Dünyada, o cümlədən bizim regionumuzda dayanıqlı sülhün, təhlükəsizliyin
təmin edilməsi bütün dövrlərdə əsas çağırışlardan olsa da, Qərbin müxtəlif
adlar altında bu və ya digər dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri vəziyyəti
gərginləşdirir, yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur.
Azərbaycanın qonşusu və yaxın dostu Gürcüstanda parlament seçkilərindən
sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin
əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin
keçirilməsinə yönəlmiş fəaliyyəti aydın göstərir ki, Qərb bu Cənubi Qafqaz
ölkəsində “rəngli inqilab” ssenarisi planlaşdırıb və onu nəyin bahasına olursa
olsun həyata keçirməyə çalışır. İnqilabın başlıca məqsədi mövcud hakimiyyəti
devirmək və Gürcüstanda qərbmeylli, Qərbdən idarə olunan iqtidar komandası
formalaşdırmaqdır.
Beynəlxalq hüququn normalarına əsasən ölkələrin daxili işlərinə müdaxilələr
yolverilməz olduğu halda Qərbin beynəlxalq hüququn norma və prinsiplərini
kobud şəkildə pozaraq bu istiqamətdə addımlar atmaqda davam etməsi
müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Görəsən, bəzi dünya
gücləri maraqlarını ədalət və beynəlxalq hüquq prinsiplərindən öndə
saxlamaqla bu günədək yaratdıqları gərginliklərin, münaqişə ocaqlarının
fərqindədirlərmi? Hər zaman bu çağırış səsləndirilir ki, dünya güclərinin ikili
standartlara əsaslanan siyasətinə son qoyulmayanadək vəziyyətin bu şəkildə
davam etməsi qaçılmazdır. Hazırda regionda gərginliyin yaradılmasına yönələn
addımlar da özündə mühüm məqamları və çağırışları ehtiva edir. Belə ki,
Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari 2004-cü ildə postsovet
məkanında, o cümlədən Ukrayna və Gürcüstanda reallaşdırılmış “rəngli
inqilab”ların, habelə 2014-cü ildə Ukraynada baş vermiş inqilabın yenidən
özünəməxsus formada təkrarının təsdiqidir.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında
bildirib. Azerbaycan-ruznamesi.org millət vəkilinin sözlərini sizlərə təqdim
edir.
V.Rəhimzadə qeyd edib ki, Gürcüstan seçicilərinin böyük əksəriyyətinin “Gürcü
Arzusu-Demokratik Gürcüstan” Partiyasına səs verməsi Qərbin planlarını alt
üst etdi. Artıq o vaxtdan ölkədə vəziyyət daha da gərginləşməyə bağlayıb:
“Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının seçkilərdə qalib
gəlməsi xarici dairələrlə yanaşı, Gürcüstandakı daxili antimilli qüvvələri də
məyus etdi. Seçkilərdən öncəki vəziyyətə diqqət yetirdikdə bugünkü cəhdlərin
əsasında hansı məqsədin dayandığını aydın görmək mümkündür. Avropa
İttifaqı və digər Qərb təsisatları Gürcüstanda parlament seçkiləri ərəfəsində
iğtişaşlar üçün zəmin hazırlıqlarına başladılar. “Xarici təsirin şəffaflığı
haqqında” qanun layihəsinin parlamentdə müzakirəsindən sonra məğlubiyyətə
uğrayacaqlarını bilən xarici dairələr Tbilisinin küçələrində davamlı etiraz
aksiyaları təşkil etməklə niyyətlərinə çata biləcəklərini düşünürdülər. Lakin
səsvermə prosesində “Gürcü Arzusu”nu dəstəkləməklə birlik nümayiş etdirən
xalq istəyinə nail oldu. Qərbin məqsədi idarə etdiyi Ermənistandan sonra
Gürcüstanda da öz maraqlarına uyğun oyuncaq hökumət formalaşdırmaq,
Cənubi Qafqazı Qərb-Rusiya qarşıdurması məkanına çevirmək idi. Amma bu
çirkin plan baş tutmadı. Parlament seçkilərinin seçicilərin istəyinə uyğun
nəticələnməsində dost gürcü xalqının yanında olduğunu bildirən Azərbaycan
Qərbə birmənalı olaraq göstərdi ki, onun regionda heç bir inqilab ssenarisi baş
tutmayacaq. “Gürcü Arzusu”nun qələbəsi Gürcüstan hakimiyyətinin son illər
Qərb şəbəkəsini ifşa etmək istiqamətində göstərdiyi qətiyyətin, atdığı inamlı
addımların uğurlu nəticəsi idi. Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi,
Gürcüstan hökuməti son vaxtlar Qərbin təzyiq vasitələrinin təsirini minimuma
endirmək üçün addımlar atmağa başladı və bu səylər artıq müəyyən uğurlara
gətirib çıxarıb. Parlamentin “Xarici təsirin şəffaflığı haqqında” Qanunu qəbul
etməsi, cinsi azlıqların fəaliyyətini məhdudlaşdıran normativ-hüquqi aktların
tətbiqi, habelə hökumətin ölkənin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına
üzvlük məsələsini gündəmə gətirməməyə qərar verməsi Gürcüstan
hakimiyyətinin bu təhlükəni gördüyünü və əks tədbirlər reallaşdırdığını nümayiş
etdirir”.
