“20 Yanvar” Faciəsi: Azərbaycan xalqının azadlıq və müstəqillik mücadiləsi”

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı

 

“20 Yanvar” Faciəsi: Azərbaycan xalqının azadlıq və müstəqillik
mücadiləsi”
Qədim dövlətçilik ənənələri, yeraltı və yerüstü sərvətləri, milli-mənəvi
dəyərləri, ictimasi-siyasi və mədəni xadimləri ilə dünyada məşhur
olan Azərbaycan dövləti və xalqı qədimdən günümüzə kimi həmişə azadlığı və
müstəqilliyi uğrunda mübarizə aparmışdır. Lakin XX əsrin əvvəllərində
azərbaycanlıların ermənilər və onları dəstəkləyən regional və beynəlxalq güclərin
dəstəyi ilə Azərbaycan xalqına qarşı irqi, dini ayrıseçkilik siyasəti etmiş,
torpaqlarımız işğal edilmiş, Azərbaycan xalqı tarixi Azərbaycan torpaqlarından
köçürülmüş, türk-müsəlman xalqlarına qarşı etnik təmizləmə və soyqırımı siyasəti
həyata keçirilmişdir. Belə qanlı faciələrdən biri də – Azərbaycan xaqının tarixinə
düşmüş “20 Yanvar” faciəsidir. Bu faciə Azərbaycan tarixində xalq tərəfindən
“Qanlı Yanvar”, “Qara Yanvar” adlandırlır. 1985-ci ildə keçmiş SSRİ-nin rəhbəri
Mixayıl Qorbaçovun Dağlıq Qarabağ Muxtar Vilayətini müxtəlif vasitələrlə
Azərbaycan SSR-nin (1920-1990) nəzarətindən çıxarmaq və Ermənistan SSR
tərkibinə qatmaq, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevə qarşı böhtan
kampaniyasına başlamaqla onu xalqın gözündən salmaq siyasəti, SSRİ-nin
Azərbaycan xalqına qarşı ayrı seçkilik siyasəti, azərbaycanlıların tarixi torpaqları
olan İrəvandan köçürülməsi, Azərbaycan xalqının milli azadlığını
boğmaq, Sumqayıt hadisələri, Dağlıq Qarabağdakı hadisələr, 1988-ci ildə milliazadlıq hərəkatının başlanmasına güclü təkan verdi. Bununla da Azərbaycan xalqı
öz azadlğını və istiqlaliyyətini SSRİ-dən ayrılaraq müstəqil Azərbaycan
Respublikası qurmaqda görürdü.
1990-cı iyanvarın ortalarında SSRİ Müdafiə və Daxili işlər nazirliklərinin,
habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və
zabiti Bakı şəhərinə gətirilərək, Bakının Qala və Nasosnu (indiki Z.Tağıyev
qəsəbəsi) aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında
yerləşdirilmişdi. Azərbaycana göndərilən SSRİ ordu hissələrinin tərkibinə
Stavropol, Rostov və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi
məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.15 yanvar 1990-cı ildə
SSRİ Ali Sovetinin sədri M.Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda
fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci
bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində
və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər
cür lazımi tədbirlər görmək təklif edilmişdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti
yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan
SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən
yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət
tətbiq edilməsi haqqında” fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri
M.Qorbaçov İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının
71-ci maddələrini kobud şəkildə pozmuşdu.
Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının
rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının
enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun
şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Həmin gecə Bakıda 26
yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o
cümlədən, Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Fövqəladə vəziyyətin
yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri
yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə
yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov,
SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov
həyata keçirmişdilər. Bakı qarnizonunu qoşunları, gətirilən hərbi hissələr, hərbi
gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçmiş. Ağır hərbi
texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və
yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq
olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım
maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala
salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək Sovet ordusu öz dövlətinin
vətəndaşlarına qarşı qəddar cinayət törətmiş, “Mülki və siyasi hüquqlar haqqında”
1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan
fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi
xəbərdarlıq edilməmişdir. 1990-cı il yanvarın 19-da gecə saatlarında başlanmış hərbi
əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə
edilmiş, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı.
