Azərbaycan Demokrat Firqəsinin “21 Azər” hərəkatının 79-cu ildönümü münasibəti ilə təbriki

Hörmətli Azərbaycan Demokrat Firqəsinin üzvləri, tərəfdaşlar
və məsləkdaşlar, icazə verin sizləri “21 Azər” hərəkatının 79-cu
ildönümü münasibəti ilə təbrik edim, ictimai-siyasi mübarizənizdə
və şəxsi həyatınızda uğurlar arzulayım!

İndi əksərimizin yadına o illərin mənzərələri, xatirələri düşür.
Gəlin, Milli Hökumətin 79 il əvvəlin bu günlərinin mənzərəsinə
diqqət yetirək. Milli Hökumətin nəzarətindəki ərazilərdə, baş
şəhərimiz Təbrizdə həyat öz axarı ilə davam edirdi. Təbriz radiosu
Azərbaycan dilində informasiyalarını yayır, verilişlərinə
başlayarkən şair Etimadın, bəstəkar Cahangir Cahangirovun birgə
bəstələdikləri Milli Hökumətimizin marşını səsləndirir, Milli
Filarmoniyada, Milli Teatrda məşqlər gedir, yeni açılan Təbriz
Dövlət Universitetində, şəhər və kənd məktəblərində,kitabxanalarda həyat öz məcrasına düşürdü. Səhiyyə şəbəkələrində insanlara pulsuz xidmət göstərilir, kəndlilər onlara məxsus toraqlardan götürdükləri məhsullardan qış azuqəsi kimi istifadə edir, tikinti-abadlıq işləri vüsət alırdı.

Fədailər və asayiş keşikçiləri tezliklə onları gözləyən xəyanətdən bixəbər xidməti borclarını yerinə yetirirdilər. Heç kimin ağlına gəlmirdi ki, Amerika və İngiltərənin himayə və hərtərəfli kömək etdiyi xain Pəhləvi xanədanı tezliklə minləri qanına qəltan edəcək. On minlərlə insan İranın ilan mələyən çöllərinə sürgünə
göndəriləcək. Təəssüf ki, tezliklə bu dəhşətlər yaşanacaqdı.

Təəssüf ki, “21 Azər” cəmi bir il ömür sürdü. Yarandığı gündə – dekabrın 12-də tarixin şərəfli yaddaşına qovuşdu.
Həmin gün Arazın digər tayına ailə üzvləri ilə birgə pənah
gətirən inqilab iştirakçılarının gümanına da gəlməzdi ki, bu,
nəsillərin mühacir taleyinin başlanğıcıdır. Çoxları Culfanı, Bulqar
çayını keçərkən, Heyran dağlarını aşarkən bir ömürlük mühacirətə
qovuşacaqlarını hiss edirlərmiş kimi çevrilib sonuncu dəfə dogma
elləri seyr edirdilər. Bu mərd, dəyanətli insanların məqsədi heç də
yeni yurdda məskunlaşmaq deyildi. Hamı tezliklə geri dönəcəyinə,
bir il əvvəl başlanan işlərin davam etdiriləcəyinə, İran daxilində
muxtariyyətə malik Azərbaycanda bəşəri hüquq və azadlıqların
bərpa ediləcəyinə əmin idi.

İndi o vaxtdan 79 il ötür. Tarix öz diqtəsini edib. Kəskin
darağını inqilab iştirakçılarının sıralarına çəkib. “21 Azər”
iştirakçılarının sağ qalanları barmaqla sayılan qədərdir. Onlar
dünyasını dəyişərkən gözlərində Təbriz həsrəti, dillərində “21
Azər” olub. Bu sədaqətin sirlərini elə “21 Azər”də, onun təşkilatçısı
və ilhamvericisi Azərbaycan Demokrat Firqəsinin qayəsində,
mahiyyətində, İran tarixinin XX əsrin əvvəllərindən indiyədək baş
verən proseslərində axtarmaq lazımdır. Ötən əsrdə “21 Azərə”dək
İranda baş verən hərəkatlar bizə məlumdur. Lakin o, sözün əsl
mənasında fundamental, bənzərsiz bir siyasi hadisədir. İstər
Səttarxan, Şeyx Məhəmməd Xiyabani, istərsə də, “22 Bəhmən”
inqilabları mahiyyətinə və xalqa keyfiyyətcə bəxş etdiklərinə görə
onunla müqayisəyə gəlməzdir.