V.Rəhimzadənin sözlərinə görə, artıq yayılmış məlumatlar da təsdiq edir ki,
Qərb Ukraynanın parçalanması ssenarisini gerçəkləşdirir.
“Neçə illərdir Ukrayna xalqına Qərb mərkəzlərinin verdiyi vədlər yerinə
yetirilmir, ölkə sözün əsl mənasında həm iqtisadi, həm də insan resursları
baxımından fəlakətli vəziyyətlə üzləşib. Qərb ümumilikdə hibrid müharibələr
vasitəsilə postsovet məkanında ayrı-ayrı ölkələrin müqəddəratı, milyonlarla
insanın canı və qanı bahasına qaynar nöqtələr yaratmaq planını
gerçəkləşdirməyə çalışır. Eyni ssenarinin qarşıdan gələn dövrdə parlament
seçkiləri keçiriləcək Serbiyada da təkrarlanması gözlənilir”, – o əlavə edib.
Deputat bildirib ki, hazırda Qərbin nəzarətində olan siyasi partiyaların,
medianın, QHT-lərin, diplomatların Gürcüstanda sabitliyi pozmaq xəttini
tutduğu aydın görünür. Gürcü xalqı Qərbin və onun təəssübkeşlərinin əsl
niyyətinin nədən ibarət olduğunu yaxşı anlayır və buna ciddi müqavimət
göstərir. Gürcülər yaxşı bilirlər ki, xarici təsirlərin sarsıdıcı nəticələrindən
sığortalanmağın yeganə yolu regional birlikdən, xüsusilə Azərbaycanla
əlaqələri daha da gücləndirməkdən keçir. Azərbaycan və gürcü xalqları bir
yerdə olduqca və eyni hədəfə doğru irəlilədikcə regionu qeyri-sabitlik məkanına
çevirmək cəhdləri heç bir nəticə verməyəcək. Dövlətimizin başçısı İlham
Əliyevin “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin
amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən,
ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə
edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr,
saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o
başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən,
qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar,
savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!” çağırışı regionda
gərginlik yaratmağa cəhd edən Qərb dairələrinə ciddi mesajdır.
V.Rəhimzadə bildirib ki, region dövlətləri arasında yalnız Ermənistan xarici
dəstəkçilərinin çaldığı hava ilə oynayır və onların maraqlarının icraçısı
olmaqdan geri çəkilmək istəmir. Bu gün də Qərbin dəstəyi ilə silahlanan
Ermənistan özünün fəlakətli sonluğuna doğru irəliləməkdə davam edir. Qərbin
Gürcüstan ssenarisinin pozulması Ermənistan hakimiyyətinin ümidlərini
sarsıtdı. Ermənilər Qərbin Ukrayna ilə bağlı planının da baş tutacağını düşünür,
Ermənistan hakimiyyəti planlarını bu istəyindən çıxış edərək qururdu. Ancaq
son dövrlər Rusiya-Ukrayna cəbhəsində müşahidə olunan proseslər
ermənilərin bu arzusunun da puça çıxdığını göstərir.
Deputat belə bir ümumiləşdirmə aparıb ki, Azərbaycan tarixi Zəfəri,
suverenliyini tam bərpa etməsi ilə regionda, eyni zamanda, dünya siyasətində
yeni reallıqlar yaradıb. Bu reallıqlar dünyaya sülh, təhlükəsizlik, ən əsası ədalət
və beynəlxalq hüquq prinsiplərinə hörmət etmək çağırışıdır. Bəzi dünya gücləri
bu prinsiplərin maraqlarının arxasında dayanmasının hansı problemlərə yol
açdığının fərqində olmalıdır.
Şərhlər bağlıdır.