Qanlı Yanvar faciəsində sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində
Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış,
841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif
şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200
ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış,
yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və
şəxsi əmlak məhv edilmişdi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün
qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
Neftçala 25 yanvar 1990-cı il Faciəsi
Dinc əhaliyə divan tutmaq üçün Bakıya yeridilmiş qoşun hissələri bir neçə
gün sonra cənub istiqamətinə – Neftçala, Cəlilabad və Lənkərana doğru səmt
götürdü. Yanvarın 25-i və 26-da sovet qoşunları həmin bölgələrdə yerli əhali ilə
müxtəlif bəhanələr altında qarşıdurmalara gedir, günahsız insanları həbs edir və
güllələyirdilər. Hadisə Yanvarın 25-i saat 18:32 radələrində başladı. Hadisələr baş
verənə qədər Neftçalada Milli Azadlıq Hərəkatı fəalları hərbçilərin hər hansı qırğın
ehtimalını, qarşıdurma yaratmasını önləmək üçün danışıqlar aparırdı. Lakin,
Neftçalada təxribat planını həyata keçirən sovet hərbçiləri etiraz dalğasının önündə
gedənləri danışıqlar aparmaq adı altında Qarabağı Müdafiə Komitəsinin binasına
toplayaraq hədə-qorxu gəlməyə, hansısa silahları təhvil verməyi tələb etməyə
başlamışdılar. Adamlar binanın içərisinə toplandıqdan sonra çöldə partlayış səsləri
eşidilməyə başladı. Binadan çölə qaçanlar da atəşə tutuldular. Ələ keçən fəallar
qolları bağlı vəziyyətdə Bankə qəsəbəsinə aparıldı. Onlara olmazın işgəncələr
verildi. Xıllı qəsəbəsində isə tank və PDM-ləri şübhələndikləri adamların qapısına
sürür, həyətlərdəki ot tayalarını yandırırdılar. İbrahim Nurlu “Neftçalada yanvar
qırğını” adlı kitabında yazır ki, əsarətin son günləri şəhərin küçələrində tanklar gəzir,
sovet əsgərləri vəziyyətə nəzarət edirdilər. Neftçala rayon hərbi komendantı
O.Şeluxinin imzası ilə yayılan riyakar məlumatda göstərilirdi ki, xüsusi qoşun
hissələri Neftçalaya daxil olan zaman rayon müdafiə şurasının üzvləri silah işlətmiş
və xüsusi qoşun hissələri buna cavab olaraq atəş açmışlar. Leytenant Aksyonov
ölmüş, bir əsgər yaralanmışdır. Eyni zamanda şəhər sakinlərindən bir nəfər ölmüş,
üç nəfər xəstəxanaya düşmüşdür. Guya əhalidə pulemyot, avtomat, tapança və
qumbara var və axtarış davam edir.Azərbaycanın müstəqilliyi, torpaqlarımızın
bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuş 20 Yanvar qazisi Ələkbər
Hacı Məhəmmədəli oğlu Talıbov Milli Azadlıq Hərəkatında fəaliyyəti illərini belə
xatırlayır: “Milli Azadlıq Hərəkatında fəaliyyətim 1988-ci ilin noyabr ayından
başlayaraq 1993-cü ilə qədər davam edib. Neftçalada 20 yanvar hadisələrinə etiraz
vaxtı ümumiyyətlə silahımız yox idi. Sadəcə xalq üsyanına qalxıb Bakıda 20 yanvar
hadisələrinə öz etirazımızı bildirirdik. Həmin ərəfədə bizə məlumat gəldi ki, hərbi
hissə komandiri sizinlə görüşmək istəyir. Biz də görüşə razılıq verdik və düşünürdük
ki, təki bizimlə görüşsünlər əhaliyə xətər toxundurmasınlar. Bundan da bir gün
qabaq Neftçalada vertolyotlar uçuşur, işıq saçan güllələr atılır və yaxud da özləri
təxribat törədirdilər. Atəş açıb camaatın boynuna yıxırdılar ki, guya ki əhali təxribat
törədir. Məlumatımız var idi ki, SSRİ Silahlı Qüvvələrinin Alfa Xüsusi təyinatlıları
Neftçalaya gəlib kəşfiyyat aparır. Bizə məlum idi ki, Neftçalada da bu hadisəni
törədəcəklər. Neftçalanı hərtərəfli blokadaya almışdılar. Amma bizlər bunu
vaxtında duyduq və yeni qırğınların olmasına imkan vermədik. Lakin xalqın iradəsi
hökm sahibi olsa da, sovet ordusu bizlərə də divan tutdu. Neftçalada 2 nəfər şəhid
oldu.. Bakıda da baş verən qanlı hadisələr vaxtı sovet qoşunlarının qırğınının
qarşısını almaq üçün balıqçı gəmilərinin təşkil etdiyi blokada da iştirak
etmişəm. Bakı buxtasında sovet qoşunlarına qarşı müqavimət göstərmişik. Sipər
çəkib şəhərə daxil olmalarını önləməyə çalışmışıq.
