ƏRDƏBİLİM
(Əli Tudənin 100 illiyinə həsr olunur)
O tayın da, bu tayın da adı Vətən,
Qanqalların arasında gül bitirən,
Bülbülləri ağı üstə dil-dil ötən,
O da Vətən, bu da Vətən,–
Ərdəbilim,
Babam deyib, o taylıyam,
Doğulduğum, böyüdüyüm o yerlərdə
qalıb izim.
Bu izləri öpmək üçün
Atam gəzib xəyalında
dizin-dizin, Ərdəbilim.
Ayrılığı fəryadını
ilmə-ilmə ürəyimə toxudular.
Bu həsrətin nəğməsini
yanıqlı bir həzin səslə
yaddaşıma oxudular,
Ərdəbilim.
Dedilər ki, bu həsrətdi,
ayrılıqdı, fəlakətdi,
bu nifrətdi.
Necə oldu canı candan,
qanı qandan ayırdılar,
paralayıb, parçalayıb, dağıtdılar?
Əsir düşdü doğma elim,
yasaq oldu doğma dilim,
Ərdəbilim.
Millətimə qara günün libasını
geydirdilər.
Acını da, nifrəti də noğul kimi
yedirtdilər.
Həqiqəti gözlərinin qabağında
edam edib,
yalanları beyinlərə yeritdilər.
«Buna necə dözüm», – dedim, Ərdəbilim.
Heç durulan gördünmü sən
xan Arazi?
Əsrlərdi belə ötür qışı, yazı.
Qafillərə xəncər oldu telli sazı.
Dindi dil-dil şirin dilim, Ərdəbilim,
Gördüyünü, bildiyini söylədikcə
Xudafərin daşa dönmüş ürəyinə,
Ümidlərim bağlanıbdı
vaxtsız solmuş diləyimə.
Yaddaşımı yandırıblar,
qalıb külüm, Ərdəbilim.
Arazım axa-axa,
Qanlı ǝl, qanlı yaxa.
Gör necə ayırdılar.
Gözümüz baxa-baxa.
Araz axar, lillənər.
Qapılar kilidlənər.
Kim açsa bu yolları,
Araz coşar, sellənər,
Ayrılığı salanları,
Gözü yolda qalanları,
Uydurulan yalanları,
Xan Arazdan soruş bilim,
Ərdəbilim.
Babamın həsrət yanğısı,
Yaddaşının sızıltısı,
Dodağının pıçıltısı
Ərdəbilim, Ərdəbilim, Ərdəbilim
Nəzakət Məmmədova
Şərhlər bağlıdır.