Xəbər verildiyi kimi, mərkəzi qərargahı Almaniyada olan “Hizbi Tudeyi İran” partiyasının açıq mətbuat orqanında Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsini bədxahlıqla qarşılayan qərəzli yazıda əksini tapmış böhtan və xəyanətkar mövqe ilə bağlı Azərbaycan Demokrat Firqəsi Siyasi Heyəti bəyanat yayıb. Sənəddə bildirilir:
– İran Xalq Partiyası adlandırılan “Hizbi Tudeyi İran”, əslində, xalqla heç bir əlaqəsi və bağlılığı olmayan, heç bir sosial təbəqəni təmsil etməyən bir qrup marginal insanlardan ibarət icmadır. Bu icmanın kimə qulluq etdiyi haqqında müxtəlif fikirlər var və ilk baxışdan müəyyənləşdirmək çətindir. Bu siyasi qurum bir vaxtlar İran İslam Respublikası üçün “risalə” yazması, eyni zamanda Kommunist partiyasının ilkin mənbələrini fars dilinə tərcümə etməsi, fəhlə sinfi olmayan ölkədə proletariat diktaturası yaratmaq şuarları ilə İran siyasi tarixində özünə yer edib.
Azərbaycan Demokrat Firqəsi İran siyasi həyatının müxtəlif aktorları ilə fərqli tarixi mərhələlərdə əməkdaşlıq erdiyindən “Tudə” partiyasını da dərindən tanıyır və onun hansı “məzhəb”ə qulluq etdiyini də yaxşı bilir. Məhz bu səbəbdən xəyanətkar “Tudə”nin təxribat məqsədli bəyanatlarına cavab vermək ADF-nin üzərinə düşür.
Bəyanatda bildirilir ki, İran Xalq Partiyasının “Name-ye Mərdom” qəzetin 9 oktyabr 2023-cü il tarixli sayında çap olunmuş “Dağlıq Qarabağın süqutu” adlı məqalədə Avropada oturub İranda baş verən xalq hərəkatını biganəliklə müşahidə edən partiya rəhbərlərinin uzunmüddətli susqunluqdan sonra qızğın erməni təəssübükeşliyi ifadə olunub. Onlar Qərbdəki ağalarının tapşırığını itaətkarlıqla yerinə yetirərək Dağlıq Qarabağın süqutuna dərindən heyfslənir, açıq-aşkar ağlaşma qururlar.
ADP-nin bəyanatında daha sonra qeyd edilir ki, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı səsini çıxarmayan bu əqidəsiz marginal qrup indi insan haqlarından danışır. Özünü İran xalqının partiyası kimi qələmə verən siyasi riyakarlar dəstəsi bu ölkədə yaşayan xalqlara edilən zülmdən, davam edən siyasi repressiyalardan, qətl və edamlardan yazmaq əvəzinə, Azərbaycanın ərazisinin 20 faiznini işğal edib xarabazara döndərmiş, 1 milyon azərbaycanlını yurdundan qovub qaçqın-köçkünə çevirmiş erməni təcavüzkarlığına. onun oyuncaq ruporu olmuş “Xankəndi xuntası”nın süqutuna göz yaşı tökür.
