Sosial şəbəkələr bu gün televiziya, mətbuat və digər müxtəlif kommunikasiya vasitələrinin cəmindən daha artıq təsir imkanına malikdir və bunu bütün sahə mütəxəssisləri etiraf edir. İlk dövrlərdə geniş kütlələrin kommunikasiya ehtiyacını ödəmək üçün yarandığı elan edilən sosial şəbəkələr hal-hazırda geniş kütlələrə informasiya xidməti göstərir və insanlara informasiya təsiri etmək kimi funksiyalar da daşımaga başlayıb ki, bunu görməmək və prosesdən kənarda qalmaq yanlışdı.
İnformasiya təsiri prosesinin iştirakçıları yerli, regional və qlobal ola bilir ki, qlobal oyunçuların təsirlilik imkanları daha genişdir. Belə bir sual ortaya çıxır: “İnformasiya məkanımızı qapalı saxlamalıyıq və ya informasiya məkanında daha aktiv mövqe tutaraq davranmaq lazımdı?”
Publisistika ilə əlaqədar da bir neçə kəlmə demək lazımdır. Hazırkı konteksdə publisistika anlayışı sovet dövründə formalaşdı və yeni məna daşımağa başladı. İngilis dilinə tərcümə zamanı publisistika jurnalistika (journalism) və “publicism” kimi tərcümə edilir və yaxın mənalar daşıyır.
Sovet dövründə publisistika anlayışına daha geniş bir məna yükü yüklənirdi. Müxtəlif elm sahələrinə dair geniş kütlələrin anlaya biləcək bir üslubda qısa və məqsəd adutoriyasına yönəldilmiş mətnlər nəzərdə tutulurdu. O illərdə elmi-kütləvi rübrikalarda hazırlanan və yayılan materiallar əhalinin maariflənməsinə yönəldilmişdi və kommersiya xassəsinə malik deyildi. Bu sahə ideoloji funksiya daşıyırdı.
“Fizika hamı üçün”, “astranomiya hamı üçün”, “elektrotexnika hamı üçün” seriyalarında kütləvi tirajlarla kitablar çap olunur, radio, televiziya proqramları hazırlanırdı. Eləcə də ədəbi publisistika, tarixi publisistika, siyasi publisistika geniş yayılmışdı.
Tarixi publisistikanın səciyyəvi xüsusiyyəti onun xüsusi təqdimat dilidir və onun sayəsində mürəkkəb konstruksiyalı informasiya geniş oxucu kütləsi tərəfindən asanlıqla qəbul edilir. Müəlliflərin fikir və fərziyyələri, faktlar, müşahidələr birbaşa iştirakçılar tərəfindən dəstəklənir ki, bu da müxtəlif dərəcələrdə əhəmiyyət daşıyan mövzuların müzakirə olunmasına imkanları genişləndirir.
Qərb ölkələrində belə bir janr yox idi, belə ki, bu janrın dəstəkçisi yox idi. XX əsrin 80-90-cı illərində bu janr Qərb ölkələrində marketinq fəaliyyətinə tətbiq olunmağa başladı və geniş vüsət aldı. Xüsusilə də reklam fəaliyyətində mürəkkəb strukturlu məhsulları kütləvi, anlaşılan dildə və qısa təqdim etmək məhsulun sürətlə satılmasını təmin etməli idi.
Bir qida məhsulunun, qida əlavəsi, vitamin tərkibli maddələrin, geyim və məişət əşyasının yüksək paramaterlərlə təqdimi zamanı anlamaq olur ki, məqsəd məhsulu baha və çox sayda satmaqdan ibarətdir. Bəs sosiologiya, psixologiya, qlobal təbii proseslər, dünya səhiyyəsi, etnoqrafik və ya genetik təhlillərlə əlaqədar proqram və təqdimatlar nəyə xidmət edir? Qəbul edək ki, bu kimi layihələr da çox bahalı tədqiqatların nəticəsində baş verir və bunun da kimlər tərəfindən maliyyələşməsini çox zaman bilmirik.
