Qartallarıma

Uçun qartallarım, hey dəstə-dəstə
Şahin vüqarı ilə köhlən at üstə
Görəndə yağını hər yerdə hər an
Alaraq üstünü verməyin aman
Qoy düşmən anlasın, tanısun bizi
Bilsin, bükülməzdir azərin dizi
Qoy dünya sınasın, vəhdətin sənin
Bilsin, yenilməzdir qüdrətin sənin
Ruhum səninlədir gecə-gündüzü
Odda dolaşaraq dağları düzü
Səninlə axtarır xaini hər an
Pozulmaz bu vəhdət, bu birlik inan
Yubanma qardaşım, düşgilən yola
Bu yol bizimlədir uğurla ola
Zəfər bizimlədir, bizimdir həyat
Bu gözəl həyatı qolunla yarat
Qoy vətəni qurtarsın kədərdən-qəmdən
Ellər alqışlasın səni o dəmdən
Görəndə tərlanın üstündə səni
Dünya alqışlasın əziz Vətəni
Cavanşir yurdunu, Babək yurdunu
Səttarxan qurduğu böyük ordunu.
F. Nuri, Sərab.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz. No
78, 13 dekabr 1945.
Təqdim etdi: S.Bayramzədə, dosent

Şərhlər bağlıdır.