Stokholm, 24 iyun, Nərgiz Cəfərli, АZƏRTAC
AZƏRTAC xəbər verir ki, SAF İsveç-Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları və diaspor nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
SAF Assosiasiyasının sədri Sevda Dadaşova çıxış edərək tədbirin Azərbaycan Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamı çərçivəsində təşkil edildiyini bildirib.
Sonra İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalı Naxçıvanın qədim tarixi və görkəmli şəxsiyyətlərindən danışıb. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının yenidən dirçəlişi və inkişafı Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün olub.
Tədbir zamanı isveçli fotoqraf və rejissor Mikael Silkeberq və İsveçdə yaşayan kinorejissor Rahim Sadıxbəyli Naxçıvanda çəkilmiş “Nuhun izi ilə” adlı birgə layihələri olan sənədli film barəsində məlumat verərək göstərdikləri dəstəyə görə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasına, Azərbaycanın İsveçdəki səfirliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə yaradıcı heyət adından təşəkkür ediblər.
Çıxışlardan sonra tədbir iştirakçılarına Naxçıvanın səfalı və mənzərələri təbiətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin sonunda türk opera müğənnisi Burcu Kuru “Laçın” və “Sənə də qalmaz” mahnılarını ifa edib.
Link: İsveçdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Şərhlər bağlıdır.