İranda yeni hicab qanunu xüsusilə mərkəzdən uzaq bölgələrdə qadınlara təzyiqlərin artmasına yol açacaq

Jalə Təbrizli

Keçən sentyabr ayında İranda konstitusiyanı qoruma şurası tərəfindən də qəbul edilən “Hicab və İffət” qanununun qüvvəyə minməsi üçün proses parlamentin sədri Məhəmməd Bağır Qalibafın bildirdiyinə görə, dekabrın 13-də başlayacaq.

Amerikanın Səsinə danışan hüquq müdafiəçisi Jalə Təbrizli hesab edir ki, hicab qanununu Tehran kimi böyük şəhərlərdə tətbiq etmək hakimiyyət üçün çətin olacaq, lakin qadınların geyiminə nəzarət edən qüvvələr İran Azərbaycanı kimi mərkəzdənkənar bölgələrdə qadınlara basqıları daha da artıracaqlar.
“Mən fikr edirəm ki, hakimiyyət müvəffəq olmayacaq bu qanunu Tehran kimi yerlərdə icra etsin, amma başqa yerlərdə, o cümlədən bizim Azərbaycanda basqıları artıracaqlar. Kiçik şəhərlərdə də ailələr geri oturur. Ailələr öz övladlarını müdafiə etmirlər,” Jalə Təbrizli söyləyib.

Son zamanlar İranın müxtəlif vilayətləri, o cümlədən İran Azərbaycanında gənc qadınlar və yeniyetmə qızların təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinə məruz qalması ilə bağlı xəbərlər artmaqdadır. Hüquq müdafiəçiləri həmçinin bu yaxınlarda Təbrizdə İranın ali dini liderini aşağılamaqda suçlanan Nigar Dabbağinin iki həftə nəzarətdə saxlanıldığını bildiriblər. 17 yaşlı yeniyetmə olduğu bildirilən Dabbaği mülki zəmanət qarşılığında azadlığa buraxılıb, ancaq onun məhkəmə prosesi davam edəcək.

“Nigar Dabbaği 17 yaşında. Qanunən onu bu yaşda həbs etməyə haqları yoxdur. Özü deyir ki, mən heç nə etməmişəm, sadəcə şüar yazmağa görə tutublar. 12 gün zindanda saxlayıblar. Sonra mülki zəmanətlə müvəqqəti olaraq azad olub. Deyir ki, mənə dedilər peşman olmadığın üçün səni mühakimə edəcəyik”, Jalə Təbrizli deyib.

Hüquq müdafiəçisi digər qadınlara da basqıları qeyd əlavə edib.

“Təkcə Nigar Dabbaği deyil. Səhər Məmizadəni Ərdəbildə tutublar. 29 yaşında, ailəsinin tək qızıdır. Sosial media paylaşımları üçün tutulub. Armita Pavir etirazlardan bəri Təbrizdə həbsdədir. İndi də təkadamlıq kamerada saxlanılır. Rövşənək Mövlayinin də vəziyyəti bəlli deyil… Yəni, İslam Cümhuriyyəti düzdü ki, hamını tutur. Amma qadınlara daha artıq basqı var.”

Jalə Təbrizli müsahibədə həmçinin bu yaxınlarda keçirilən Birləşmiş Millətlər Təşkilatının Azalıqların Məsələləri üzrə Forumunun 17-ci sessiyası haqqında danışıb. O, nümayəndəsi olduğu hüquq müdafiə cəmiyyətinin (Ərk) həmin iclas çərçivəsində fəaliyyətlərini şərh edib.

https://www.amerikaninsesi.org/a/7884285.html

Şərhlər bağlıdır.