Mühafizəkar İran.

Vidadi Mustafayev

İRAN MÜXALİFƏTİNİN LİDERİ – TRAMP

Sonuncu prezident seçkilərində (2024) məğlub olan radikal (Ali Milli Təhlükəsizlik Şurasında Rəhbərin nümayəndəsi S.Cəlili) və mötədil (spiker M.B.Qalibaf) mühafizəkar qüvvələr yeni yarıislahatçı, yarımühafizəkar prezident komandasına qarşı açıq və üstüörtülü mübarizə aparırdılar. İlk vaxtlar Rəhbərin himayəsi səbəbindən müxalifətin mötədil qanadı gah nala vururdu, gah mıxa. Gah yeni siyasəti dəstəkləyir, gah da ona qarşı çıxırdı. Hətta müxalifət cəbhəsində bir çaşqınlıq, ikitirəlik və daxili çəkişmə də müşahidə olunurdu. Qısa şəkildə desək, müxalifəti birləşdirəcək xarizmatik lider yox idi. Ona görə prezident az da olsa, öz vədlərinə – Hicab qanununun icra edilməməsi, İnternetdə filtrin aradan qaldırılması və s.nail olurdu.

Amma prezident Donald Tramp İrana maksimum təzyiq planını elan edəndən sonra bütün müxalifət, dünənə qədər Prezidenti dəstəkləyən, Trampdan sonra yenidən mühafizəkarların lideri olduğunu göstərən Rəhbərin ətrafında sıx birləşdi.

Rəhbər D.Trampa cavab olaraq ABŞ ilə müzakirəni qadağan etdi. Dərhal bütün müxalifət sevincdən qəşş edib hərəkətə keçdi. Spiker prezidentdən danışıq və müzakirə fikrindən əl çəkməyi tələb etdi. Sepahın baş komandanı Rəhbərə tərif və dualar yağdırdı. Belə bir Rəhbərin əmri altında olmağı ən böyük səadət saydı.

“Keyhan” müəssisəndə Rəhbərin nümayəndəsi və “Keyhan” qəzetinin baş redaktoru sərt radikal mühafizəkar mövqeyi ilə seçilən H.Şəriətmədari isə danışıq tərəfdarlarını xain adlandırıb onların vəzifələrini tərk etməsini tələb etdi.
İranda dini/məzhəb qaydalarına əməl edilməsinə nəzarət edən və hökumətə tabe olmayan “Yaxşı işlərə təşviqetmə, şər işlərdən çəkindirmə” qərargahı demək olar ki, ilk gündən, xüsusən “Hicab qanunu”nun icrasının təxirə salınmasından sonra, yeni hökumətə qarşı çıxış edir. İndi onun fəaliyyəti daha da genişlənəcək və hücum xarakteri alacaq.
Sonuncu Cümə xütbələri zamanı məscidlərdən birində Prezidentin Strateji məsələlər üzrə müavini və bütün mühafizəkar və radikal qüvvələrin düşmən elan etdikləri M.C.Zərifə qarşı “Zərif, gorunu buradan yığışdır” şüarı səsləndirilib və Cümə imamı həmin şüarı səsləndirənin qarşısında baş əydiyini elan edib.
Hökumətə təzyiqi artırmaq üçün artıq Prezidentin istefa verdiyi şaiyəsini yayıblar. Yəni istefa tələbi irəli sürülüb. Bütün müxalifətin yarım ildən çoxdur edə bilmədiyini, Rəhbərin cəsarət edə bilmədiyi işi – müxalifəti birləşdirmək işini, ABŞ prezidenti Tramp bir direktivlə həll etdi. Başqa sözlə, İranda hazırkı prezidentə və onun komandasına qarşı müxalifətin real lideri D.Trampdır. Müxalifətin sonrakı addımlarını da o müəyyən edəcək.

Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, Tramp birinci prezidentliyi dövründə də İranla beş BMT TŞ üzvü və Almaniya tərəfindən imzalanmış və İrana həm xarici, həm də daxili vəziyyəti düzəltmək üçün böyük imkanlar açmış “Hərtərəfli Nüvə Sazişi”ndən birtərəfli qaydada çıxmaqla (2018) İranda uğurla fəaliyyət göstərən Ruhani hökumətinin ikinci mərhələdə (2017-2021) öz islahat və normallaşma kursunu davam etdirməsinə əsaslı maneə yaratdı.

H.Ruhani hökumətinə qarşı çıxan qüvvələr sözdə Amerika prezidentini günahlandırsalar da, prezident H.Ruhani həmin məsələdə əsas günahkarın mühafizəkar qüvvələr olduğunu deyir. İndi yenə də həmin vəziyyət təkrar olunur. Yarıislahatçı hökumət geniş islahatlara başlamağı, başda ABŞ olmaqla, Qərb ilə münasibətləri adiləşdirməyi əsas prioritet elan edib həmin istiqamətdə hərəkətə başladığı bir vaxtda yenə Tramp meydana çıxıb həmin siyasətin qarşısını alır.

Çox güman ki, sonra məlum olacaq ki, mühafizəkar qüvvələr Trampı belə addım atmağa sövq ediblər. Çünki həm onda, həm də indi Trampın radikal addımı Amerikadan daha çox İranda mühafizəkar və radikal qüvvələrin işinə yarayır.

Belə şəraitdə əsas məsələ hazırki hökumətin sona qədər öz vəzifəsini icra edib etməyəcəyi məsələsidir. M.Pezeşkiyan ilk günlərdə elan etmişdi ki, verdiyi vədləri yerinə yetirə bilməsə, işini tərk edəcək. Amma o da məlumdur ki, Rəhbər indiyə kimi prezidentlərin vaxtından əvvəl istefasını qəbul etməyib. Belə olan halda M.Pezeşkiyanın necə addım atacağı, geniş və güclənmiş, açıq fəaliyyətə keçmiş müxalifətin ona qarşı hansı tədbir görəcəyi çox maraq doğurur.
Bir sözlə, M.Pezeşkiyanı çox çətin günlər gözləyir. Elə rejimi də.
8 fevral 2025

 

Şərhlər bağlıdır.