Ruslara tabe olmayıb öz bayrağımızı gəmimizin körpücüyündə
yüksəltmişdik… dəfələrlə sərhədçilər tərəfindən təqiblərə məruz qalmışam. O vaxt
iki SSRİ DTK-çısı tərəfindən təqib edilmişəm… Lakin haqq yolunda, xalq yolunda
namərdlik ola bilməz deyib əqidəmdən dönməmişəm və dönmərəm… Bir müddət
Neftçalada baş verən qanlı hadisələrdən sonra məni öldü sanırdılar. Çünki bizi
əvvəlcə Bankə qəsəbəsindəki hərbi hissədə sıraya düzüb güllələmək istəyirdilər,
lakin son anda fikirlərindən daşınıb vertolyotla Bakıya gətirmişdilər. Xəzər dənizi
üzərindən keçərkən dənizə atmaq fikrinə düşsələr də sonradan bu fikirlərindən də əl
çəkmişdilər. Həmin vaxtı bizi – fəalları qalaq kimi üst-üstə vertolyota yükləmişdilər.
Bizi dənizə atmayıb Binə Hava limanına gətirdilər. Yenidən bizi sırayla düzüb
güllələmək istədilər. Bu anda Azərbaycan Deputat İstintaq Qrupu (Arif Məlikov,
Fikrət Əmirov, Ədilə Namazova və b.) hadisə yerinə gəlib bizi sovet hərbçilərindən
alıb Şüvəlanda yerləşən Tağıyev təcridxanasına apardılar. Vəziyyətimiz ağır
olduğuna görə bizi ordan 26 nömərli Mərdəkan şəhər xəstəxanasına gətirdilər.
Xəstəxanada da kəndinə əhalisi bizə kifayət qədər diqqət və qayğı göstərdi.
Dərmanla, pal-paltarla təmin etdi… Həmin ərəfədə həqiqətən də millət birlik
nümayiş etdirirdi. 26 nömərli Mərdəkan şəhər xəstəxanasının həkimlərinə, tibb
bacılarına, oranın sakinlərinə təşəkkürümü bildirirəm. Bizə çox yardım etdilər.
Sağalandan sonra yenidən mübarizəyə qoşulduq”. Neftçalada 25 yanvar 1990-cı il
hadisəsi zamanı Neftçalada 2 nəfər şəhid olmuş, 10 nəfər yaralanıb, bütövlükdə isə
30 nəfər zərər görmüşdür. 1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və
respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar
basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək
Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış bir qrup şəxsə Azərbaycan
Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilib. Neftçala rayonu üzrə
atam Ələkbər Talıbov da daxil olmaqla 12 nəfər bu ada layiq
görülüb- Ağahüseynov Nürəddin Aslan oğlu (ölümündən sonra), Cəfərov
Əbülfəz Böyükağa oğlu (ölümündən sonra), Orucov Şəmsəddin
Əbilhəsən oğlu (ölümündən sonar), Ramiz Cəfər oğlu Hüseynov, Novruz
Allahverdi oğlu Dadaşov, Ələkbər Məmmədəli oğlu Talıbov, Bəxtiyar Ağahüseyn
oğlu Ağayev, Məhəmməd Təzəxan oğlu Fərziyev, Fərman Kamran oğlu Hüseynov,
Oqtay Əbilhəsən oğlu Orucov, Əliheydər Xanəhəd oğlu Məmmədov, Abdulla
Xanalı oğlu Ağayev, İmamverdi Ağaməhəmməd oğlu Zeynalov.
26 yanvar 1990-cı il Lənkəran Faciəsi
Qanlı yanvar günlərində Azərbaycan xalqının azadlığı uğrunda mübarizədə
şəhidlik zirvəsinə ucalanlardan 11-i Lənkəranlı olmuşdur. Onlardan 5-i Telman
Bağırov, Mirsalam Əbülfətov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad
Mirzəyev yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində sovet ordusunun
silahlı təcavüzünün qurbanlarından olublar. Yanvarın 26-da isə 6 nəfər – Tariyel
Abdullayev, Salman Baxşıyev, Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim
Məmmədov və Şahin Məmmədov rus desantçıları tərəfindən Lənkəranın Haftoni
meşəliyində vəhşicəsinə qətlə yetiriliblər, 11 yaralandı, 46 isə nəfər həbs olundu.
