ŞƏRH
Azərbaycan milli dövlətçilik tarixində ABŞ ilə əlaqələrə böyük əhəmiyyət
verib. İki ölkə arasında ticarət dövriyyəsi də artan xətt üzrə inkişaf edir.
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın Ştatlarla ticarət
dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 2,4
dəfədən çox artaraq 717,7 milyon dolları üstələyib.
Məlumata görə, Azərbaycandan ABŞ-yə ixrac 103,37 milyon dollar (16,5
dəfə artıb), ABŞ-dən Azərbaycana idxal 614,33 milyon dollar (2,1 dəfə
artıb) təşkil edib.
Ancaq Cozef Baydenin prezidentliyi dönəmində bu uğuru siyasi sahəyə
şamil etmək olmur.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin
Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə deyib ki,
Bayden-Blinken dövründə ABŞ Azərbaycana qarşı qərəzli olub. Dövlət
başçısının sözlərinə görə, bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana
sürüklənib. Prezident “907-ci düzəliş”in yenidən bərpasını məhz Bayden
Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
Cozef Bayden siyasi karyerası dövründə şəxsi planda Azərbaycan və
Türkiyəyə qarşı fəaliyyət göstərib. Senator olduğu dövrdə Azərbaycana
qarşı “907-ci düzəliş”in müəlliflərindən olub.
ABŞ Konqresi 1992-ci ilin oktyabrında müstəqilliyini elan etmiş sovet
respublikalarına dövlət yardımını tənzimləyən “Azadlığı Müdafiə Aktı” adlı
qanun qəbul etmişdi. Onun 907-ci bölməsinə edilən düzəlişə əsasən,
Ştatların Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan
olunub.
Bu qanunun qəbul edilməsinə erməni lobbisinin güclü təsir etdiyi
təsdiqlənib. Onda iddia olunurdu ki, Azərbaycan guya Ermənistanı
mühasirədə saxlayır, “Dağlıq Qarabağdakı” ermənilərə qarşı zorakılıq
tətbiq edilir. Halbuki məlum “düzəliş”li qanun qəbul ediləndə ermənilər
Xocalı soyqırımını törətmiş, Laçın və Şuşanı da işğal etmişdi. Onda
senator Cozef Bayden və qanun müəllifləri bu gerçəyi görməzdən gəldilər.
Cozef Baydenin partiyadaşı senator Con Porterin “əlavəsində” 1997-ci ildə
Azərbaycana yardım nəzərdə tutulsa da, bu əlavədə “Dağlıq Qarabağ”
ayrıca, “müstəqil” tərəf kimi qeyd olunurdu. Ancaq qəbul olunmadı. Bu
qəbul edilsə idi, Azərbaycanın ərazi bütövlüyünün ABŞ Konqresi
tərəfindən şübhə altına alınması təhlükəsi yarana bilərdi.
“907-ci düzəliş”in qüvvəsinin müvəqqəti də olsa tam dayandırılması üçün
imkan 2001-ci sentyabrın 11-də məlum terror hadisələrindən sonra
yaranmışdı. Azərbaycan antiterror koalisiyasına qoşularaq ABŞ-nin
Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda bu ölkənin təyyarələrinə hava
ərazilərindən istifadəyə icazə verməklə kömək göstərmişdi. Nəhayət, ABŞ
Prezidenti Corc Buş 2002-ci ilin yanvarında “907-ci düzəliş”in qüvvəsinin
müvəqqəti dayandırılması haqqında qərar verib.
Cozef Baydenin anti-Azərbaycan fəaliyyəti nəticəsində “Azadlığı Müdafiə
Aktı” çərçivəsində 1992-2005-ci illərdə ABŞ Ermənistana 1,6 milyard
dollar, Azərbaycana isə 600 milyon dollar yardım edib.
Cozef Bayden hakimiyyəti dövründə “907-ci düzəliş” yenidən tətbiq
edilməyə başlanıb. 2023-cü ilin noyabrında Konqresin Yuxarı Palatası
Azərbaycana yardımla bağlı qadağanı nəzərdə tutan “S.3000” qanun
layihəsini təsdiqləyib. Senator Petersin təşəbbüsü ilə hazırlanan qanun
Azərbaycanla bağlı “907-ci düzəliş”in qüvvəsini dayandırmamağı nəzərdə
tutur.
Bu məsələdə yenə aparıcı rolu erməni lobbisi və Cozef Baydenin başçılıq
etdiyi Demokratlar Partiyasından olan senatorlar oynayıb.
Bayden öz fəaliyyəti müddətində Azərbaycana qarşı “demokratiya” adı
altında təzyiqlər etməklə səhvlər buraxıb. Onun bu istiqamətdə atdığı
addımlar, heç şübhəsiz, Cənubi Qafqazda ABŞ-nin maraqlarına zərbə,
ikitərəfli əlaqələrə maneə olub.
