­tab məhsullarının yandırılması aktları keçirməyə başladı. Azərbaycan dilin­də bütün növ kitablar, bədii ədəbiyyat, məktəb dərslikləri, mətbuat nümunələri, üzərində Azərbaycan dilində yazılmış hər bir kağız, sənəd yandırıldı. Bu işi rəsmi dövlət orqanları nəinki gizli et­mirdi, hətda kütləvi tədbirlər keçirilirdi, məktəblərdə kiçik yaşlı uşaqları öz ana dilində olan kitablarını gətirmək və küt­ləvi mərasimlərdə yandırmaga məcbur edirdilər.

Azərbaycanda kitabların yandırıl­ması zamanı türk mətbəələrinə də hü­cum edildi. Nümunə üçün göstərək ki, Ərdəbildəki Jodət Çap Evi ordu və şah ordusu tərəfindən talan edildi və yandı­rıldı.”Atəş” qəzeti yazirdı: “ Bəzi insan­lar polisə hücum edərək polisləri, digər bir neçə qurbanlarla birlikdə öldürdülər və Sarı İsmayılı və Ustad Vəli Salmanini də eyni gündə qətlə yetirdilər. Sonra Jo­dətin mətbəəsini yandırdılar və Şah­bazini də tutub öldürdülər”.

26 yaşında “dünyanın siyasi qüvvələri”nin hakimiyyətə gətirdiyi İran şahı Məhəmməd Rza Pəhləvi Cənubi Azərbaycanda milli azadlıq hərəkatını “qanla bogmaq” istəyini kitabların kütlə­vi soyqırımı ilə davam etdirdi. Bu van­dallıq milli-mədəni soyqırım aktı olaraq həyata keçirildi. Növbəti addım olaraq milli dildə danışmaq qadağan edildi, milli kimliyin aşağılanması və təhqir olunması təşviq edildi, milli “ad”, topo­nim, poeziya, folklor, musiqi qadagan olunmağa başlandı.

Paris sülh konfransına ünvanlanmış “Yandırılan kitablar” şerini Azərbayca­nın xalq şairi Səməd Vurğun Cənubi Azərbaycanda baş vermiş “kitab geno­sidinə” həsr etdiyi zaman dünyanın “güc mərkəzləri” dünya sərhədlərinin bölüş­dürülməsi ilə məşgul idi. Şair irticaya mürəciətlə deyirdi:

Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar,

Min kamalın şöhrətidir, min ürəyin arzusu…

Biz köçürük bu dünyadan, onlar qalır yadigar,

Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu,

Min kamalın şöhrətidir, min ürəyin arzusu…

Lakin yandırılan kitabların çox say­da nüsxələri Vətənin fədakar övladları tərəfindən düşmən nəzərlərdən qoru­nub saxlandı. Kimi onları həyətdəki qı­zılgül kollarının dibində basdırdı, kimi gündəlik paltarının arasında saxladı, kimi anbarda odun laylarında, kimi kö­mür çəlləklərində, kimi zirzəmidə, kimi də divar hörgüsündə gizlətdi.

Bu hadisələr IV əsrin birinci yarısın­da, Roma impertoru Konstantinin xristi­anlıqda etdiyi islahatdan sonda “Bibliya” nüsxələrinin qorunmasını xatırladır. La­kin, o zaman kitablar “milli mənsubiyyə­tinə” görə təqib olunmamışdı. Qin Shi Huang isə eramızdan əvvəl 221-ci ildə kitabların kütləvi yandırılması ilə yadda qalıb. Çin hökmdarı yalnız Kanfusiçilə­rin kitablarını yandırırdı və öz düşüncə­sində ideolojı mübarizə aparırdı. Daha sonra katolik və pravoslav kilsələrinin, yəhudilik və buddizmin rəhbərləri də bu üsula əl atıblar. Kilsələrin kitaba olan müxalifəti yalnız ideolojı olaraq qiymət­ləndirilə bilər. Çünki, Vatikan kitabxa­nasında milli xüsusiyyətlərlə kitablar repressiyaya məruz qalmamışdır və bir sıra kitabların hətta oxunması mümkün olmadığı halda kitabxanada saxlanmış­dır.

Kitaba barbar münasibətin ən bariz nümunəsi mədəni və müasir Av­ropada – 1934-cü ildə Berlində Opera meydanında nasistlər tərəfindən kitab­ların yandırılmasıdır. Nasist Almaniya­sının hakimiyyət orqanları nasional-so­sializm ideologiyasına uyğun gəlməyən kitabları nümayişkaranə şəkildə yan­dırmaq kampaniyası həyata keçiriblər. Yanğınların icraçısı Almaniya Tələbə İttifaqı olub. Aksiya zamanı tələbələr, professorlar və nasist partiyasının yerli liderləri Almaniyanın 70 şəhərində on minlərlə kitabı kütləvi şəkildə yandı­rıblar. Bu hadisənin təhlili də göstərir ki, nasistlər kitabı milli mənsubiyyətinə görə deyil, ideolojı xüsusiyyətinə görə seçirdilər və milli olaraq bir başa özlə­rinə aid olan kitabları yandırırdılar.

1992–1993-cü illərdə Azərbayca­nın Qarabağ bölgəsinin işğalı zamanı erməni vandalları tərəfindən ilk öncə 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana, o cümlədən, Şuşada 32 kitabxana, bu kitabxanalarda saxlanı­lan unikal, qədim kitablar, Kəlbəcərdə 120 kitabxana, Füzulidə 90 kitabxana, Cəbrayılda 31 kitabxana, Zəngilanda 70 kitabxana, Ağdərədə 65 kitabxana, Laçında 119 kitabxana, Qubadlıda 85 kitabxana, Xocalıda 69 kitabxana, Ağ­damda 107 kitabxana və burada toplan­mış 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhz milli mənsubiyyətinə görə yandırılaraq məhv edilmişdir.

Erməni faşistləri ilə İran fars şovinist­lərini din ayrı qardaşlara çevirən amillər­dən biri də məhz bi mədəni vandalizmdir. Lakin tarix bu vandalizmi nəinki lənətlə­yir, həm də onun əvəzini çıxır. Zaman gəlir ki, yandırılan kitablar yenidən can­lanır. Göyərir. Nəşr edilib yayılır.

Xatırladaq ki, İran Pəhləvi rejimi­nin kitab soyqırımından 35 il sonra orta məktəblərin ilk beş sinfində tədris olunmaq üçün vaxtilə çap edilmiş dərs­liklərdən “Ana dili” kitablarını görkəmli ədibiyyat xadimi Məmmədəli Fərzanə Tehran şəhərində yenidən çap etdirdi. Buna baxmayaraq, yenə də Azərbay­can məktəbliləri “Ana dili” dərsliklərini ala bilmədilər və ana dili dərslərinə edil­miş “faşist qadağaları” ölkədə davam etdirildi.

Bu hadisələrin mahiyyəti dəhşətli ol­duğu halda “mədəni dünya”nın düşüncə adamları heç bir reaksiya vermədilər və bu hadisələr sonrakı illərdə dünyanın digər kitab repressiyaları ilə eyniləşdi­rildi.

Pərviz KAZIMİ,
Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru

Şərhlər bağlıdır.