O zaman təkcə paytaxtda deyil, ölkəmizin hər yerində imperiya əsarətinə qarşı etiraz
mitinqləri keçirilirdi. Azərbaycanın cənub bölgəsində də gərgin vəziyyət
yaranmışdı. Azadlıq, müstəqillik istəyən xalq ayağa qalxmışdı. Cəlilabad
və Astarada sərhəd zastavalarının nəzarət-keçid məntəqələri dağıdılmışdı. Neftçala
və Lənkəranda idarəetməni itirən dövlət orqanları iflic vəziyyətə düşmüşdü. Sovet
qoşunlarının döyüş texnikası burada da qan tökməyə tam hazır idi. Bu mənfur
niyyətini Bakıda “uğurla” həyata keçirmiş ordunun cəza dəstələri əvvəlcə Neftçalaya
yollanaraq azadlıq mücahidlərini qanlarına boyadılar. Növbə Lənkərana çatdı.
Şahidlərin dediyinə görə, Lənkərana yeridilən rus hərbçiləri xalq hərəkatı
nümayəndələrindən guya onlarda olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb
edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər. Vəziyyətin get-gedə daha
dramatik hal aldığını görən fəallar dağlıq meşə zolağına çəkildilər ki, şəhərdəki
gərginlik səngisin və əhaliyə heç bir xətər toxunmasın. Amma adamların gözünü
qırmaq istəyən “xilaskar” ordunun desantçıları dərhal meşəliyi mühasirəyə alaraq
oradakı adamları güllə “yağış”ına tutdular.
Azərbaycan Dövlətinin “20 Yanvar” Faciəsi ilə verdiyi Sərəncam, Qərar
və Fərmanları
Qeyd edək ki, Azərbaycan Respublukasında hər il 20 Yanvar günü rəsmi
matəm günü kimi qeyd olunur və qeyri-iş günüdür. Həmin gün Azərbaycan xalqı
bütün şəhər və rayonlarından Bakıya gələrək xalqının azadlılığı və müstəqilliyi
uğrunda canından keçmiş şəhidlərini ziyarət edirlər. Azərbaycanda 1990-cı ilin
Qanlı Yanvar hadisəsindən sonar qərənfil matəm gülü kimi tanınır. 20 Yanvar
faciəsi ilə əlaqədar olaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Azərbaycan Parlamenti
“1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarı,
1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər Xiyabanında (Şəhidlər Xiyabanı
-Bakı şəhərində əsasən Qara Yanvar və Qarabağ müharibəsi şəhidlərinin dəfn
olunduğu kütləvi məzarlıq. Şəhidlər Xiyabanı müxtəlif dövrlər ərzində
Çəmbərəkənd qəbiristanlığı, Dağüstü Park və Kirov Parkı kimi fəaliyyət
göstərmişdir) “Əbədi məşəl” abidə kompleksinin ucaldılması barədə Sərəncamı 20
Yanvar faciəsinə öz siyasi-hüquqi qiymətini verdi. 2010-cu ildə Bakının Yasamal
rayonununda “20 Yanvar abidə-kompleksi”-nin açılışı olub. Kompleksin üzərində
faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.
Şəhidlər Xiyabanı ərazisində yer almış bu abidə 8 guşəli ulduz üzərində dayanan
qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir.
Sərdabənin divarlarını bəzəyən zərif şəbəkə monumental tikiliyə müəyyən xəfifliyi,
hava kimi şəffaflığı bağışlayır. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi
məşəl” abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz,
səkkizguşəli güzgünün məsamələri qızılla işlənmişdir. Yalnız Bakı, Neftçala və
Lənkəranda deyil, Azərbaycanın bütün şəhər və rayonlarında həm 20 Yanvar,
həm Xocalı, həm də Qarabağ müharibəsi şəhidlərinə aid Şəhidlər Xiyabanı vardır.
Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş
komandanı İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər
Xiyabanından verməsinin təsadüfi olmadığını bildirmişdir: “Bu gün bu müjdəni
mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu,
təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan
edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının,
Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı

Şərhlər bağlıdır.