Böyük hərəkət

1946-cı ilin aprel ayının 28-də sübh saat 4.30 sıralarında Təbzin Səttarxan
xiybanında böyük bir hərəkət müşadidə olunmaqda idi. Bu hərəkət axşam
Təbriz radiosunda Qəvvamüssəltənə hökumətinin dəvəti əsasında nümayəndə
heyətimizin Tehrana səfərini eşidən fabrik-zavod fəhlələri, firqə üzvləri, şəhərin
müxtəlif təbəqələri və xalq qoşunlarından ibarət idi.
Nazirlər Kabinetinin binasından təyyarə meydanına kimi, yəni ən azı 8
kilometrlik yolun hər iki tərəfində xalq qoşunlarının vahidləri düzülüb
səbirsizliklə sevgili hökumət başçılarından ibarət Tehrana gedən
nümayəndələrin yolunu gözləyirdilər. Təbriz əhalisi, xüsusən bazar əsnafları
(tacirləri – red.) axşamdan əyləşdikləri döşəkçələrilə təyyarə meydanına tərəf
hərəkət edirdilər. Saat 6.45 dəqiqədə Baş nazir cənab Pişəvəri Nazirlər
Kabinetinin binasına daxil olanda oradakı müsiqi dəstəsi cənab Pişəvərinin
gəlişini gözəl bir marş çalmaqla qarşıladı. Bu vaxt sair nazirlər də Nazirlər
Kabineti salonunda cənab Pişəvərini gözləyirdilər. Cənab Pişəvəri yarım saata
qədər lazımi göstəriş verəndən sonra nazirlər və şəhərin hörmətli şəxsləri ilə
birlikdə Milli Məclisə təşrif apardılar. Orada Azərbaycan Milli Məclisin rəisi
cənab Şəbüstəri, Məclisin sair nümayəndələri Tehrana gedən nümayəndə
heyəti ilə görüşdülər. Səfərə gedən heyət Məclisdən çıxıb təyyarə meydanına
doğru hərəkət etdiyi zaman cənab Şəbüstəri əmr etdi, Quran gətirdilər və onları
Qurani-Məcidin altından keçirdilər. Nümayəndə heyəti getdikcə sıraları artan
müşayiət edənlərin, əlavə olaraq onlara qoşulan 30 süvarinin, içəriləri fəhlələrlə
dolu olan hesaba gəlməz yük maşınlarının, Səttərxan xiyabanından Münsəcim
körpüsünə kimi olan yolun hər iki tərəfində səf bağlayan camaatın arasından
keçib təyyarə meydanına getdilər. Təyyarə meydanında cürbəcür şüarlarla
oraya toplaşan camaatın sayı 20 mindən artıq idi. Əksəriyyətin əlində gül
dəstələri olduğundan nümayəndə heyətinin maşınları keçdikdə onları gülə
bürüdülər.
Hörmətli Baş nazir və nümayəndələr təyyarə meydanında maşınlardan
endikdən sonra onlardan çoxlu sayda filmlər və əkslər götürüldü. Bu zaman
Kürdüstan Demokrat Firqəsinin sədri və kürd millətinin hörmətli rəhbəri cənab
Məhəmməd Qazi təşrif gətirdilər. Əhali tərəfindən cənab Pişəvəri və cənab Qazi
Məhəmmədə arasıkəsilmədən gül dəstələri təqdim olunurdu.
Sonra cənab Şəbüstəri, cənab Pişəvəri və cənab Məhəmməd Qazi çıxış edib
böyük coşqu ilə nitqlər söylədilər. Onların nitqləri xalqın gurultulu alqışları ilə
qarşılandı. Saat 10 sıralarında hörmətli nümayəndələr təyyarəyə minib fəzanı
dolduran ura səsləri və əl işarələri ilə Tehrana tərəf yola düşdülər.
Ə. Pənahi
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946
Təqdim etdi: Səməd Bayramzadə, dosent

Şərhlər bağlıdır.