“Yurdumun sirləri” – əsrimizin bestselleri – Esmira Fuad yazır
VƏ YA RZA BƏRAHƏNİ YARADICILIĞINA BİR BAXIŞ
Esmira FUAD
Fransa ədəbiyyatının “Qadın Ceyms Coysu” adı ilə tanınan ünlü nümayəndəsi, Fransanın böyük feminist yazıçısı Helen Cixos Rza Bərahəninin “Ayazın cəhənnəm günləri” romanını oxuduqdan sonra, roman haqqında öz fikir və düşüncələrini bu cümlələrlə ifadə edir: “Oxu həyatında yeni bir əsəri bulmaq çox çətin və nadir bir hadisədir, bir sevgili ölünün qəbirdən baş qaldırıb dirilməsi kimi bir şeydir. O gün insan ədəbiyyatın həqiqi gücünə inanır. Məncə, hər 10, ya 5 ildən bir belə hadisəyə tanıq ola bilərik. Mənim üçün qiyamət günü idi. “Ayazın cəhənnəm günləri” romanını oxuduğum zaman elə bir günü yaşadım. Cəhənnəmin özünü təcrübə etdim. Əsl Cəhənnəm idi. Belə əsərləri oxumaq mənim üçün dözülməzdir. Yazarın iç dünyasından qaynayıb axan əsəri oxumaq mənə işgəncə verirdi. Bax, Rza Bərahəninin bu əsəri mənə Cəhənnəmin nə olduğunu yaşatdı. Rzanın Cəhənnəmi gözəl və baxımlı bir saraydır, İran, Türk və Batı arxivləri ilə doludur. Ensiklopedik bilgilər və xatirələr yığınıdır, başlanğıcı moderndir. Əslində Cəhənnəm deməli idim, gözəl cəhənnəmlər… Çünki Rza dünyasının hər tərəfindən Cəhənnəm alovlanır. Dustaqların şeirini və ailədə baş verən cinayətləri yazır. Rza çox böyük şair və xəyalpərvər bir müəllim olmaqla yanaşı, ədəbiyyat adamıdır. O, dünya söz sənəti sehrbazları və yeni azadlıq yaradıcıları cərgəsinə daxildir…”
Roman ünlü bolqar filosof-psixoloqu, feminist yazarı Yuliya Stoyanova-Kristevaya da eyni cəhənnəm şokunu yaşadır.
Oxucularını romanlarında təsvir etdiyi qandonduran gerçəklərlə Cəhənnəm odunun içərisinə atan və əsl səhənnəm yaşadan dev yazarın gerçəkçi bir “söz sənəti sehrbazı” olmasının, xalqının birikmiş dərdlərinin özgə dillərdə tərcümanına çevrilməsinin nədənləri özünün ağrılı xatirələrində açıqlanır:”Məktəbdə (“Pərvəriş”-E.F.) oxuduğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra (1946), türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmusdum. Anam soruşdu: “Niyə tutqunsan?” Mən hadisəni ona danışdım. Anamın o an mənə dediyi: “Oğul, türkcə yaz!” – sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırdım, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim. Məktəbin müdir müavini gəlib onu qopardı. Sonra zəngi çaldı. Hamını – şagird və müəllimləri məktəbin həyətinə çağırıb sıraya düzdü. O, bizdən türk dilində soruşdu: “Türk dilində olan bu qəzeti kim yazıb yapısdırıb?” 11-12 yaşım var idi. Mən qabağa çıxdım. Müavin mənə türkcə dedi: “Məgər deməmişdim ki, türkcə yazmayın?” Dedim: “Bəli, deyibsiz…” Yenə türkcə soruşdu: “Bəs niyə yazıbsan?” Cavab verdim: “Mən farsca bilmirəm”. O, qəzeti yerə atdı. Sonra boynumun kökündən tutub başımı aşağı əydi. Öz türkcəmizdə mənə dedi: “Yala buraxdığın bu qəzeti…” Mən o qəzetin bütün boyalarını sonadək yaladım… (Səlim Babullaoğlu. “Yazmaq ləzzəti digər ləzzətlərin əvəzedicisidi “525-ci qəzet”. 9 aprel 2011. s. 26-27)