Bəyanatda “Bu, 2020-ci ilin noyabrında imzalanmış müqavilənin kobud və həyasızcasına pozulması idi” böhtanına cavab olar bildirilir: “Bu bədbəxt tudəçilər 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın mahiyyətini anlamayaraq onu “müqavilə” kimi qələmə verirlər. Onlara xatırladırıq ki, bu, bərabər tərəflərin sülh müqaviləsi deyildi.Həmin sənəd Ermənistanın müharibədə təslim olması barədə akt – bəyanat, siyasi məlumat idi. Ermənilər daha artıq “qırılmasınlar” deyə Azərbaycan dövləti onlara fürsət verdi ki, ölkədən rədd olub getsinlər. Belə bir addımı yalnız böyük və humanist bir xalq ata bilərdi. Azərbaycan məhz belə bir xalq olaraq hər addımında öz insanpərvərliyini göstərdi”.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana yardım etmədiyini” təəssüflə bildirən tudəçilərə ADP-nin cababı belədir:
– Bu adamlar anlamaq istəmir ki, baş verən hadisələr Azərbaycanın suveren ərazilərində cərəyan edir. Odur ki, tarixi təcrübədən onlar bilməlidirlər ki, Azərbaycan böyük bəlaları çox görüb, hər dəfə xalqın böyük sərkərdələri qarşıya çıxıb və xalqı bu bəlalardan qurtarıb. Bu dəfə də belə oldu. Xalq öz sərkərdəsinə iman etdi, Sərkərdə isə xalqa söykənib Müzəffər Oldu, Qalib Gəldi.
“Tudə” partiyasının adından çıxış etdiyi xalqların, eləcə də ölkənin ən böyük əhalisi olan azərbaycanlıların maraqlarına heç vaxt xidmət etmədiyinin vurğulandığı bəyanatda deyilir:
– Yarandığı 1941-ci ildən bir qrup mənşəyi şübhəli şəxslərdən biri – babası axund olmuş, atası babasından imtina etmiş molla oğlu bu partiyanın rəhbəri oldu. Qacar nəslindən olan, türkcə danışmağı ayıb hesab edən şəxslər tərəfindən yaradılmış bu təşkilat ilk gündən təxribatla məşğul olmuş və Güney Azərbaycan milli hərəkatına mümkün olan bütün düşmənçilikləri etmişdir. Onlar kommunist adını da sonralar özlərinə əlavə etdilər. Sovet hakimiyyətinin himayəsi altına keçmək üçün onlara “communist” olmaq lazım idi.
Bu şarlatanlar sadə adamların dünyagörüşünü zəhərləyərək ağı qaraya qarışdırıb, xalqı çaş-baş salıb, oğulu atanın üzünə qoyublar. Bu təşkilatda bir qrup erməniəsilli türk düşməni də yuva salıb. Həmin casuslar təhlükə yarananda ustalıqla aradan çıxıblar, bir müddətdən sonra yenidən partiya funksioneri kimi Avropada peyda olublar.
Son vaxtlar ermənilərdən artıq ermənilik edən fransızlardan da çox erməni olmağa çalışan bu tudəçilər görün nə yazırlar: “Bütün bunların cəmi “etnik təmizləmə” anlayışına daxil edilmirsə, o zaman etnik təmizləmə nədir?”
Yaşadığı ölkəyə qarşı hərbi-siyasi cinayətlərdə əli olan, bu ölkənin qanunlarını qəbul etməyib daha yaxşı həyat axtarmaq məqsədi Azərbaycanı öz xoşu və dinc şəraitdə tərk edən insanların hətəkəti nə vaxtdan etnik təmizləmə hesab edilir? Əgər Ermənistanda yaşamaq yaxşıdırsa, siz niyə Almaniyanın səxavətinə sığınmısınız? Ermənistana olan məhəbbətiniz niyə sizi Ermənistanda məskunlaşmağı sovq etmir? Azərbaycanı tərk edən ermənilər də sizin kimi daha isti yava axtaranlar, özlərini saxavətli ağalar tapmaq istəyində olanlardır.
ADP-nin bəyanatının sonunda göstərilir ki, tudəçiləri Azərbaycanı ittiham etməyə məcbur edən təkcə Qərdəki ağalarının erməni təcavüzkarlığın süquta uğramasındın duyduqları narahatlıq deyil. “Tudə”nin bu xəyanətkarlığının əsasında İrandan onlara gizli tapşırıqlar verənlərin Təbrizdə, Ərdəbildə, Urmiyyədə… səslənən “Azadlıq, Ədalət, Milli Hökumət” şuarlarından keçirdikləri qorxu və əndişədir.
Kamal NİKBİN
Şərhlər bağlıdır.