“İran nüvə silahına malik olarsa, ona qarşı belə əməliyyatın keçirilməsi ehtimalı az deyil” – Siyasi şərhçi

İranın keçmiş xarici işlər naziri və Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Əliəkbər Salehi deyib ki, “nüvə elmi və texnologiyasının bütün növləri bizdə var və İran istəsə, atom bombası əldə edə bilər”.

Bundan əvvəl İranın Atom Enerjisi Təşkilatının hazırkı rəhbəri Məhəmməd İslami də oxşar bəyanat səsləndirərək, ölkəsinin atom bombası istehsal etmək qabiliyyətində olduğunu deyib.

ABŞ və Qərb ölkələri İranın atom bombasını əldə etməyə imkan verməyəcəklərini dəfələrlə bildirmələrinə baxmayaraq, Tehran hakimiyyəti bu yöndə ciddi addımlar atmağa davam edir. Əgər deyilənlər həqiqətdirsə, İrana bununla bağlı kifayət qədər təzyiqlər olmur? Bu, regionda digər dövlətləri, məsələn Türkiyə və Səudiyyə Ərəbistanını bu silahı əldə etmək məcburiyyətində qoya bilərmi?

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Herbiand.az-a bildirib ki, İranın atom proqramı fəaliyyətə başlayandan müxtəlif fikirlər söylənilir. Tehran hakimiyyəti isə bir qayda olaraq bütün bu fikirləri təkzib edir:

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bir qayda olaraq bu istiqamətdə şübhəli məqamların olduğunu vurğulayır. İran hakimiyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə tam mənada nüvə təsisatları ilə bağlı fəaliyyətini, detallarını açıqlamır, müəssisələri onlara göstərmir. Bu, İranın nüvə proqramının beynəlxalq ictimaiyyətə gizli məqamların olduğunu deməyə əsas verir. İstər Salehi, istər Məhəmmədi, istər Xərrazi və İranın ayrı-ayrı indiki və keçmiş rəsmiləri müxtəlif vaxtlarda bu məsələyə toxunublar. Məsələn, bildiriblər ki, uranın hazırkı zənginləşdirilmiş 20 faizini 60, hətta 90 faizə qədər qaldırmaq imkanları var. Bu isə İranın nüvə silahı əldə etməsinə imkan yaradır. Düzdür, Salehi və Məhəmmədi açıq şəkildə nüvə silahı əldə etmək istədiklərini bildirmirlər. Amma uranın zənginləşdirilməsinin faiz dərəcəsinin yüksək olması, yaxud buna onların imkanlarının olması deməyə əsas verir ki, Tehran hakimiyyəti istənilən vaxt bunu əldə edə bilər. Bu İrana nə üçün lazımdır? İran bu silahı daha çox Qərb ölkələrinə qarşı çəkindiricilik məqsədilə tətbiq edə, yaxud elan edə bilər. Məsələn, hazırda Yaxın Şərqdə baş verənlər həm də Tehran hakimiyyətinin ziyanınadır. Düzdür, Qərbin, ABŞ-ın, İsrailin müəyyən fəaliyyətlərinə qarşı cavab verilir və bu, güc kimi göstərilir. Amma bu, geniş anlamda İran hakimiyyətinin də ziyanına olan bir ortamdır. Tehran hakimiyyəti dar macalda vəziyyət daha şiddətli həddə çatanda atom silahına malik olduqlarını elan edə bilər. Bununla da müəyyən müddətə vaxt uda bilərlər. Hələ hesab edirəm ki, bu məsələnin vaxtı yetişməyib. Çünki indiki məqamda, yaxud bir müddət sonra bunu elan etmək İrana qarşı daha kəskin sanksiyaların tətbiq olunması ilə nəticələnər. Xüsusən, İranın arxa dayağı sayılan Çin və Rusiya bu halda beynəlxalq güclərin qarşısında tərksilah ola bilər. Çünki nüvə üzrə texnologiyanı İrana ötürən, İran mütəxəssislərini hazırlayan Çin və Rusiya məktəbləridir”.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri qeyd edib ki, bu hadisə heç şübhəsiz regionda tarazılığı poza bilər:

“Məsələn, İsrailin nüvə silahına malik olduğu deyilir. Regionda yeganə nüvə silahına malik ölkə İsraildir. İranın nüvə silahına malik olduğunu açıqlaması Türkiyə və Səudiyyə Ərəbistanının, eləcə də Misirin də fakt qarşısında qalmasına və perspektivdə bu istiqamətdə fəaliyyətlərinin artırılmasına səbəb ola bilər. Məsələn, həm Səudiyyə Ərəbistanı, həm Türkiyə artıq Atom Elektrik Stansiyası ilə bağlı fəaliyyətə başlayıblar. Yəni, atomlu ölkə olmaq istiqamətində fəaliyyət göstərirlər. Türkiyənin Akkuyu Atom Elektrik Stansiyası Rusiyanın mütəxəssisləri tərəfindən hazırlanır. Dünyada güclər arasında tarazlığın kəskin pozulacağı halda, Səudiyyə Ərəbistanı və Türkiyənin də taktiki nüvə silahlara malik olması və bu istiqamətdə fəaliyyət göstərməsi, texnologiya əldə etməsi ehtimalı az deyil. Hələlik isə İranın uranın zənginləşdirilməsi ilə bağlı verdiyi açıqlamalar beynəlxalq müşahidəçilər tərəfindən təsdiqlənmir. Amma bu istiqamətdə Qərbin əlində ciddi məlumatlar olarsa, İsrail, ABŞ, Britaniya və digər ölkələr İrana qarşı daha sərt tədbirlər görə biləcəklərini bildiriblər. Yeri gəlmişkən qeyd edim ki, İraqda Səddam Hüseyn rejiminin devrilməsinə əsas verən amillərdən biri onun kütləvi qırğın silahlarına malik olması ilə bağlı fikirlərinin yayılması idi. Düzdür, sonradan bunun doğru olmadığına dair sözlər də, bəyanatlar da, açıqlamalar da verildi. Amma bu əsas verdi ki, Səddam Hüseyn rejiminin devrilməsinə qarşı beynəlxalq koalisiya qüvvələri əməliyyat keçirdi. Odur ki, İran nüvə silahına malik olarsa, ona qarşı belə əməliyyatın keçirilməsi ehtimalı az deyil”.

Bəxtiyar CƏFƏRLİ

“İran nüvə silahına malik olarsa, ona qarşı belə əməliyyatın keçirilməsi ehtimalı az deyil” – Siyasi şərhçi

Şərhlər bağlıdır.