Sınaqsız tətbiq olunan yeni “silah” – Dünyanı təhdid edən AES təhlükəsi – ANALİZ

Dünya ictimaiyyəti kütləvi qırğın silahlarının geniş tətbiqinin acı
nəticələrini yaşayıb. ABŞ 1945-ci il avqustun 6-da Yaponiyanın
Xirosima, həmin ayın 9-da isə Naqasaki şəhərlərinə atom bombası
atıb. Bu hadisədən artıq 79 il ötməsinə baxmayaraq, minlərlə insan
tarixin ilk nüvə hücumunun dəhşətindən hələ də əziyyət çəkir.

Dünya 1986-cı il aprelin 26-də Ukraynanın Çernobıl Atom Elektrik
Stansiyasında (AES) baş verən, 140 min kvadrat kilometr sahəni
əhatə edən və 7 milyon insanın radiasiyaya məruz qaldığı qəzanın da
şahidi olub. Bu faciənin qurbanlarının sayı hər il artır. Mütəxəssislərin
hesablamasına əsasən, qəza zonasında radiasiya 2056-cı ilədək
qalacaq, onun sahəsi indiki ilə müqayisədə əhəmiyyətsiz dərəcədə
azalacaq. Bildirilib ki, Çernobıl qəzası nəticəsində Rusiyanın Braynsk
vilayəti də xeyli çirklənib. Yeri gəlmişkən, Çernobıl AES 2022-ci il
fevralın 24-də Rusiya tərəfindən işğal olunsa da, martın 31-də ərazi
azad edilib.

Rusiyanın Ukraynada apardığı müharibənin gedişində əsas təhlükə
mənbələrindən biri də AES-lərdir. Tərəflərdən birinin bu stansiyalara
hücumu qarşısıalınmaz fəlakətə səbəb ola bilər. Lakin fəlakət ehtimalı
nəzərdə tutulan obyektlər üçün sığortalayıcı amilə çevrilmir. 2023-cü il
iyunun 6-da Ukraynanın Kaxovka Su Elektrik Stansiyası (SES)
partladılıb. Beynəlxalq dərəcəli mütəxəssislərin rəyinə əsasən, bunu
Rusiya hərbçiləri təşkil edib. Bu fəlakət nəticəsində Ukraynanın
Xerson vilayətinin 16 yaşayış məntəqəsi su altında qalıb, azı 52 nəfər
ölüb. Ölkə iqtisadiyyatına təqribən 300 milyon dollar ziyan dəyib.

Avropada ən nəhəng hesab olunan Zaporojye AES-də avqustun 11-də
yanğın baş verib. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki,
yanğını “Rusiya işğalçıları törədib“. Həmin AES Zaporojye vilayətinin
Rusiya hərbçilərinin nəzarəti altında olan hissəsində yerləşir. Hazırda
stansiyada yanğın söndürülüb. Ancaq yanğının və ya ona oxşar
qəzanın təkrar baş verməyəcəyinə zəmanət yoxdur.

Rusiyanın Kursk vilayətinə Ukrayna hərbçilərinin müdaxiləsi AES-lərlə
bağlı problemi yenidən gündəmə gətirib. Rusiya Federasiyası Kursk
AES-ə Ukraynanın hücum edəcəyinə dair məlumat yayıb, onun
qarşısını almaq üçün müdafiə istehkamları qurub. Belə bir vəziyyət
Çernobıl faciəsinin təkrarlanma ehtimalını artırır.

Qeyd edək ki, 2024-cü ilin yanvarına olan məlumata əsasən, Rusiya
ərazisində hazırda 11 AES-də 37 enerji bloku istismar olunur. Onların
ümumi gücü 28,5 QBT-dan çoxdur.

Ukraynada isə 4 AES-də 15 enerji bloku fəaliyyət göstərir.

Zaporoyjedəki stansiyada baş verən yanğından sonra Moskva və
Kiyev qarşılıqlı ittihamlarla çıxış edib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael
Qrossi bildirib ki, stansiyaya dronla endirilən zərbə nüvə obyektinin
əsas reaktorlarına təsir göstərməyib: “Bu məsuliyyətsiz hücumlar
stansiyada nüvə təhlükəsizliyini təhdid edir və qəza riskini artırır. Belə
hücumlar dərhal dayandırılmalıdır”.

