Xalq şairi Hökumə Billurinin anadan olmasının 99-cu ili tamam oldu.
O, 1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində dünyaya
gəlib. Zəhmətkeş dəmirçi ailəsində boya-başa çatıb. İlk şeirlərini orta məktəb
illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri
“Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.
Seyid Cəfər Pişəvərinin lideri olduğu Azərbaycan Demokrat Partiyasının
Zəncan Vilayət Komitəsində rəhbər vəzifələrdə çalışıb.
1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayıb. Həmin
vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olub, dövri mətbuatda müntəzəm
çıxış edib. 1952-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib. “İran
Azərbaycan realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə
edib. Filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Azərbaycan Elmlər
Akademiyası Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində
çalışıb.
1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci
ildə “Sənin könül otağın” və s. kitabları Moskva və Bakıda rus dilində nəşr
olunub.
Hökumə Billuri əsərlərində Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha
yaşayır. Təbrizi gecələr yuxusunda görüb, amma yuxuları heç zaman çin
olmayıb. Güney dağlarından bir udum hava, meşələrindən bir tək yarpaq
diləyib, vətənin suyundan bir ovuc içmək və Arazın o tayına qədəm basmaq
həsrətini çəkib.
Həyat gözlərimdə sönmədən qabaq,
Sizdən bir diləyim olacaq ancaq.
Tufana, küləyə döndərin məni,
Göndərin vətənə, göndərin məni.
Hökumə Billurinin şeirlərinin böyük bir hissəsi milli faciənin doğurduğu
yaşantılar olub. Ağrı-acılarından doğulan şeirləri oxucu qəlbini riqqətə gətirir,
kədərləndirir və gözlərini yaşardır. Təsadüfi deyil ki, onun əsərlərində Təbriz,
Araz, Vətən, ayrılıq ən çox təkrarlanan sözlərdir. Şairənin ən təsirli və
yaddaqalan əsərlərindən biri məhz “Təbriz” şeiridir:
Həsrətin yandırar, pörşüdər məni,
Zərif çiçək kimi üşüdər məni,
Səsləsəm Savalan eşidər məni,
Qızınnam oduna, közünə Təbriz!
Çox haqsızlıqların, faciəvi hadisələrin iştirakçısı olmasına baxmayaraq,
yaradıcılığında sabaha ölməyən bir ümid, inam hissi aparıcı xətt kimi keçir.
“İnanıram o parlaq günə” deyən şairə Vətənin bütövləşəcəyinə və xalqının öz
azadlığına qovuşacağına böyük bir inam bəsləyib. Azərbaycan onun şeirlərində
bütövdür, tamdır və bölünməzdir. Vahid və azad Azərbaycan ideyası onun
həyatının məzmununu və yaşamının qayəsini təşkil edib.
Keşməkeşli həyat yolu keçən şairə 2000-ci il noyabrın 22-də Bakıda vəfat edib.
Azad Qurbanov
Əvvəlki
Şərhlər bağlıdır.