İctimai qayəsinə görə bu hərəkatın miqyası daha böyükdür.
Belə ki, “Tənbəki” üsyanından başlayaraq “22 Bəhmən”ə qədər baş
verən inqilablar və xalq hərəkatları tamamilə siyasi xarakter daşıyıb,
ancaq siyasi hakimiyyətin dəyişməsi ilə başa çatıb. Lakin
Azərbaycan Demokrat Firqəsinin rəhbərlik etdiyi “21 Azər”
hərəkatı və onun yaratdığı Milli Hökumət təkcə siyasi dəyişiklikləri
ilə deyil, Azərbaycanın bütün ictimai, iqtisadi və mədəni sahələrdə
apardığı köklü islahatları, dəyişiklikləri ilə yadda qalıb. Cəmi bir il
hakimiyyətdə olan ADF-nin, Milli Hökumətin gördüyü işlər İran
tarixində reallaşdırılanların 100 ilinə bərabərdir. Belə desək, “21
Azər”in alternativi elə “21 Azər”dir. Dediklərimiz 1324-cü ilin 12
şəhrivərində (3 dekabr 1945-ci il) ADF-nin yaradıcıları tərəfindən
imzalanan Bəyannamənin dünyəviliyinə, bütün İran xalqlarının
mənafeyi ilə səslənməsinə əyani sübutdur. Bu, amerikalı
hüquqşünas Uilyam Duqlasın 1950-ci ildə yerli camaatın Milli
Hökumət və onun baş naziri Seyid Cəfər Pişəvərinin xidmətləri kimi
xartırladıqlarını qələmə alarkən tutduğu siyahıda da təsdiqini tapıb.
Ən mühüm islahatlar əsasən 3 kateqoriyaya bölünüb:
1. Siyasi islahatlar;
2. Mədəni islahatlar;
3. Siyasi-iqtisadi islahatlar.
Bəli, 79 ildir ki, Bakıda, Azərbaycanın müxtəlif bölgələrində,
Avropa ölkələrində və Amerikada, həmçinin İranda gizli də olsa “21
Azər”in ildönümləri qeyd olunur. Məlumat üçün bildirim ki,
dekabrın 12-də İsveçdən yayımlanacaq “21 Azər” həftəsinin bu dəfə
də kifayət qədər dinləyicisi olacaq. İlkin veriliş Ulu Öndərimiz
Heydər Əliyevin xatirəsinə məhəbbətimizi ifadə edəcək.

“Mühacirət” ifadəsi nə qədər üzüntülü olsa da, biz sözün əsl
mənasında bacı və qardaşlarımızın qayğısı, doğma münasibətləri
sayəsində əldə etdiklərimizi minnətdarlıqla dilə gətirməyə
borcluyuq. Bu, dünyanın heç bir ölkəsinin mühacirət fonunda
müqayisə edə bilməyəcəyi mütərəqqi nümunə, əyani misallardır.

79 il əvvəl yalnız silahı ilə ölkəmizə pənah gətirənlərin
sıralarından 200 elmlər namizədi və doktorun, minlərlə tanınmış
şəxsiyyətin yetişməsi, 10 minə yaxın soydaşımızın orden, medal,
fəxri adlarla təltif olunmaları, minlərə yeni mənzillərin verilməsi,
digər bəşəri qayğılar yalnız və yalnız mahiyyətində insanpərvərlik,
humanizm hökm sürən xalqın əhatəsində mümkün ola bilər. Məhz
buna görə də bizlər də Azərbaycan Respublikasının uğurlarını öz
nailiyyətlərimiz sayır, fəxr edir, yolunda hər cür fədakarlığa hazır
olduğumuzu əməli nümunələrimizlə sübuta yetiririk. 20 Yanvar
mücadiləsi, Qarabağ müharibələri, Vətən yolunda şəhadət, yüzlərlə
igidin təltifi, müstəqilliyimizin möhkəmlənməsi üçün digər
nümunələr Vətən sözünün bizim üçün hər şeydən əziz olduğunu
göstərir: Həm o tayda, həm bu tayda.

Nəsillər dəyişsə də yolumuz, amalımız dəyişməzdir. Biz inanırıq ki, yer üzünün diktaturalarının ömürləri tükəndikcə İrana və Cənubi Azərbaycana da azadlıq gələcək və bir daha deyəcəyik:
Bayramınız Mübarək!
Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin sədri,
Azərbaycanın əməkdar jurnalisti

Şərhlər bağlıdır.