Deməli, perspektivdə Ukraynanın dörd, Rusiyanın isə on bir AES-i
nüvə təhlükəsi mənbəyidir. Çünki Moskva rəsmiləri Ukraynanı nüvə
silahı ilə dəfələrlə hədələyib. Rusiya Təhlükəsizlik Şurası sədrinin
müavini Dmitri Medvedev bu ilin yanvarında bildirmişdi: “Kiyevin RF
dəki buraxılış qurğularını Qərb raketləri ilə məhv etmək cəhdləri
Rusiyanın nüvə silahından istifadəsinə əsas olacaq”.

 

Rafael Qrossi
Qərb ölkələrinin bir çoxu Ukraynaya verdikləri silah və hərbi
texnikadan federasiya ərazisində istifadəyə icazə verib. Bu isə
D.Medvedevin açıqlamasında irəli sürdüyü hədənin reallaşma
ehtimalını gücləndirir. Ona görə ilk növbədə yeni silah kimi AES-lər
göz önünə gəlir. Zaporojye AES-ə edilən dron hücumu da buna örnək
sayıla bilər. Bu zaman məsuliyyəti hansı tərəfin daşıdığını da
müəyyən etmək çətin olur, yaxud tərəflər törətdikləri əməli etiraf
etmirlər.

Beləliklə, dünya yeni silahın, AES-lərin partladılması təhlükəsi ilə üz
üzədir. Azərbaycanın qonşuluğunda iki ölkədə belə stansiyalar
fəaliyyət göstərir: Ermənistanda “Metsamor” və İranda “Buşehr” AES.

Qonşu ölkələr “Metsamor” AES-in istismara yararsız olduğuna dair
AEBA-ya dəfələrlə müraciət edib. Təəssüf ki, agentlik hələ də bu
çağırışlara laqeyd yanaşır.

“Metsamor” stansiyası Türkiyə sərhədindən 17,5, İran sərhədindən 60,
Azərbaycan sərhədindən isə cəmi 75 kilometr məsafədə yerləşir.
Ermənistanın hazırkı böhranlı vəziyyətində stansiyaya qulluq etmək
üçün maliyyə vəsaiti çatışmadığı istisna edilmir. Bu isə onun
təhlükəsiz istismarının mümkün olmadığını söyləməyə əsas verir. Hələ
bir neçə il əvvəl ABŞ dövlət katibi müşavirinin Avropa və Avrasiya
məsələləri üzrə o vaxtkı müavini Erik Rubinin sədrlik etdiyi iclasda bu
stansiyanın fəaliyyəti də müzakirə olunmuşdu. Onda Ermənistan
stansiyanın fəaliyyətini dayandıracağına dair sənəd imzalamışdı.
Sənədi Ermənistan tərəfdən keçmiş energetika naziri Armen
Movsisyan, ABŞ tərəfdən isə Ermənistandakı keçmiş səfir Con Heffern
imzalamışdılar. Onda səfir bildirmişdi ki, ABŞ Avropa İttifaqının (Aİ)
sözügedən AES-in 2016-cı ilədək dayandırılacağı barədə mövqeyini
bölüşür.

Göründüyü kimi, Ermənistan hakimiyyəti AES-in fəaliyyətini
dayandıracağı ilə bağlı öhdəliyi yerinə yetirmir. Bu stansiyanın
mövcudluğu Cənubi Qafqazda yaşayan 17 milyon insanın həyatını,
sağlamlığını təhlükə altında qoyub. Əgər regionda qarışıqlıq yaratmaq
istəyən qüvvələrdən biri “Metsamor” AES-ə Zaporojyedəki olduğu
kimi, dron hücumu həyata keçirərsə, o zaman fəlakətin miqyası böyük
olar. Belə bir şəraitdə sual yaranır: istismar müddəti başa çatan
stansiyanın təhlükəsizliyi təmin olunur? Elə İrandakı Buşehr AES-lə
bağlı oxşar ehtimalı da irəli sürmək mümkündür. Orada baş
verəcəyindən ehtiyat edilən mümkün hadisə isə Güney Azərbaycan
türklərinin həyatına birbaşa təhlükədir.

Rusiyanın Ukraynada əsas hədəfləri enerji mənbələrdir. Yəni söhbət
adi transformatorların, yarımstansiyaların, yaxud istilik elektrik
stansiyalarının partladılmasından getmir. Kaxovka SES-in dağıdılması
və Zaporojye AES-in dronla vurulması bu tip obyektlərin hədəfdə
olduğunu təsdiqləyir. Odur ki, dünya Rusiya-Ukrayna müharibəsində
tətbiq edilən yeni silahın – AES sınağının şahidi olur…
Sədrəddin İsmayılov,
Şərhçi

Şərhlər bağlıdır.