BU ONUN GÜCÜNDƏ DEYİL

İran və Ermənistan arasında dostluq və münasibətlərin tarixi minillikləri
əhatə edir (Ermənistan adlı dövlət tarixdə olmayıb, yalnız 1918-ci ildə
Azərbaycan torpaqları hesabına qurulub – red.), biz həmişə bir yerdə
olmuşuq.
“Azerbaycan-ruznamesi.org” “Axar.az”a istinadən xəbər verir ki, bu sözləri
İranın Qafandakı baş konsulu Mürtəza Abidin Varamin erməni mediasına
geniş müsahibəsində deyib.
O bildirib ki, dünyada ölkələr və liderlər arasında bizdəki kimi sıx dialoqun
nümunələri çox azdır:
“Bu, Ermənistanın bizim üçün əhəmiyyətini göstərir. Və bu münasibətlərin
düşmənləri var”.
Varamin İranda prezidentin dəyişməsinin (azərbaycanlı Pezeşkianın İran
prezidenti olmasının – red.) Ermənistanla münasibətlərə heç bir təsir
etməyəcəyini vurğulayıb:
“İran qanunvericiliyi elə qurulub ki, prezidentin dəyişməsi heç nəyi
dəyişməyəcək”.
Varaminin sözlərinə görə, İran-İsrail gərginliyi Tehranın Cənubi Qafqaza
diqqətinin zəifləməsinə gətirib çıxarmayacaq:
“Baxmayaraq ki, müxtəlif ölkələr İranın diqqətini yayındırmağa çalışır.
Üstəlik, elə ölkələr var ki, bu regiondan minlərlə kilometr aralıda yerləşsələr
də, yerli proseslərə müdaxilə edərək Ermənistanı strateji qarşıdurma
zonasına çevirmək istəyirlər. Bu ölkələr və bu insanlar burada olmamalıdır”.
O, Zəngəzur bölgəsinin İran üçün xüsusi əhəmiyyət kəsb etməsindən də
bəhs edib:
“Çünki bu erməni bölgəsi İranla həmsərhəddir və bizim Ermənistanla
çoxəsrlik əlaqələrimiz var. Ermənistan müstəqil dövlətdir və bu müstəqilliyə
hörmət edilməlidir. Heç kim ona kiminlə dostluq qurmalı və kiminlə dostluq
etməməli olduğunu deməməlidir. Ermənistan öz yolu ilə getməlidir. Ukrayna
münaqişəsi həqiqətən də erməni xalqı üçün bir növ dərs olmalıdır”.

Şərhlər bağlıdır.