M. Tahir: Birinci dəfə olaraq Azərbaycan xanımları seçkilərdə iştirak etdilər

Zülm, əsarət, istibdad və zorun pəncəsi altında qara çadralarda bütün ictimai
hüquqlardan məhrum olan şərq qadını olan azərbaycanlı bacılarımız, hər bir
zəhmətə qatlaşan, qoynunda gecə səhərə qədər bizləri bəsləyib böyüdən
analarımız bu bədbəxt və bu fəlakət halında bizim kişilərimizdən daha çox
elmdən, maarifdən məhrum olmuşlar. İrtica bizim qeyrətli, namuslu ana
bacılarımızın üzünə elm, mədəniyyət qapılarını bağlamış, onları bütün bəşər
hüquqlarından məhrum edib zavallı, biçarə halına salmışlar.
Ana nə qədər hörmətli, nə qədər ethiramlıdır. Analar olmazsa, kainat yaşamaz.
Bəşər nəslinin ən yüksək bir gövhəri varsa, o da anadır.
Arvadların kişilərlə bərabər hüquqa malik olması və seçkilərdə iştirak etməsi
təzə bir məsələ deyildir.
Dünyanın bir sıra demokratik ölkələrində xanımlar öz haqlarına malik olmuşlar.
Yəni dövlət işlərində iştirakları var. Biz bu gün qadınların silah götürərək
cəbhələrdə vuruşmalarını gördük. Göylərdə uçan təyyarəni, maşını idarə edən
qadınlar vardır. Lakin bizim ölkəmizdə qadınlarımızı biçarə və bədbəxt etmişlər.
Bu gün Azərbaycan qadınları bütün İran qadınları üçün səadət qapılarını
açmaq yolunda Azərbaycanın mərd, qəhrəman azadlıqsevərləri kimi ilk
addımlarını atdılar. Bəli, ola bilsin ki, irtica və qara fikirli adamlar üçün
qadınlarımızın rəy verməsi təəccüblü gəlsin. Lakin heç bir təəccübün yeri
yoxdur.
Qadınların dünya azadlıq hərəkatında böyük əhəmiyyətləri və iştirakları
olmuşdur. Yunanıstanda qadınlar irticaçı qüvvələrlə vuruşmuş, daş ilə, silah ilə
düşməni əzmişdirlər. Qadınlar cəmiyyətin üzünü işıqlandırır. Bu gün
Azərbaycan xalqı öz tarixinə bir şeyi əlavə etdi, o da ana və bacılarımızın Milli
Məclis vəkillərinə rəy verməsidir. Bu da Azərbaycan Demokrat Firqəsinin bizim
ana-bacılarımıza olan diqqətidir. Qoy dünya millətləri eşitsin və görsün ki,
Azərbaycan qadınları ürəklərində şadlıq və sevinc dolu hisslərlə dəstə-dəstə öz
rəylərini Məclis vəkillərinə verdilər.
Ana-bacılarımız bunlarla kifayətlənməyəcəklər. Onlar hətta yerli məsələlərin
həlli üçün gələcəkdə özlərindən vəkillər seçəcəklər. Qoy analarımızın taleyi
gülsün. Bu bütün İran xanımlarına bir müjdədir.
Bununla da ana-bacılarımız öz doğru və həqiqi hüquqlarını müdafi etmək üçün
tarixin səhifələrinə qızıl xətt ilə adlarını yazdılar.
Tarix həmişə Azərbaycan qadınlarının qəhrəmanlığını və azadlıqsevərlərini
qeyd edib. Gələcək nəsillərimiz onların bu işlərini yad edəcəklər. Xalq şairi
cənab Biriyanın qəzetimizdə çap edilən şeirində şair deyir ki:
Günəş səhər doğacaq qütbdən səadətlə
Bu günəşli mənzərədən qurtulub şərafətlə
Həmişə ömr elərsən cahanda asudə
O şanlı dövrə fəqət hökmran olar tudə.
Sevimli şairimizin sözləri Azərbaycan Demokrat Firqəsinin bütün xalqımızın və
məsum ana-bacılarımızın üzünə saçdığı günəşdir. Xalqımız bu qəmli
fəlakətdən xilas olub öz milli muxtariyyatını yaradıb həmişə saədətlə
yaşayacaqdır.
Yaşasın Azərbaycanın şərafətli və namuslu azadixah ana-bacıları və qızları!
“Azərbaycan” qəzeti (ADF orqanı), Təbriz, No 69, 3 dekabr 1945
Təqdim etdi: Səməd Bayramzadə, dosent

Şərhlər bağlıdır.