Çindən raket yanacağı üçün lazım olan materialları daşıyan gəmi Bəndər-Abbasa çatıb

CNN batı mənbələrinə istinadən xəbər verir ki, Çindən raketlərin bərk yanacaq istehsalı üçün lazım olan materialları daşıyan ilk gəmi Bəndər-Abbas limanına çatıb. Bu hesabat göstərir ki, İran İslam Respublikası hələ də raket proqramını gücləndirməyə davam edir.
Gəmi izləmə məlumatlarına əsasən, bu gəmi Çində istehsal olunmuş min ton kimyəvi maddəni İrana daşıyan iki gəmidən biridir.
CNN hesabatında qeyd edir ki, gətirilən natrium perklorat yükü, İranın əsas raket istehsal zavodlarına İsrailin ötən il endirdiyi ağır hücumlardan sonra, İranın raket istehsalını yenidən normal vəziyyətə qaytardığını göstərə bilər.
Bu barədə yanvarın 23-də Financial Times qəzeti də məlumat yayaraq bildirmişdi ki, Çindən İrana doğru hərəkət edən iki İran gəmisində raketlərin bərk yanacaq istehsalı üçün lazım olan min tondan çox material mövcuddur və onların yükü Bəndər-Abbas limanında İnqilab Keşikçilərinə təhvil
veriləcək.
Bu iki gəmidə natrium perklorat daşınır ki, bu maddədən raketlər üçün əsas bərk yanacaq komponenti olan ammonium perkloratın istehsalında istifadə olunur.
Kəşfiyyat mənbələrinin hesablamalarına görə, bu yük 260 ədəd “Xeybərşəkən” raketi mühərriki və ya 200 ədəd “Hac Qasim” ballistik raketinin istehsalı üçün lazım olan yanacağı təmin edə bilər.
Bu yük İranın regionda müttəfiqlərini itirdiyi gərgin bir vaxtda çatıb. Çünki Suriyada Bəşər Əsədin devrilməsi və Livanda Hizbullahın zəifləməsi ilə İran bölgədəki əsas müttəfiqlərini itirib.
CNN əlavə edir ki, natrium perklorat yükü İranın ballistik raket proqramını inkişaf etdirən qurumlardan biri olan “Cihad Xodkifayəti Təminat İdarəsi”nin sifarişi ilə alınıb.
Həmçinin bildirilir ki, ikinci gəmi olan Ciran hələ yüklənməyib və Çini tərk etməyib. Hər iki gəmi İran İslam Respublikasının Dənizçilik Şirkətinin idarəsi altındadır. Ciran gəmisinin qalan min ton  yükü İrana çatdıracağı gözlənilir.
Iranwire.com

Şərhlər bağlıdır.