Bu azmış kimi, 1945-ci ilin 12 dekabrında S.C.Pişəvərinin və silahdaşlarının qurduğu Milli Hökumət dövründə bircə il türkcə təhsil alan kiçik Rzanın 1946-cı ilin sonunda türkcə dərslikləri də əlindən alınaraq gözlərinin önündəcə yandırılır və həyatının ikinci travmasını da yaşayır: “…Onlar bizi türk dilində yazılmış dərslikləri Şəhrdari (Bələdiyyə) meydanına toplayıb yandırmağa məcbur etdilər. Kitabların alovları bizim başımızın üstündə dar ağaclarından asılmış kişilərin ayaqlarına qədər qalxırdı. Gündüzləri Təbrizi qoruyub gecələri isə küçələrinə asfalt çəkən fədailər demokrat firqəsi devrildikdən sonra evlərindən çıxarılır, onlardan arxalarına baxmadan yerimələrini tələb edir, sonra biz uşaqların gözləri önündəcə arxadan atəş açıb cəsədlərini küçədəki nova atırdılar…” (amerikaninsesi.org/a/kitab-iran/1813673.html)
Dahi yazarın ömür səhifələrindən bu ikicə yarpaq bəlirləyir ki, həyatı çox ağır şərtlər altında keçib, hakim millətin, məzlum millətə verdiyi sitəmləri görə-görə böyüyüb, bu şərtlər altında oxuyub, orta və ali təhsilini yad dildə – farsca tamamlamalı olub. Əslində divar qəzetinə türkcə yazdıqları onun “söz dünyasının sehrbazı” olacağının ilk işartıları idi… Lakin doğma dilində danışmaq, yazmaqda elə o dönəmdə – 1946-cı ilin sonunda yasaqlanıb… Amma anasının həzin-həzin qulaqlarına oxuduğu layla dilini heç vaxt unutmayıb və bu dillə iliklərinədək yeridilən türklük ruhuna ömrü boyu sadiq qalıb və türk ruhu, təfəkkürü ilə, ancaq farsca yazdığı “Yurdumun sirləri”, “Ayazın cəhənnəm günləri” romanları böyük əks-səda doğuraraq ədəbi aləmdə şimşək tək çaxıb. Həm “Öldürülənlərin avazı”, “Azadə xanım və yazarı”, “Təbrizlilər”, “Taclı hanniballar-adamyeyənlər”, “İlyas bəy Nyu-Yorkda” və s. romanları, həm “Zillullah (Zindan şeirləri)”, “Allahın kölgəsi”, “Pəncərənin yanına gəl”, “Kəpənəklərə xitabən” şeir topluları, həm də İranın siyasi, ictimai və sosial-tarixi strukturu üzərinə yazdığı “Şəhrizad və onun yazarı”, “Kişilik tarixi”, “Lilit”, “Maskulin tarix”, “Misir səfəri” və bütövlükdə lirik hiss və duyğularının, ədəbi-tənqidi fikirlərinin yer aldığı 50-yə yaxın kitabında İrandakı hakim rejimin cinayətlərini, çirkin əməllərini ifşa edib, rejim tərəfindən haqq və hüquqları əlindən alınan, ana dili yasaqlanan, milli hissləri aşağılanan xalqının gerçək durumunu, tarixini qələmə alıb. İrihəcmli “Misdə qızıl” kitabındakı eleştiriləri ilə İranda Avropa tipli ədəbi tənqidin əsasını qoyub və İran ədəbi tənqidinin atası statusunu qazanıb. İran tarixi ilə bağlı içindən gələnləri qələmə aldığı “Dismemberment – Tikə-tikə etmək” əsərində isə tarixdə bir-birlərinə bənzəyən müxtəlif adamları bir xarakterin timsalında canlandırıb. Demokratiya, insan hüquqları, ifadə azadlığı, türk dil haqları və qadın-kişi bərabərliyi uğrunda, habelə istibdad və senzuraya qarşı mübarizə apardığına görə həm Şah, həm də İslam inqilabından sonrakı dönəmdə həbs olunub, burada olmazın işgəncələrə məruz qalıb… Zindan əzabını, işgəncələri şəxsən yaşadığına görə, onun xatirələrin dili ilə yazdığı şeir, poema və romanlar bu dərəcədə inandırıcı alınıb. Fars, ingilis, yaxud fransız dilində qələmə aldığı bu əsərlərdə mənfi, ya müsbət, fərq eləməz, daha çox öz xalqının bütün zümrələrdən olan nümayəndələrinin parlaq, capcanlı obrazlarını yaradaraq Azərbaycan milli varlığını ədəbi müstəviyə gətirib…
