Memar Əhməd Məhəmmədin yadigarı – Göy günbəd türbəsi

Marağa şəhərindəki Dairəvi türbənin yaxınlığında yerləşən Göy
günbəd Azərbaycanın səkkizbucaqlı planı olan qülləvari türbə
ənənəsinin nadir nümunələrindədir.
Türbəni ХII əsrin sonlarında memar Əhməd Məhəmməd
ucaltmışdır.
Göy günbəd türbəsinin memarlıq bəzəyində ikiplanlı relyefi olan
kərpic naxışlara rast gəlinir. Onda daha qabarıq naxış quruluşu
xüsusi profilli xırda kərpiclərdən yığılmışdır. Bu ümumi şəbəkənin
altından keçən girişlər daha sıx quruluşlu olub, dayaz relyeflidir.
Relyefli naxışların ümumi yerliyi isə batıq gəc səthlərdir. Marağalı
memar özündən əvvəlki Azərbaycan memarlarının türbə bəzəyində
işlətdiyi ənənəvi bir fənddən – türbənin hər üzünü, hətta künc
dayaqlarını da fərqli naxış quruluşları ilə bəzəməkdən imtina
etmişdir. Onun seçdiyi şəbəkəyəbənzər naxışın çubuqları bütün
üzləri və dayaq qülləciklərini bir-birinə sarımışdır. Göy günbədin
də piramidal bayır günbəzi uçmuşdur.
El arasında Göy günbəd Hülakü xanın anasının türbəsi kimi
tanınır. Ancaq üstündəki kitabə onun 1194-cü ildə Hülakü xanın
Azərbaycanda Elxanilər dövlətini yaratdığı və Marağanı bu
dövlətin paytaxtı elan etdiyi vaxtdan xeyli öncə tikildiyini bildirir.
Qırmızı günbəddən fərqli olaraq, Göy günbədin bəzəyində kaşı
daha bol işlədilmiş, onun bayır tutumuna, xüsusilə üst hissəsinə
göy kolorit vermişdir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.