“Traktor” klubunun sahibi gileylənir: Öz dilimizdə də…

Son günlərdə “ATA Hava Yolları”nın uçuşlarında sərnişinlərin türkcə
qarşılanması və bunun ölkənin rəsmi dilinə zidd addım olduğu
iddiası ətrafında sosial mediada istifadəçilər arasında geniş
müzakirələr aparılıb. Bu məsələyə “Traktor” klubunun və ATA Hava
Yollarının sahibi Məhəmmədrza Zunuzi münasibət bildirib.
İran mətbuatının verdiyi məlumata görə, Zunuzi, qalxma və enmə
nöqtəsinin Təbriz olduğu ATA uçuşlarında sərnişinlərin fars və
ingilis dilləri ilə yanaşı, türkcə də qarşılandığını təsdiqləyib. O, bu
məsələyə qarşı yönələn tənqidlərə cavab olaraq bildirib: “Biri sosial
mediada və bəzi medialarda yazıb ki, separatizm ATA-dan başlayıb.
Niyə insanlara bu cür damğa vuraraq onları narazı edirsiniz?”
Zunuzi, hava limanında sərnişinlərin türkcə qarşılanması ilə bağlı
reaksiyalara tənqidi yanaşaraq sual verib: “Biz öz şəhərimizdə türkcə
danışa bilmirik?” O, bu addımı separatizm kimi görənlərin
yanıldığını vurğulayıb və əlavə edib: “İranı müxtəlif etnik qruplar
birgə formalaşdırıb. Biz separatçı deyilik, əksinə, bu
davranışlarınızla siz bəzi insanların sui-istifadəsinə yol açırsınız”.
Müzakirələr, X sosial şəbəkəsində bir istifadəçinin ATA reyslərində
türkcə qarşılanmanı separatizm kimi dəyərləndirdiyi paylaşımı ilə
başlamışdı. Həmin paylaşımda qeyd olunurdu ki, iki həftədir ki,
sərnişinlərin reyslərdə türkcə [Azərbaycan türkcəsi] qarşılanması
prosesi aparılır. Lakin Zunuzi bu ittihamları qətiyyətlə rədd edərək,
damğa vuranlara sərt şəkildə “separatçı sizin atanızdır” -deyə cavab
verib.
Ata Hava Yollarının sahibi, həmçinin ölkə mediasına və İran Futbol
Federasiyasına qarşı da tənqidlər səsləndirib. O, “Traktor” klubuna
qarşı ayrı-seçkiliyin olduğunu bildirib. Zunuzi, bundan əvvəl də
dəfələrlə komandanın oyunlarının milli televiziya vasitəsilə canlı
yayımlanmamasını və Futbol Federasiyasının ədalətsiz qərarlarını da
tənqid etmişdi.
Traktor klubunun sahibi Məhəmmədrza Zunuzi, klubuna qarşı ayrı
seçkilik olduğunu iddia edərək, İran Futbol Federasiyası və media
qurumlarına kəskin tənqidlər yönəldib. “Niyə bir şəhər
komandasının [Traktor] hazırda İranda ən populyar komanda
olduğunu qəbul etmirsiniz? Niyə bu reallığa qarşı gəlmək
istəyirsiniz? Bunları etməkdənsə, bizə qoşulun və bu potensialdan
istifadə edin. Mən sizin hərəkətinizin səbəbini bilmirəm. Lakin
məntiqli səbəbiniz olmadığına əminəm.” -deyə, o qeyd edib.
İranda futbol federasiyasının və medianın komandasına qarşı
sərgilədiyi yanaşmanı tənqid edən azərbaycanlı biznesmen bildirib k,
“Federasiyadan tutmuş radio və televiziyaya, digər mediaya qədər
onların imkanları var, bizdə isə yoxdur. Nə qədər xərcləsək və
keyfiyyətli oyunçular cəlb etsək də, yenə də komandamızın başını
alırlar.”
O, rəsmi radio və televiziya verilişlərində çıxış edən ekspertlərin də
“əvvəlcədən müəyyən olunmuş qaydada rəy verdiklərini” irəli sürərək
əlavə edib: “Biz pul xərcləyirik ki, cənablar istədikləri nəticəni
çıxarsın.”
Əslən Təbrizdən olan və bir neçə şirkətin sahibi olan azərbaycanlı iş
adamı Zunuzi “Traktor” klubunun ölkənin rəsmi və qeyri-rəsmi
mediası və həmçinin futbol federasiyası tərəfindən layiq olduğu
dəyəri almadığını iddia edərək bu qurumların fəaliyyətinə qarşı ciddi
narazılığını ifadə edir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.