“Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioriteti kimi” – elmi seminar

BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarda Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi “Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioriteti kimi” mövzusunda məruzə edib.

Tədbiri açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru professor Mais Süleymanov elmin tarixinə nəzər salıb, ölkəmizin bu sahədə qazandığı nailiyyətlərdən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə elmin inkişafı üçün müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırıb, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra seminar dosent Pərviz Kaziminin məruzəsi ilə davam edib. Məruzədə elmşünaslıqda yeni istiqamətlər, müasir trendlər, xüsusilə Azərbaycan elminin dünya elminə inteqrasiyası kimi mühüm məsələlərə toxunulub, bir sıra müqayisəli təhlillər aparılıb. Hazırda elmin inkişafında tətbiqi xarakterli tədqiqatların aparılmasının və alınmış mühüm nəticələrin nüfuzlu beynəlxalq elmi bazalarda (“Scopus”, “Web of Science”, “Google Scholar” və s.) indeksləşdirilmiş jurnallarda əksini tapmasının vacibliyini vurğulayan məruzəçi ölkəmizin son illər bu istiqamətdə əldə etdiyi uğurları diqqətə çatdırıb, mövcud dinamikanı xronoloji inkişafda təqdim edib.

Araşdırmada ölkə alimlərinin əldə etdiyi mühüm elmi nəticələr, nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələr, alimlərimizin Hirş indeksləri və istinad göstəriciləri barədə dinamika əksini tapıb. Məruzədə, həmçinin milli H-indeksi platforması barədə məlumat verilib, elmi aktivliyin qiymətləndirilməsində tətbiq edilən bibliometrik metodlar şərh olunub. Son illər BDU-nun bu istiqamətdə mühüm nailiyyətlər əldə etdiyini vurğulayan Pərviz Kazimi qeyd edib ki, BDU ölkəmizin nüfuzlu beynəlxalq reytinqlərdə ən yüksək göstəricilərə malik ali təhsil müəssisəsidir və bu dinamika davamlı olaraq inkişaf etdirilir.

Bakı, 11 mart,

Şərhlər bağlıdır.