Pezeşkian ədaləti harada axtarır? İran Prezidenti vədlərini yerinə yetirməyi “unudub”

Bu günlərdə İran Prezidenti Məsud Pezeşkian ölkə ictimaiyyəti üçün həssas bir
məsələdən – təhsildəki vəziyyətdən danışıb. O, Təhsil Şurasının yaranmasının
31-ci illiyinə həsr olunan toplantıda çıxış edib. Bildirib ki, təhsildə ədalətsizlik
qəbuledilməzdir.
Prezidentin sözlərinə görə, təhsil sektorunda və təhsil məkanında ədalətsizliyə
imkan verilməməlidir. Bunun ardınca o, təhsillə bağlı Quran-i-Kərimin
buyruqlarından danışıb: “Həzrəti Əli buyurub ki, özünüzü sizə halal olmayan
şeylərdən qoruyun. Bəyəndiyiniz və sevmədiyiniz şeylərdə ədalətli olun.
İnsanlara vəhşi heyvan kimi davranmayın. İnsanlar sizin din qardaşlarınızdır və
yaradılışda sizinlə bərabərdirlər”, – deyə o, vurğulayıb.
Məsud Pezeşkian daha sonra bildirib: “Özün üçün nə istəyirsənsə, xalqın,
qohumların, ailən, partiyan, dəstən üçün də onu istə”. O, uşaqlarının normal
təsir alması üçün xeyirxah insanların yardım etdiyini yada salıb.
Pezeşkianın çıxışında unutduğu məsələləri xatırlamaq da savab olar. O,
şuranın toplantısında islam dininin müqəddəs kitabından, İmam Əlinin
dediklərindən nümunələr göstərib. Odur ki, İslam Respublikası prezidentinin
yadına salmaq istəyirik ki, islama görə, insanlar verdikləri sözə əməl etməli,
əhdə vəfalı olmalıdırlar.
Bəhs edəcəyimiz iki məsələdən birincisi İran əhalisinin savadının aşağı
olmasıdır.
Məhəmməd Peyğəmbər islamın ilk illərində tərəfdarlarının yazıb-oxumasına
önəm verərmiş. O, buyururmuş ki, on nəfərə yazıb-oxumağı öyrədən əsir azad
ediləcək.
İranda fevral inqilabının 46-cı illiyi ərəfəsidir. Bu müddət ərzində İslam
Respublikasında savadsız qalmamalı idi. Ancaq İranın keçmiş təhsil naziri Yusif
Nuri ötən il bildirmişdi ki, 10 il əvvəl aparılan araşdırmaya əsasən, ölkə
əhalisinin 8 mln. 795 mini, yaxud vətəndaşların 10 faizi savadsızdır.
“Ecoiran”ın hesabatına əsasən, hər yüz iranlıdan 12-si yazıb, oxumağı bilmir.
Başqa sözlə, son zamanlar İranda savadsızlıq iki faiz artaraq, 12 faizə yüksəlib.
“Boş ciblər savadlılığı tanımır” başlıqlı bu hesabatda əyalətlərdə gəlir və
savadlılıq arasında səviyyə müqayisə edilib. Bildirilib ki, regionların gəlir
səviyyəsi ilə savadsızlıq arasında mənfi korrelyasiya var. Başqa sözlə, gəlirləri
yüksək olan əyalətlərdə savadsızlıq da bir o qədər az olur. Bu iki amil düz
mütənasib sayılır. Çünki kasıb övladı oxumaqdan daha çox ailənin yaşaması
üçün işləməyə məcbur olur, yaxud edilir. İranın Sistan və Bəlucistan, Kohqiluyə
və Buyer Əhməd, Xuzistan, Qərbi Azərbaycan əyalətləri kasıb bölgələrdəndir.
Bu əyalətlərdə şagirdlər buraxılış imtahanlarından ən aşağı qiymət alırlar.
Məsələn, İranın təminatı yüksək olan Yəzd əyalətində bu göstərici 91,12 faiz,
aşağı təminatlı Sistan və Bəlucistanda isə 12,8 faiz təşkil edib.
Müşahidələr göstərir ki, İranda təmin olunan əyalətlərdə savadlılıq daha
yüksəkdir.
Tehranda hər yüz sakindən yeddisi savadsızdır. Ancaq bu rəqəm Qərbi
Azərbaycanda üç dəfə çoxdur. Mütəxəssislərin fikrincə, İranda təhsil sistemi
günü tələblərinə cavab vermir.
