Cənubi Azərbaycanın teatr tarixindən: Hüseyn Ərəb oğlu: “Teatrın inkişafı uğrunda”

Təqdim etdi: Səməd Bayramzade

Azərbaycan Demokrat Firqəsi haqlı olaraq Azərbaycanda incəsənət işlərinə
yaxından kömək etmək məsələsini öz qarşısında qoymuşdur.
Əlbəttə, teatr firqəmizin ən qüvvətli mədəni silahıdır. Azərbaycanda teatr işlərini
yüksək dərəcəyə qaldırmaq lazımdır ki, burada işin ağırlığı Maarif Nazirliyinin
boynuna düşür. Bəşərin zehnində, şüurunda, mənəvi həyatında mövqe tutmaq
lazım gəlir. Ona müsbət zəmin hazırlamaq üçün güclü bir teatr yaratmaqla
incəsənət işlərinə və işçilərinə lazımınca baxmaq, teatrın fəaliyyətini düzgün
qurmaq, bədii təşkilatlarda məfkurə və tərbiyə işini daha da möhkmləndirmək
lazımdır.
Burada öncə xalq əsərləri yaratmaq böyük, vacib məsələlərdən birisidir ki,
müəlliflərimiz aktyor səhnə qanunlarını silib hər şeydən əvvəl siyasətçi və
ictimaiyyətçi olmalıdırlar.
İncəsənəti düşünmək, ən canlı xalq xüsusiyyətlərini vermək, xalqın mənəvi və
psixoloji cəhətlərini dərindən başa düşmək lazımdır. Beləliklə xalqımızın
qəlbini, ruhunu oxşayan əsərləri yaratmaq olar.
Əlbəttə, gənc yazıçılarımız da öz bədii görüş dairələrini genişləndirib
demokratik ruhlu və ictimai əsərlərlə səhnəmizə kömək etməlidirlər. Bunu yaxşı
bilirik ki, teatr aləmində ən irəlidə gedən ölkə varsa, o da sovetlər ölkəsidir.
Yeri gəlmişkən xatırladım ki, böyük Lenin demişdir: “İncəsənət xalqa
məxsusdur. Özünün ən dərin kökləri ilə əməkçi kütlələrin ən geniş qatlarına
getməlidir. Bu kütlələr üçün anlaşılacaq və seviləcək olmalıdır. O, bu kütlələrin
hissini, fikrini və iradəsini birləşdirməli və bunları yüksəltməlidir, kütlələrdən
sənətkarlar yaratmalı, inkişaf etdirməlidir”.
Əgər yerlərdə teatr və başqa incəsənət işlərimizə beləcə əhəmiyyət versək, o
zaman teatrımız öz yoluna düşəcək, xalq arasında bulaq kimi coşacaq və
qiymətli istedadların yetişməsinə səbəb olacaqdır.
Odur ki, biz teatr işlərimizi qabağa aparmaqdan ötrü illərdən bəri irs qalan çürük
fikirləri, dedi-qoduları, səhlənkarlıqları bir kənara atmalı, həqiqi, sağlam
bünövrə üstündə işlərimizi qurmalı, canlandırmalıyıq.
Teatrın irəli getməsi nə ilə olar?
Bu barədə Moskva teatrının banilərindən böyük səhnə üstadı Stanislavski
demişdir: “Teatr mədəniyyəti qapının dəstəyindən başlayır”. Odur ki, teatr
sənətinə zidd olan hər bir maneələri aradan qaldırmaqla təsirli və maraqlı
əsərlər meydana çıxarıb o köhnə, vaxtı keçmiş əsərləri bir kənara atmalı,
dövrümüzün böyük mübarizlərini, xeyrini-şərini, yeni demokrat qüvvəlrimizin
istibdada qarşı qələbəsini əks etdirmək lazımdır.
Səhnənin canlanması üçün repertuara zənginlik vermək lazımdır.
Teatrı dar çərçivədən çıxarıb xalqa yaxınlaşdırmalı, gənc artits qüvvələrinin
qayğısına qalmalı, böyük məsul rollar üçün həmişə bir nəfəri yox, bəlkə
dəyişiklik yaratmaqla, tərbiyə işlərini yaxşılaşdırmaqla ixtisaslı qüvvələr
yetişdirmək lazımdır.
Ola bilər ki, bizim Cənubi Azərbaycanda belə səhnə ustaları az olmuş ola. O
zaman Sovet-İran mədəni rabitələr cəmiyyəti ilə əlaqəyə girib onlardan mədəni
kömək olaraq teatr və musiqi işlərində əməli mövzular qoymağı xahiş etməliyik.
Beləliklə, incəsənət işlərini yuxarı pilləyə qaldırmaq olar. Burada rejissor və
musiqi rəhbərlərinin vəzifələri olduqca böyükdür. Əsərin səhnədə canlanması
musiqi, nəğmə və xorların ahəngdar olması, əsərin ümumi tərtibinin düzgün
olması və səyi nəticəsində hasil olar.
Aktyor bir səhnə ustası olmalıdır.
Gənclər bundan sonra bir rol oynamaq deyil, səhnədə bir yaradıcı sənətkar
olmaq niyyətilə çalışmalıdır. Yaradıcılıq mühiti yaratmaq üçün də öz
yoldaşlarının məsləhətini gözləməlidir. Çünki bildiyimiz kimi, belə bir tədbirlər
olmadan incəsənətdə yüksəlmək olmaz.
Musiqi hissələrimizə gəldikdə onun da bu aləmdə böyük rolu vardır. Onu da
musiqi rəhbrlərimiz musiqi mədəniyyətimizin ümumi səviyyəsini yüksəltmək
üçün bütün qüvvələrini toplayıb çox işlər görməlidirlər. Onlar yaradıcılığı
yüksəltməyə kömək etməli, yoxlamalı, istiqamət verməlidirlər. Təbrizdə musiqi
işlərimizin də qabağa getməsi üçün ustad Yaqub Nəvapərəstin həmişə bu
aləmdə böyük əmək sərf etməsini xüsusilə qeyd etmək lazımdır.
İndiyə qədər Azərbaycanda musiqiçilər arasında böyük bir nöqsan varsa, o da
yaradıcılığın musiqiçilərin öz arasında qalmasıdır. Onları seçməli, yaxşı
nümunələrini yaymalı. Musiqiçələrə əhəmiyyət verməklə, onların repertuarına
diqqət yetirməklə, gənc yaradıcı qüvvələrə kömək göstərməklə demokrat
hökumətimizin radio komitəsinə də kömək etmiş olarıq.
Milli musiqi kadrları konsertlər təşkil etməklə, repertuarlarına xalq xorları, milli
rəqslər və başqa bu kimi şeylər qatmaqla xalqın bədii zövqünü təmin
etməlidirlər. Öz gözəlliyini itirməsin deyə, bədii cəhətdən yüksəlmələri üçün
mübarizə aparmalıdırlar.
İndi artıq cəsarətlə yazıb öyrətmək olar. Demokrat ruhundan ilham almaq, dilək
və arzuların icraçısı olmaq, musiqili tamaşalar vasitəsilə incəsənət aləmini
yüksəldib yeni teatr üsullarını öyrənməklə böyük nailiyyətlərə çatmaq olar.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 199, 15.05.1946
Təqdim etdi: Səməd Bayramzade

Şərhlər bağlıdır.