“Karbohidrogen ehtiyatları ilə zəngin olan Yaxın Şərqin əldən çıxması ABŞ-ın strateji hədəfləri üçün çox böyük ziyan ola bilər”.
Bu sözləri Orta Doğu Araşdırmaları mərkəzinin sədri Sədrəddin Soltan “Cebhe.info” – ya açıqlamasında Yaxın Şərqdə son proseslər, xüsusilə İran İslam Respublikasının regionda daha da möhkəmlənməsi ehtimalından danışarkən bildirib. O deyib ki, əvvəlki dövrlərdə olduğu kimi indi də Yaxın Şərq Rusiya, Çin və ABŞ-nin xarici siyasətində xüsusi əhəmiyyət kəsb edir:
“ABŞ uzun illər ərzində İraq və Suriyada ordusunu yerləşdirmək, habelə bu iki ölkədə hərbi-siyasi imkanlarını artırmaq üçün müxtəlif istiqamətlərdə addımlar atıb. İraqda Səddam Hüseynin devrilməsindən, eləcə də İŞİD terror təşkilatının Suriyaya müdaxiləsindən sonra ABŞ üçün münasib imkanlar yarandı. Həm İraqda, həm də Suriyada neft-qaz yataqlarının olmasını, o cümlədən rəsmi Bağdad və Dəməşqin İranla yaxınlığını nəzərə alsaq, ABŞ-nin qoşunlarını bu iki ölkədən tam şəkildə çıxaracağı ehtimalı çox azdır. ABŞ qoşunlarının bu iki ölkəni tərk etməsi o zaman mümkün olacaq ki, həm İraqda, həm də Suriyada Vaşinqtonun güvəndiyi mərkəzi hakimiyyət və xüsusi dövlət qurumları formalaşacaq. Məsələn, İraqın şimalında Kurdüstan Muxtariyyəti sırf Vaşinqtonun bölgədə geosiyasi maraqlarına xidmət edir. ABŞ belə bir muxtariyyətin Suriyada da qurulmasına çalışır. Amma hələ buna nail ola bilməyib.
İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) İraqda və Suriyada mövcud olduğu, həmçinin hər iki ölkədə həmin qvardiyanın Qüds Qüvvələrinə bağlı olan “Haşdi Şabi”, “Fatimiyyun” və “Zeynəbiyyun” adlı hərbi birləşmələrin fəaliyyət göstərdiyi təqdirdə ABŞ bölgədə öz hərbi mövcudluğunu davam etdirəcək. ABŞ yalnız hərbi kontigentinin sayını azalda bilər. ABŞ qoşunlarının hər iki ölkəni tərk etməsi Vaşinqtonun və onun müttəfiqlərinin Yaxın Şərqdə strateji hədəflərinə ciddi zərbə vuracaq. Onu da vurğulayım ki, Əfqanıstanda baş vermiş hadisələrdən sonra Vaşinqtonun İraqda və Suriyada oxşaq addım atması bu iki ölkədə onun müdafiə etdiyi qüvvələrin həyatını təhlükə altına qoyacaq. ABŞ-nın İraq və Suriyada hərbi-siyasi mövcudluğunun sonu İran, Rusiya və Çinin Yaxın Şərqdə təsir imkanlarını artıracaq və geostrateji mövqeyini daha da möhkəmləndirəcək”.
Politoloqun sözlərinə görə, ABŞ və NATO-nun İraq və Suriyada geosiyasi maraqlarını təmsil edəcək güc mərkəzi yoxdur:
“İlk növbədə qeyd edim ki, əgər İraq və Suriyada hərbi-siyasi vəziyyət normallaşarsa və mərkəzi hakimiyyət ölkənin bütün əraziləri üzərində nəzarəti bərpa edərsə, bu halda bütün tərəflərin qoşunlarını həmin ölkələrdən çıxarması vacibdir. Beynəlxalq güclər hər iki ölkənin ərazi bütövlüyünün təmini ilə bağlı zəmanət verməlidir. Amma biz görürük ki, İraq və Suriyada mərkəzi hakimiyyət bütün ölkənin ərazilərinə nəzarət etmək imkanlarından məhrumdur. Xüsusilə, həm İraqda, həm də Suriyada Türkiyənin təhlükəsizliyinə təhdid yaradan terroçu təşkilatlar fəaliyyət göstərir. Terrorçu qruplar, həmçinin həmin ölkələrin təhlükəsizliyinə təhdid yaradır”.
S.Soltan İraqın Kürdistan vilayətində şiə təriqətinə mənsub olan kürtlərdən ibarət yeni “Hizbullah”-ın yaradılması ilə bağlı məlumatlara da aydınlıq gətirib.
“İran hakimiyyəti Yaxın Şərq ölkələri – Livanda Hizbullah, İraqda “Haşdi-Şabi”, Suriyada “Fatimiyyun” və “Zeynəbiyyun”, Yəməndə “Ənsurullah” hərəkatı – Husilər adlı siyasi-hərbi birləşmələr yaradıb. Həmçinin Fələstində “HƏMAS” və “İslami-Cihad” siyasi-hərbi birləşmələri də İran hakimiyyəti tərəfindən idarə olunur. İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin tapşırıqları əsasında hərəkət edən bütün bu siyasi-hərbi birləşmələr İran hakimiyyətinin regionda geosiyasi maraqlarına xidmət edirlər. Odur ki, yaxın perspektivdə İraqın Kürdüstan vilayətində belə bir silahlı qruplaşmanın meydana çıxması istisna deyil.
Çünki İranın ərazi bütövlüyü və İrandakı bir sıra hadisələrlə bağlı məsələlərdə İraqın Kürdistan vilayəti xüsusi əhəmiyyət kəsb edir. İddia olunur ki, İraqda Kürdüstan Muxtariyyəti İranda Kürdüstan Demokrat Partiyasına, Komilə (PJAK) və digər kürd təşkilatlarına himayədarlıq edir. Bu təşkilat İran ərazisində bir sıra terror aktları törədib. Məhz bu səbəbdən İran hakimiyyəti İraqın şimal ərazilərini raket atəşinə tutur.
Ola bilsin ki, İran hakimiyyəti İraqın Kürdüstan vilayətində siyasi aktivliyini hərbi aktivliklə əvəz edəcək. İraqın bu ərazisində yeni “Hizbullah”-ın ortaya çıxacağı istisna deyil. Ona görə ki, həmin ərazidə məskunlaşan kürdlər arasında şiə məzhəbinə etiqad edən sakinlər var. İran həmin sakinlərdən öz geosiyasi maraqları üçün istifadə edə bilər”.
Şərhlər bağlıdır.