Bir gün Molla Nəsrəddin bir məclisə gəlir. Baxır ki, hamı ordan-burdan
danışır. Görür ki, hərə öz aşnası ilə pıçıldaşır. Fikirləşir ki, qoy bunlarla
məzələnim. Səsini qaldırıb soruşur:
-Camaat, bilirsiniz nə olub?
Hamı diqqətini mollaya yönəldib bir ağızdan deyir:
-Yox, bilmirik.
Molla Nəsrəddin gülə-gülə dinlənir:
-Bilmirsinizsə, ta niyə deyim?
Yenə bir məclis təşkil olunur. Məclisdəkilər bilirlər ki, Molla da gələcək. Sözü bir
yerə qoyub razılığa gəlirlər.
Molla içəri girən kimi yenə soruşur:
-Camaat, bilirsiniz nə olub?
Hamı bir ağızdan cavab verir:
-Bilirik!
Molla gülümsünüb deyir:
-Bilirsinizsə, ta niyə deyim?
Baxırlar ki, Molla Nəsrəddin bunlarla yenə məzələnir.
Sözü bir yerə qoyurlar ki, gələn dəfə Molla gəlib soruşsa deyərik ki, yarımız
bilirik, yarımız yox. Görək bu dəfə nə cavab verəcək. Elə də olur. Molla üçüncü
dəfə məclisə girən kimi soruşur:
-Camaat, bilirsiniz nə olub?
Dərhal məclisdən cavab gəlir:
-Yarımız bilirik, yarımız yox.
Molla baxır ki, bu dəfə lotular yaxşı hazırlaşıblar. Özünü itirmədən deyir:
-Hə, elə isə bilənlər bilməyənlərə öyrətsin.
Bu Mollanın zamanında idi. İndi dünya tərsinə fırlanır, bilməyənlər bilənlərə
öyrədir. Bax, elə İranı götürək. O gün sözdə şar kimi şişən bu dövlət İsrailin
üstünə üç yüzdən çox dron, raket, ballistik raketlər göndərdi. İran bilmirdi bunun
sonu nə olacaq. Gör nə qədər bilməyəsən ki, bilənlərə dərs verəsən. Bir neçə
saatın içində bu texnikaları məhv edəsən. Bilməyən biləni öyrədəndə belə olur
da. Ay İran, başını super dövlətlərin içinə niyə soxursan ki, belə də olsun? Yeddi
oktyabrda HƏMASı necə qızışdırdınsa, xalq hələ də altını çəkir. 8 oktyabrda
Fələstin xalqını Tehranda parlaq qələbə ilə təbrik elədin. İndi vermisən dala. İki
milyondan çox qaçqın qalıb çöllərdə. Bilmirdin, niyə ortalığa düşdün? Özün də
nüfuzunu itirdin. Bilməyəndə belə olur da. Bilənlərə dərs keçmək istədin.
Alınmadı, rəis (Rəisi)? Dronları elektrik naqillərinə ilişib qaldı. XXI əsrin
müharibəsi budu, bu? İransayağı müharibə.
Bilməyənlərin bilənləri öyrətməsi “Tik-tok”da fısqırıq edir. A kişilər, ömründə bir
kitab oxumayan adam, adını belə yaza bilməyənlər sənə elə dərs verirlər ki, əlin
ağzında qalır. Söz oynadan, sözü bir neçə çalarda verən ustadın, sənətkarın
matı quruyur, dili çaş vurur. Öz-özünə fikirləşir ki, ayə ömrüm boyu bu sənəti
öyrəndim, amma bunları bilmirdim. Deyilənlərin nə əsası var, nə bazası, amma
səni öyrədir. Deyir ki, sən bilmirsən. “Tik-tok”yeni dünyadır, yeni münasibətdir.