Rza Bərahəni romanlarında Tənbəki üsyanı (9 mart 1891-ci il), Məşrutə (1906-1911) və Xiyabani hərəkatları (1920), Seyid Cəfər Pişəvərinin qurduğu Demokratik Hökumət (1945-1946) və İran İslam İnqilabı (1978-1979) zamanı baş verən tarixi hadisələrin ən yüksək poetik dillə son dərəcə maraqlı təhkiyəsini yaradıb…
Tanınmış türkoloq və yazar Toğrul Atabayın çoxyönlü şəxsiyyət və tənqidi ağlın ən itisözlü təmsilçilərindən biri saydığı Rza Bərahəni müstəmləkəçiliyə qarşı çıxıb, yurdunun gizlədilən, ört-basdır edilən sirlərini açıqlığa qovuşdurub. Ancaq bu romanları ana dilində deyil, farsca yazmaq zorunda qalmasını qəbullana bilməyib. Ömrünün ixtiyar çağında illər boyu içində daşıdığı acını etiraf etməyi və bu yolun yolçusu olan soydaşlarını ayıltmağı gərəkli sayıb:”Biz fars dilinə xidmət etmək məcburiyyətində qalmışıq. Əslində bizi elə duruma salıblar ki, biz öz dilimizə xəyanət etmişik. Nəyə görə mən, bir Azərbaycan aydını 70 yaşımda belə bir hiss keçirməliyəm?! Bizim dilimizi əlimizdən alıblar. İstəmərəm ki, məndən alınan haqq başqalarından da alınsın. Biz qoymamalıyıq ki, bizdən sonra gələnləri dildən məhrum etsinlər…” Bu gerçəyin bədii ifadəsi ana dilinə həsr elədiyi bu şeirində damarlarda axan qanı dondurur:
Qavalçalan oxuyar dağ ətəyində,
Bağın dibində sənin əksini tapanda,
Bu əksi basanda bağrına gizlin,
Dilim! Dilim! – deyən
Heyf olmuşum, yazığım, gözəl dilim,
Necə bağrımda yandı, lap külə döndü.
Dilini kəsib yasaqlasalar da, “bağrında yandırıb lap külə döndərsələr də”, ana dilində təhsil almaq, roman, şeir oxumaq imkanı olmasa da, zehniaçıq, işlək qalır Rza Bərahəni… Və öz dilini savunur… Zehnini yasaq saxlamağa haqqının olmadığını dərk edir və qadağan olunmuşa – ana dilinə bir vasitəçi tapır. Beləliklə də, hakimin öz dilində ona qarşı üsyan edir. Dilinin kəsilməsini və çoxuşaqlı, yoxsul bir ailədə doğulmasını üsyanının əsası sayır və… üsyana gerçəkləri yazmaqla başlayır… İngilis dilini yeniyetməlik çağlarında ikən öyrənir və bu dildə xeyli kitab oxuyur. Təbriz Universitetini ingilis dili və ədəbiyyatı ixtisası üzrə bitirir. Təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirir, elmi işini ana dilində yazır və doktorluq dərəcəsi alır. İngilis dili ilə yanaşı, fransızcanı da mükəmməl bilməsi, dünya ədəbiyyatına və çağdaş elmi-nəzəri fikrə dərindən bələd olması o zamankı İran ədəbi mühitində ona böyük üstünlük qazandırır. Gənclik illərindən dünya ədəbiyyatı ilə ciddi şəkildə tanış olması, ingilis dili araçılığı ilə də dünyanı öyrənməyə və tanımağa başlayır. Dostoyevski, Tolstoy, Folkner və başqalarının əsərlərini də çox erkən yaşlarında ingiliscə oxuyur. “Bədbəxt adamlar” romanını oxuyanda ona elə gəlir ki, Dostoyevski Təbrizdə olub və Güney Azərbaycan türklərindən, təbrizlilərdən yazıb. “Bəyaz gecələr” romanı isə yazmaqdan əsla vaz keçə bilməyəcəyini anladır Rza Bərahəniyə… Sonra ədibin “Cinayət və cəza” romanını oxuyur və içində olduğu hərəkatla F.Dostoyevskinin bir bağlılığı olduğunu hiss edir. Lakin yazıçının “Gizlinlərdən qeydlər” romanını mütaliə edərkən daha çox təəccüblənir və əsərin sanki öz qələmindən çıxdığını sanır… Ona görə də roman yaradıcılığında özünü Fyodor Dostoyevskinin şagirdi sayır.
(Ardı var)
Şərhlər bağlıdır.