Azərbaycan Demokrat Firqəsinin sədri, “Azərbaycan” Ruznaməsinin baş redaktoru – Rəhim Hüseynzadəyə

TƏŞƏKKÜR MƏKTUBU

Cənubi Azərbaycanda Milli Hökumətin qurucularından biri olan atam – Əlişah
Turhidə haqqında məlumatı geniş ictimaiyyətin nəzərinə çatdırdığınız üçün Sizə dərin
minnətdarlığımı bildirirəm. Azadlıq hərəkatının qəhrəmanlarını tarixdə öz layiqli yerini
tutması məqsədilə tanıtmaq, hər bir mübarizin fəaliyyətini üzə çıxarmaq, qan
yaddaşımızın silinməməsi, gənc nəslə ötürülməsi baxımından ruznamənin yeni
rubrikasının əhəmiyyəti böyükdür.
AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı “O, canlı ensiklopediyadır” deyərək sizə
müraciət etməyimə kömək göstərdi. Sizinlə görüşdüyüm zaman qarşımda tarixi
hadisənin ağrı-acısını vücudunda gəzdirən bir fədaini gördüm. Qəribədir, insanın
hansı amala xidmət etməsi onun şəxsiyyətində öz əksini tapır. Şəhidlik ölüyə də, diriyə
də aiddir. Ideya uğrunda, vətən yolunda yorulmadan çalışan, ömrünü bu yola həsr
edən, qanlı səhifəmizi yazarkən o hadisələri hər dəfə yaşayan, düşüncəsinə həkk edən
insan diri ikən ölür.
Atam öz fəaliyyəti haqqında danışmazdı , ehtiyatda olan əsgər kimi vaxtını
gözləyirdi. Onun fəaliyyəti çoxşaxəli olmuşdur. O həm daxildə, həm də Şimali
Azərbaycandan inqilaba dəstək verən milli fəallarla iş görürdü, hətta deyilənlərə görə
Qacaq Nəbi kimi xanların var –dövlətini, torpaqlarını əllərindən alıb kasıblara verirmiş.
Onun haqqında məlumatın az olmasına səbəb həm də kəşfiyyatçı kimi fəaliyyətinin
gizli olması idı.
Mən, Cənubi Azərbaycanla mənəvi bağlılığı olan insanlardan, mühacirlərdən,
milli azadlıq hərərəkatının qəhrəmanlarının övladlarından, xahiş edirəm ki, Əlişah
Turhidə haqqında hər hansı məlumatınız olarsa, “Azərbaycan” ruznaməsinə
çatdırasınız.
Bu işdə mənə dəstək olan hər bir şəxsə xüsusi minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Lətafət Əlişah qızı Əliyeva,
Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktor

Şərhlər bağlıdır.