Əxlaq nədir, ailə nədir? Cəmiyyət tərbiyəsiz olmalıdır, vəssalam! Xoşun gəlmir,
sürüş get. Yaxşı ki, Daxili İşlər Nazirliyi bu həqarətlərə görə belələrini
sürüşdürə-sürüşdürə otuz sutka barmaqlığa göndərir. Ordan da sürüşdürəsürüşdürə sürüb aparacaq Balaxanıya. Həbsxanaların da öz qaydaları var. Sən
bilmədiyin şeyləri, sənə öyrədəcəklər. Bilmədiyin şeyləri bilənlərə öyrətmək
istəyəndə qaşıqdan yonulmuş ucu şiş bir nəsnə böyrünə dirəyəndə başa
düşəcəksən ki, sən bilirsən ki, heç nə bilmirsən. Onda bilənlər bilməyənlərə
öyrədəcək.
O gün mətbuatda oxuyuram ki, bəs imtahan verənlərin qırx beş nəfəri üç yüzə
yaxın bal toplayıb, amma yazmırlar ki, yaxşı neçə nəfər imtahan verib. Hə,
burada pişiyin quyruğu görünür. Yox, yox şirin quyruğu İranlıqdır, bizdə pişiyin
quyruğu. Özü də əsas çoxluq dövlət məktəblərində oxuyanlar bu balı toplayıb.
Özəl məktəblərdən imtahan verənlər dövlət məktəblərinin yanından fit verəverə keçiblər. Ə, bəs deyirdiniz dövlət məktəblərində müəllimlər savadsızdır, nə
bilim, adlarını yaza bilmirlər. Bilmədiyiniz şeyləri bilənlərə niyə
dürtüşdürürdünüz? Müəllimləri təhqir etmək ayıb deyilmi? Özü də bu təhqir
mətbuat işçilərinin iştirakı zamanı deyilirdi. Yox-yox mən demirəm ki, üzr
istəyin. Onsuz da bunu etməyəcəksiniz. Özəl məktəblərdə bu qədər məvacibin
qarşısında niyə belə zəif tədrislə məşğul olurlar. Hə, burada özəl məktəblərin
müəllimləri bilmədiyinə yox, məntiqlərinə güc verirlər. Fikirləşirlər ki, imkanlı
insanların uşaqları ya xarisdə, ya da özəl universitetdə oxuyacaqlar. Ondan
sonra iki-üç dil bilirəm adıyla hücum çəkəcəklər məmur kürsülərinə.
Bilmədiklərini bilənlərə öyrədəcəklər. Bəs nə bilmişdiniz? Vəzifə başqa bir
şeydir. Bilənlərsə susacaq, bilməyənlərə bəh-bəhlə qulaq asacaqlar.
O gün elan etdilər ki, bəs Azərbaycanda Həcc kvotası azaldılıb. Azalar da. Hər
il qiymətlər artır, kəllə-çarxa çıxır. On min dollara, yəni on yeddi min manatla
kasıb Həccə gedə bilər? Bu məbləğ onun iki illik maaşından da çoxdur. Hə, o
lətifəni eşitmisiniz? Deyir ki, hə? mənim qızım da “o işlə” məşğuldur, amma
mən sənin kimi qəşəng-qəşəng, ütülü düzüb qoşa bilmirəm. A kişilər, kvotanın
azaldılmasının səbəblərini açıq deyin də.
Deyin ki, qızıl dəllalları daha oradan qır-qızıl gətirə bilməyəcəklər. Adam da otuz
dəfə Həccə gedər? Həcci belə sevirsən,köç get, orada yaşa da. Daha Həcci su
yoluna niyə döndərmisən?
Deyəsən mən də bilmədiklərimi bilənlərə öyrədirəm. Yaxşı deyil, özümü pis
vəziyyətə qoyuram.
Bir sözlə, zəmanə dəyişib, ey cümlə! İndi bilmədiklərini bilənlərə öyrədəndə çox
ağıllı görünürsən. Haydı, irəli!
Yunus Oğuz
Şərhlər bağlıdır.