Haniyə sui-qəsdi İranın acizliyini üzə çıxardı – Yücel Karauz

Haniyəyə qarşı sui-qəsd olunacağı ehtimalı hər zaman var idi və gözlənilən
idi. Müharibə başlayandan bəri İsrail də dəfələrlə HƏMAS-ı hədələyib, hətta
dünyanın harasında olursa-olsun onları hədəf alacaqları barədə açıqlama
verilib. Rəsmi Təl-Əviv son addımla heç kimin təhlükəsizlikdə olmadığını və
liderlərə sui-qəsd edə biləcəyini isbat etdi. Tehranın hücum yeri olaraq
seçilməsi, üstəlik sui-qəsdin Pezeşkianın andiçmə mərasimindən sonra baş
verməsi heç də təsadüf deyil.
Bu sözləri Axar.az-a HƏMAS-ın lideri İsmayıl Haniyənin Tehranda
öldürülməsi ilə bağlı danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi
general-leytenant Yücel Karauz deyib.
General hücumun Tehranda təşkil edilməsinin İran dövlətinin zəifliyininin
təzahürü olduğunu bildirib:
“Baş verən hücum İranın zəifliyini, ölkəyə andiçmə mərasiminə gələn, hər
an sui-qəsdə uğrama ehtimalı olan bir şəxsi qoruya bilmədiyini üzə çıxardı.
Üstəlik Haniyə İranın hər zaman dəstəklədiyini söylədiyi HƏMAS-ın siyasi
lideridir. Yəni Haniyə İrana güvənib Tehrana getdi, amma onlar üzərlərinə
düşən vəzifəni yerinə yetirib onu qoruya bilmədilər. İndi rəsmi Tehranın
verəcəyi cavabın nə olacağı çox önəmlidir. Ancaq Livana son hücum,
Qəzzada baş verən hadisələr nəzərə alındığında son sui-qəsdin
doğuracağı gərginliyin bütün Yaxın Şərqə yayılma riskinin artdığını deyə
bilərik. Hücumun İranda baş verməsinə baxmayaraq, rəsmi Tehranın İsrailə
birbaşa cavab verəcəyini düşünmürəm. Yenə Yaxın Şərqdəki proksiləri
vasitəsilə hansısa addımlar atacaqlar. Bölgədə yanğın böyüyür. Bu
yanğının Livandan sonra Suriyaya keçmə ehtimalı çoxdur. Dövlət
rəsmilərimiz də ən yüksək səviyyədə bunu dəfələrlə ifadə ediblər”.
Karauz Haniyə sui-qəsdini Üçüncü Dünya müharibəsinə aparan növbəti
addım kimi qiymətləndirib:
“Hücumun Netanyahunun ABŞ səfərindən sonra baş verməsi xüsusi
məqamdır. Vaşinqtonun xəbəri olmadan bu səviyyədə hücumun təşkil
edilməsi mümkün deyil. ABŞ-ı xəbərdar edərək, yaxud etmədən bu
hücumu təşkil etmə ehtimalının hər ikisi ayrı-ayrılıqda böyük problemdir.
Nəticə etibarilə isə baş verən hücum Üçüncü Dünya müharibəsinə aparan
mərhələlərdən biridir”.
Söhrab İsmayıl

Şərhlər bağlıdır.