Onun kabinetinin dövlət katibi Antoni Blinken isə yalan danışmaqla siyasi
karyerasının ən kobud səhvlərini edib. Ötən ilin yazında dövlət katibinin
Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim
Karneqi Sülh Fondunun təşkilatçılığı ilə keçirilmiş “Cənubi Qafqazda yeni
regional nizam üçün ABŞ-nin rolu” adlı tədbirdə “qayıdış hüququ”
məsələsində yanlış mövqedən çıxış etmiş və azərbaycanlılara qarşı ayrı
seçkiliyə yol vermişdi.
O, qərbi azərbaycanlıların 35 il əvvəl öz tarixi yurd-yuvalarından
qovulmasını dilə gətirməməklə təmsil etdiyi administrasiyanın
Azərbaycana qarşı qərəzli olduğunu nümayiş etdirib.
Antoni Blinkenin Azərbaycana qarşı ən böyük səhvi, yalanı Prezident
İlham Əliyevə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək
üçtərəfli görüşlə bağlı söylədikləri oldu. 2024-cü il aprelin 3-də o,
Prezidentlə telefon danışığında bildirmişdi ki, aprelin 5-də ABŞ, Avropa
İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan
tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər alıb və bu xüsusda
Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib
hesab edir. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətinin
Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə
çatdırmışdı.
Prezident İlham Əliyev qeyd etmişdi ki, onda olan məlumata görə, üçtərəfli
görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi
təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi
infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti
ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi
məsələlər də müzakirə olunub. O, anti-Azərbaycan mahiyyəti daşıyan bu
kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın
silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və
təxribatlara gətirib çıxaracağını vurğulamışdı.
Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana
qarşı olmadığını bildirmişdi. Ancaq sonradan dövlət katibinin yalan
danışdığı təsdiqləndi. Məlum oldu ki, tərəflər arasında müxtəlif sahələrə,
o cümlədən hərbi əməkdaşlığa dair 20 maddəlik müqavilə imzalanmışdı.
Cozef Bayden administrasiyası ərazi bütövlüyünü bərpa etmiş, antiterror
koalisiyanın fəal iştirakçısı olan, beynəlxalq energetika təhlükəsizliyində
özünəməxsus fəaliyyət göstərən Azərbaycana qarşı “907-ci düzəliş”in
tətbiqini davam etdirməklə 30 il əvvəlki səhvləri, qərəzi təkrarlayıb. Başqa
sözlə, onlar üçün əsas məsələ Azərbaycana təzyiq etməkdir.
Bayden-Blinken cütlüyü Azərbaycana, regiona qərəzini yanvarın 14-də
Ermənistanla strateji əməkdaşlığa dair xartiyanı imzalamaqla da nümayiş
etdiriblər. Sənədin elə güclü hüquqi əsası olmasa da, bu, Ağ evin regiona
münasibətinin göstəricisidir.
Onlar bu səhvi Ukraynada da ediblər. Müharibə bu cütlüyün hakimiyyəti
dövründə başlayıb. O, ərazi bütövlüyü uğrunda mübarizə aparan
Ukraynanı müdafiə edir, ona yardım göndərir. Ancaq torpaqlarını işğaldan
təmizləyən Azərbaycanı hədələyir, təzyiqlər göstərir, yalan danışır və s.
Cozef Bayden prezidentliyi dövründə həm də çoxsaylı yanlış fikirlər
söyləməsi ilə yadda qalıb.
Yalan bütün fəsadların mənbəyidir. Cütlük yalan danışıq, qərəzli mövqe
ilə ABŞ-nin beynəlxalq nüfuzuna mənfi element əlavə edib.
Bayden-Blinken ittifaqından indiki Prezident Donald Tramp da narazılıq
edib: “Cozef Bayden dörd il boyu mənə cəhənnəmi yaşadıb. Vəkillərə
milyonlarla pul xərclədim. Öz əfvim ilə bağlı qərar qəbul etmədim. Çünki
yanlış bir iş görməmişəm”.
ABŞ-nin siyasi səhnəsində daha bir prezident tarix oldu. Cozef Bayden
Azərbaycanın yaddaşında erməni lobbisindən faydalanan, qərəzli bir
dövlət başçısı kimi qalacaq. Öz ölkəsinin tarixində isə oğlunu törətdiyi
cinayətlərə görə əfv edən prezident kimi xatırlanacaq. Blinken isə yalanı
iki gündə ifşa edilən dövlət katibi kimi yad ediləcək. Odur ki, Bayden
Blinken cütlüyünün başlıca prinsipi yalan və qərəz olub.
Şərhlər bağlıdır.