Hələ 1979-cu ildə inqilabdan sonra ayətullah Xomeyninin təşəbbüsü ilə
savadsızlığın aradan qaldırılması hərəkatı başlayıb. “Təhsildə ədalət”
hərəkatının qızıl hədəfi savadsızlıq olub. Həmin illərdə şəhər və kəndlərdə
qadın və qızlar arasında savadsızlıq 34 faizdən 11 faizə enmişdi.
Bununla belə, hazırda nüvə texnologiyası, raket, dron istehsalı sahəsində
uğurlardan danışan Tehran hakimiyyəti, inqilabdan 46 il keçməsinə
baxmayaraq, hələ də savadsızılığın kökünü kəsə bilməyib.
Bu sosial problemin səbəblərindən biri maliyyə çatışmazlığı, yoxsulluqdursa, o
biri dərslərin ana dilində tədris olunmamasıdır.
Ana dilində təhsil məsələsində də Tehran hakimiyyəti əhdə vəfa qılmır. Ölkə
Ana Yasasında vətəndaşlara ana dilində təhsillə bağlı vəd verilib, rejim üzərinə
öhdəlik götürüb. Ancaq 46 ildir İslam Respublikası bu vədinə əməl etməməklə,
Kitabda buyurulanlara əməl etməməklə böyük günaha batır.
Məsud Pezeşkian prezident seçiləndən sonra demişdi: “Biz gərək
Azərbaycandakı insanların haqqını yerinə yetirək, elə həm öz dilimiz, yəni
konstitusiyanın 15-ci maddəsidir. Bu qanundur da. Biz əvvəldən də demişik ki,
bizim əhdimiz budur ki, qanuna bağlı olaq. Qanunu icra edək. Siyasətləri
düşünək və əməl edək…”
İran Konstitusiyasının 15-ci maddəsində fars olmayanların dillərinin tədrisinə,
məhdud şəkildə olsa da, icazə verilib. Bu maddəyə əsasən “mətbuatda və
kütləvi informasiya vasitələrində yerli və etnik dillərin istifadəsi və məktəblərdə
ədəbiyyatının tədrisi, fars dili ilə yanaşı, azaddır”.
O, Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı vəd
vermişdi: “Urmu gölü ilə əlaqəli bərnamələr (layihələr) ki var, onlar işləyiblər və
biz davam edəcəyik. Əlbəttə, bir sıra layihələrdir. Zənnimcə, 27 bərnamədir.
Onların hamısını gərək icra edək və gölü dirildək”.
Azərbaycan yeraltı sərvətlərinin də talenin dəyişəcəyini vəd etmişdi: “Süngün
mədəninə (mis-qızıl yatağı-S.S.) gəldikdə, tək Süngün deyil. Məsələn, qızıl
mədənləri var. Çox mədənlər var orada (Azərbaycanda) ki, gərək yerinə
oturdaq. Allahın köməkliyi ilə onları yerinə oturdacayıq”.
O, Azərbaycan türk seçiciləri səsverməyə çağırarkən də türkcə müraciət
etmişdi: “Salam ərz edirəm əziz həmvətənlərimizə, Azərbaycanda olan igid
adamlara, bacılarımıza, qardaşlarımıza, böyüklərimizə. Allahdan köməklik
istəyirəm ki, elə edim ki, onları sandıq başına gəldikləri, bizim arxamızda durub
səsimizə səs verdikləri üçün utanmayım”.
Ancaq ötən aylar ərzində Məsud Pezeşkian verdiyi vədlərin yerinə yetirilməsi
istiqamətində addım atmayıb. Bir çoxları zənn edirdi ki, türklükdən, türk
olduğundan ağızdolusu danışan Məsud Pezeşkian prezident kimi ilk rəsmi
səfərini ya Türkiyəyə, ya da Azərbaycana edəcək. Çünki Prezident Rəcəb
Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev onu ölkələrinə dəvət
etmişdilər.
Məsud Pezeşkian bu istiqamətdə də tərəfdarlarını məyus etdi. O COP-29-un
açılış mərasimində iştirak etməməklə Fransa və Ermənistan dövlət və hökumət
başçıları ilə bir sırada duraraq, Tehran hakimiyyətinin Azərbaycan münasibətini
nümayiş etdirdi. Bu azmış kimi, Tacikistana səfər edərək, İranın panfarsçı
siyasətinin xidmətçisindən başqa bir şəxs olmadığını isbatladı.
Göründüyü kimi, Məsud Pezeşkian təhsildə yalnız ədalətdən danışa bilir. Elə
türklərin inamından sui-istifadə ilə də o, vəd və öhdəliklərində səmimi
olmadığını nümayiş etdirir.
Pressclub.az

Şərhlər bağlıdır.