İrandan PKK-ya silah yardımı: Suriyada yeni kürd muxtariyyəti qurula bilər
Yenicag.az-la Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltanin söhbəti
“Son zamanlar Türkiyənin hərbi rəsmiləri, xüsusilə də Türkiyənin milli müdafiə
naziri Yaşar Gülər bir neçə dəfə bəyan edib ki, İran sərhəddəki terrorçuları təhvil
vermir və PKK ilə bağlı fəaliyyətini zəiflədib”.
Bu sözləri Yenicag.az-la söhbətində Orta Doğu Araşdırmaları Mərkəzinin sədri,
İranşünas Sədrəddin Soltan deyib. Azerbaycan-ruznamesi.org onun söhbətini
oxuculara təqdim edir.
O, Türkiyənin “Yeni Şafak” qəzetinin İranın PKK-ya silah verməsi ilə bağlı ortaya atdığı
iddiaya münasibət bildirib.
S. Soltan xatırladıb ki, əvvəllər də İran hakimiyyəti PKK-dan Türkiyəyə qarşı istifadə
etmişdi:
“Hətta vaxtilə bir sıra PKK-çılar İran ərazisində də gizlənmişdi. Bundan başqa, İrandan
İraqın şimalındakı PKK düşərgələrinə narkotrafik də ötürülüb. Amma son zamanlar İran
daxilində PJAK, “Komilə” və Kürdüstan Demokrat Partiyası kimi siyasi silahlı
qruplaşmaların fəaliyyət göstərməsi İranda ciddi narahatlığa səbəb olub. Hətta ötən ilin
sentyabrında İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqiri İraqın
şimalındakı yerli kürd özünüidarəetmə bölgəsi ilə yanaşı, rəsmi Bağdada da xəbərdarlıq
etdi ki, əgər həmin separatçı-terrorçu qruplaşmalar İranın ərazi bütövlüyünə təhdid
yaradarlarsa, onda Tehran İraqın şimalını raket atəşinə tutacaq. Bundan sonra həmin
qüvvələr sərhədyanı bölgədən köçürülüb İraqın daxilinə aparıldı”.
İranşünas əmindir ki, son günlər Suriyada yeni kürd muxtariyyətinin qurulacağı, Suriya
lideri Bəşər Əsədin Tehranda İranın ali lideri Ayətullah Seyid Əli Xamneyi ilə görüşməsi
ilə bağlı xəbərlər yayılır:
“Bundan əlavə, İsrail-HƏMAS münasibətlərinin gərginləşməsi İraq və Suriyadakı
vəziyyəti çətinləşdirib və İranın bölgədəki fəaliyyətini genişləndirib. Məsələn, İraq
ərazisində İranyönümlü “Həşdi-Şabi” – Xalq Səfərbərlik Qüvvələri adlı böyük silahlı
qruplaşma mövcuddur. Bu qruplaşma İraqda İŞİD-ə qarşı mübarizədə, habelə Nəcəf və
Kərbəladakı müqəddəs dini şəxslərin qəbirlərinin qorunmasında istifadə olunub. Bu
günə qədər də sözügedən qüvvələr orada qalmaqdadır”.
Mütəxəssisin qənaətinə görə, Türkiyənin İsrail-HƏMAS müharibəsinə münasibətində
İran tərəfi hesab edir ki, Ankara heç də onu qane edən mövqe tutmur:
“İran istəyir ki, Türkiyə bu münaqişədə tərəf olaraq hərbçiləri ilə bu və ya başqa formada
iştirak etsin. Düşünürəm ki, İranın PKK-ya yardımı məsələsinin kimin üçün nəzərdə
tutulması sual altında olan bir məsələdir. Axı PKK həm də İranın ərazi bütövlüyünü
təhdid edir. Məncə, bu, ola bilsin ki, Tehran administrasiyası tərəfindən izi azdırmaq
üçün nəzərdə tutulub. Yəni həmin silahlar Suriya, İraq və perspektivdə HƏMAS-a,
yaxud İsrailə atılması üçün Livandakı “Hizbullah” silahlılarına verilə bilər. Ola bilər ki,
İran izi azdırmaq üçün burada PKK-nın adı çəkilir. Amma bununla belə, İranın həmişə
PKK-dan Türkiyəyə qarşı istifadə etdiyi hallar olub. Bu da istisna olunmur ki, İran tərəfi
son zamanlar fəaliyyəti və davranışı ilə PKK-dan Türkiyəyə qarşı təhdid aləti kimi
istifadə edib. Ona görə də hərbi texnikanın verilməsi ilə bağlı yayılan informasiyalar
gerçək ola bilər”.
Xatırladaq ki, Türkiyənin “Yeni Şafak” qəzetinin məlumatına görə, İran PKK-ya birbaşa
hava hücumundan müdafiə sistemləri və radiasiya raketləri göndərib. Bildirilib ki,
göndərilən silahlar arasında tank əleyhinə idarə olunan raket sistemləri də var.
Rafi Müslümov
Şərhlər bağlıdır.