İran Azərbaycanında təqaüdçü və işçi mitinqləri davam edir
Zəncanda təqaüdçülərin mitinqi (İran İşçilərinin Azad Birliyinin yaydığı videonun ekran görüntüsü)
Bazar ertəsi günü İranın müxtəlif vilayətləri, o cümlədən İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə təqaüdçülər ənənə halına gətirdikləri yürüş və etiraz aksiyalarına davam etdiriblər. Təbrizdə əlavə olaraq bir fabrikin işçiləri piket keçirib.
Nasrnews.ir xəbər saytının yayımladığı görüntü və xəbərə əsasən, Şirin Əsəl adlı qida sənayesi şirkətinin işçiləri bazar günü başlatdıqları piketlərini bazar ertəsi günü də davam etdiriblər.
“Səlimi sənaye bölgəsindəki Şirin Əsəl qida sənayesi işçilərinin yanvarın 21-də başlatdıqları piket hələ davam edir. İşçilər maaşlar ilə əlaqədar mövcud olan ayrı-seçkiliyə diqqət yetirilməsini və haqsızlığa son qoyulmasını tələb edirlər,” Nasr News bildirib.
İşçilər həmçinin nümayəndələrinin olmaması və iş şəraitinin ağırlığına etiraz bildirir.
İran telekommunikasiya şirkətinin təqaüdçüləri də yanvar ayının 22-də ənənəvi bazar ertəsi mitinqlərini davam etdiriblər.
İran İşçilərinin Azad Birliyi kimi əmək qruplarının yaydığı görüntülər və xəbərlərə görə, təqaüdçülər, o cümlədən Təbriz, Urmiyə, Ərdəbil, Həmədan, Zəncan və Bicar kimi şəhərlərdə etiraz aksiyaları təşkil ediblər. Birliyin Telegram kanalında təqaüdçülərin şüarlar səsləndirdiyini göstərən videolar paylaşılıb.
İranda müxtəlif sektorlardan təqaüddə olan vətəndaşlar bir neçə ilir ki ölkənin bir çox vilayətində piket və yürüşlər keçirməyə davam edirlər.
Hüquq-müdafiə və əmək hüquqları qruplarının yaydığı məlumata görə, təqaüdçülər “maaşların bərabərləşdirilməsi” layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və pensiyaların həyat xərcləri və inflyasiya faizinə mütənasib artırılması kimi tələblərini gündəmə gətirirlər.
Şərhlər bağlıdır.