Gündəlik həyatımızda informasiyanın sürətlə çoxalması qalın-qalın kitabları oxumaq vərdişlərimizi azaldır, yerini sosial şəbəkələrdə keçirdiyimiz zaman doldurur və bir çox proseslərə simvollarla qiymət verməyə başlayırıq. Xüsusilə də milli identifikliyimizdə xüsusi rol oynayan tarix kitablarını uzun-uzadı oxumaq əvəzinə konkret epizadlarla tarixə qiymət verməyə başlayırıq. Məsələn, bir yeniyetmə üçün universitetə qəbul olmaq məqsədi ilə biriləri Fizulinin “Leyli və Məcnun” əsərini oxuyur, bu əsərdən on dənə sual çıxarır və onlara müvafiq olaraq da on ədəd cavab hazırlayır. Bunları öyrənən yeniyetməyə artıq əsəri oxumaga ehtiyac qalmır. Həyatımızın bir çox epizodları da bu kimi proseslərə oxşayır.
Belə olan halda yerli və regional informasiya axınını idarə etmək, veriləcək və alınacaq informasiya məhsulunu qiymətləndirmək, yonəltmək və daim monitorinq etmək vacibdir. Qlobal informasiya axınından isə hələ ki, qorunmaq kimi vəzifələr qarşıda durur.
Sosial şəbəkələrdə, bir çox hallarda 2-3 tarixçinin 20-30 dəqiqəlik publisistik icmalları bir elmi-tədqiqat institutunun görə biləcəyindən daha artıq təsirliliyə malik olur. Bu tarixi publisistik icmallar bəzən yüz min baxış toplayır və ictimai müzakirəyə səbəb olur, hətta gündəm də yarada bilir. Tarixin müxtəlif mərhələləri və epizodları ilə əlaqədar iri həcmli kitabları oxumaqdansa qısa və anlaşılan icmallara üstünlük verən istehlakçı bu materiallarla nəinki informasiya ehtiyacını ödəyir, hətta bu kiçik məlumat parçaları ilə nəticələr də çıxarmağa çalışır. Təqdim olunan tarixi icmallar multimedia farmatında olduqda istehlakçıya daha dərin təsirlər edə bilir.
İnformasiya muharibəsi və informasiya hücumları fonunda bu prosesləri görmək, qiymətləndirmək və prosesin aktiv iştirakçısı olmaq vacibdir. Elmi-kütləvi janrda dövriyyəyə daxil olan materiallar cəmiyyətin maariflənməsində, dünyagörüşündə, dəyərlər sistemində iz qoyur, eyni zamanda ziyanlı və irticaçı mahiyyət da daşıya bilir.
Bu kimi fəaliyyət əhatə dairəsinin genişliyi və təsirliliyi ilə sosial şəbəkələrdə diqqəti cəlb edir. Bir çox hallarda, həvəskarlar və bəzi media orqanları vasitəsi ilə gündəmi şərh edən materiallar dövriyyəyə daxil olur. Lakin, bunlar çox vaxt sistemsiz və qeyri-peşəkar materiallar olur. Məsələyə peşəkar və məqsədli müdaxilə edən qurumlar informasiya hücümunun masştabı, materialın seçilməsinə və yüksək texniki təminatı ilə diqqəti cəlb edir.
Yazılmış qalın-qalın kitablardan anlaşılan və kütləvi marağı cəlb edən icmallarla məşgul olmaq üçün Azərbaycanın geniş kitabxana şəbəkəsi mövcuddur. On minə qədər kitabxana strukturu və iyirmi minə qədər kitabxana əməkdaşları sosial şəbəkələrdə dominant rol oynaya bilər.
Sosial, mədəni, təhsil, tarix və iqtisadi problemlərlə əlaqədar konyukturuya uyğun olan mütəxəssisləri dəvət edərək multimedia icmallarının hazırlanması, yayımı və monitorinqi üçün kitabxanaların geniş imkanları mövcuddur. Mediadan fərqli olaraq kitabxanalar müxtəlif əhəmiyyətli mövzuları daim diqqət mərkəzində saxlaya bilərlər. Müasir elmi kitabxanalar süni intellektin köməkliyi ilə asimmetrik informasiya xidməti sahəsində xeyli işlər görə bilər. “Kitabxanalarımızda belə mütəxəssislər var və ya yoxdur” bu ayrıca bir mövzudur.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
Şərhlər bağlıdır.