İranda bu post uğrunda mübarizə başladı: Xamenei SEPAH-la toqquşur

İran Ekspertlər Şurasının üzvü və İsfahanın cümə imamı
Əbülhəsən Məhdəvi deyib ki, Ekspertlər Şurasının təşkil etdiyi
məxfi komissiya ölkənin ali rəhbəri Əli Xameneidən sonrakı dövr
üçün 3 nəfəri araşdırıb, seçib və onların rəhbərlik
qabiliyyətlərini təsdiq edib. O, bunun Əli Xameneinin istəyi və
tapşırığı əsasında baş verdiyini bildirib.
Globalinfo.az-a danışan siyasi analitik Aqşin Kərimov deyib ki,
İranın daxili siyasi həyatında, İran hərbi-siyasi ruhani
müstəvisindəki hərəkətlənmənin intensivləşdiyini demək olar:
“Bu hərəkətlənmənin intensivləşməsini İranın xarici siyasətdə
üzləşdiyi risklərin daxili səhnədə öz əks-sədasını tapması kimi
izah etmək olar.
İran Ali Lideri Seyid Əli Xamenei nüfuz itkisi ilə üzləşib. Belə ki,
o, ultramühafizəkarlar arasında mövqelərini laxladan bir siyasət
yürüdüb.
Bundan sonra o, öz yerinə varislik sistemi ilə təyinat aparılması
istəyi ilə çıxış etməklə həm indiki mövqeyini gücləndirmək
niyyətindədir, həm də bundan sonra özünün ali fəxri statusunu
saxlamaq kimi bir məqsəd daşıyır.
İran daxili siyasi həyatı çox mürəkkəbdir. Xarici siyasətdəki
uğursuzluqlar, üzləşilən risklər birbaşa İranın daxili siyasi
arenasına təsir göstərir. Bu mənada söyləyə bilərik ki, post
Xamenei dövrünə hazırlıq güclü rəqabət və qruplar arasında
düşmənçilik səviyyəsində aparılır.


Aqşin Kərimov
Eyni zamanda İranda radikallar ilə ultramuhafizəkarlar arasında
da fikir ayrılığı mövcuddur. Xamenei əslində Məsud Pezeşkianı
irəli verməklə ultramühafizəkarlar ilə mühafizəkarlar arasında
nüfuz itkisini liberal düşərgə hesabına kompensasiya etmiş
oldu. Bu gün varis seçimi məhz bu kompensasiyanın
müşayiətində baş tutur.
Əvvəl iki şəxsin adı çox hallanırdı. Bunlar mərhum Seyid İbrahim
Rəisi və Xameneinin oğlu Müstəba Xamenei idi. Lakin digər
üçüncü namizədin kimliyi ilə bağlı etibarlı və dəqiq informasiya
yoxdur. Ekspertlər Şurasına təqdim olunan siyahı məxfi qriflə
yalnız İran elitasına məlumdur. İctimaiyyətdən bu məsələ gizli
saxlanılır. İctimaiyyəti post-Xamenei dövrünə alışdırmaq üçün
hazırlıq gedir.
İran lideri çalışacaq ki, öz yerinə oğlunu təyin etsin. Üstəlik
Xamenei İranın daxili və xarici siyasət vektorlarında güc mərkəzi
kimi çıxış edən SEPAH üzərində hərtərəfli nəzarəti bərpa
etməkdə maraqlıdır. Lakin nəhəng bir güc imperiyasına
çevrilmiş SEPAH-ın birbaşa təsirlərini minimallaşdırmaq çətindir,
ona görə də SEPAH növbəti ali rəhbər seçimində pərdəarxası
əsas söz sahibi kimi çıxış edə bilər.
Turan Rzayev
Globalinfo.az

Şərhlər bağlıdır.