Azərbaycanda elmi dərəcə və elmi adları dövlət başçısı verir. Bu iş üçün
müvafiq qurumlar təsis olunub və onların vəzifələri müəyyənləşdirilib. Proses
AR Prezidentinin 11.06.2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq olunmuş
“Elmi dərəcələr və elmi adların verilməsi qaydası haqqında” Əsasnaməyə
uygun olaraq həyata keçirilir.
Professor olmaq üçün fəlsəfə doktoru elmi dərəcəsi almış, dosent adına çatmış,
elmlər doktoru dissertasiyasını müdafiə etmiş bir alim 30-40 il zaman çəkə
biləcək ağır, stresli və əvəzi qaytırılmayan bir yol keçir. Bu yolda tələb olunan
bir sıra şərtlərdən ən maraqlısı prosesin sonunda “zəfəran suyu” ilə 420 min
işarəli monoqrafiya yazaraq onu xaricdə çap etdirməkdir.
Azərbaycanda hal-hazırda elmi-pedoqojı fəaliyyətlə məşgul olan professorların
orta yaş göstəricisi 70-80 arasındadır. AAK-ın Əsasnaməsinə görə “vəzifəli
şəxslərin” professor adını almasını asanlaşdıran xüsusi şərtlər diqqəti cəlb
edir.
Direktor, direktor müavini, elmi işlər üzrə müavin, elmi tədqiqat şöbələrinin
müdirləri, elmi katiblər professorluğa gedən yolu stressiz, gərginliksiz və daha
rahat keçir. Vəzifəli şəxslərin professor olması vacibliyi haradan qaynaqlanır və
ya professor olması vacib olan məqamlara şəxsləri inzibati qaydada təyin
edərək sonradan onlara professor adı vermək nəyə xidmət edir? İlk ağla gələn
sual odur ki, bu hər yerdə belədir, yoxsa bizim müəyyən etdiyimiz normalardır?
Odur ki, dünya təcrübəsinə bir nəzər salaq.
Professor latın dilində olub “elmi işçi”, “böyük müəllim” mənasını verir və bu ad
ilk dəfə 16-cı əsrdə Oksford Universitetində tətbiq olunub. Biz isə bu terminlə
Rusiya vasitəsi ilə tanış olmuşuq və müasir Rusiya universitetlərində professor
ən yüksək müəllim vəzifəsidir. ABŞ-da bizim professor adlandırdıgımız
vəzifənin ekvivalenti “tam professor” kimi tərcümə edilir.
Professor adının hüquqi statusu ilə onun, məişətdə istifadə olundugu anlayış
bəzi ölkələrdə fərqlidir. Məsələn, İspaniyada, Portuqaliyada, Fransada və Latın
Amerikasında (ispan və portuqal dillərində danışan dövlətlərdə) “professor”
termini tədris prosesi olan bir çox yerdə, dərsdən və tələbələrin yaşından asılı
olmayaraq məktəbdə, institutda, texnikumda, peşə məktəbində, kollecdə,
universitetdə hər hansısa müəllimə şamil edilir. İspaniyada professor adı
“professor de autoescuela” yəni, sürücülük təlimatçısı, eləcə də ibtidai və orta
məktəblərdə müəllimlərə deyilən addır. Müəyyən dərəcədə eyni şey Avstriyada,
Belçikada və Almaniyanın cənubunda da tətbiq olunur. Lakin universitetdə
müəllim dərs deyəndə mütləq vurğulanır ki, bu – “universitet professoru” və ya
“kafedranın professorudır”. Burada elmi adlar nüfuzlu elmi şuralar tərəfindən
verilir və geniş akademik mühitdə qəbul olunur.
Professorun standart “portreti” yüksək səriştəli bir universitet müəllimi və eyni
zamanda müəyyən bir elmi istiqamət və ya fəaliyyət sahəsində yüksək səviyyəli
mütəxəssis olan bir alimdir. Lakin bəzi ölkələrdə “professor” sözü geniş latın
mənasını saxlamış və hər hansı bir təhsil müəssisəsindəki bütün müəllimlərə
müraciət etmək üçün istifadə olunur. Bu ölkələrdə professor sözü Azərbacanda
istifadə etdiyimiz “müəllim” sözünə uygun gəlir. Müəllimləri professor olaraq
adlandırmaq böyük ehtiram əlaməti kimi qəbul edilib. Lakin müəllim olmayana
ehtiram olaraq professor demək ənənəsi yoxdur.
Rusiyada və əksər Avropa ölkələrində “professor” termini yalnız universitetlərdə
və elmi-tədqiqat institutlarında yüksək dərəcəli müəllimlərə müraciətdə istifadə
olunur. ABŞ və Kanadada olan “köməkçi (asisent) professor” bizə Rusiyadan
keçmiş dosent elmi adı ilə eyni status daşıyır.
Professorların peşə öhdəliklərinə tədris prosesində yaxından iştirak etmək,
mühazirə oxumaq, kurslar yaratmaq, aspirantlara rəhbərlik etmək, elmi
tədqiqatlar aparmaq, yeni nəticələrin nəşrini planlaşdırmaq, elmi şuralarda
təmsil olunmaq, dissertasiyaların müdafiəsində və təhsil müəssisəsinin idarə
edilməsində iştirak etmək daxildir. Bu komponentlərin nisbəti konkret
qurumlardan asılıdır. Elmi-tədqiqat institutunun professorunun tədris fəaliyyəti
elmi-tədqiqat institutunda təcrübə keçən tələbə və aspirantlara fəal şəkildə
rəhbərlik etməkdən və ya eyni zamanda hansısa universitetdə əsas, “ana
fənlər” üzrə dərs deməkdən ibarət ola bilir.
Rusiya imperiyasının ali məktəblərində doktorluq dərəcəsi tələb olunan
“fövqəladə professor” və “adi professor” vəzifələri mövcud idi. O zaman belə
vəzifələrdə çalışan müəllimlərin titulu “professor” sözü ilə deyil, dərəcələr
cədvəlinə görə müəyyən rütbələr alması ilə müəyyənləşirdi. 1804-cü ildən
fövqəladə professor 8-ci dərəcəli, 1884-cü ildən isə 6-cı dərəcəli kollegiya
müşaviri rütbəsi ilə müəyyən olunurdu. 1803-cü ildən sıravi professor 7-ci
dərəcəli məhkəmə müşaviri, 1884-cü ildən isə 5-ci dərəcəli dövlət müşaviri
rütbəsi alırdı.
Son 30 ildə Rusiya Federasiyasında professor elmi adının verilməsi ilə əlaqədar
xeyli dəyişikliklər və onunla da birlikdə xeyli qarışıqlıqlar yarandı. Bu
sələhiyyətlər müxtəlif qurumların nəzdinə verildi və xeyli neqativ hallar ortaya
çıxdı. “Professor” elmi adı ömürlük verilir və iş yeri dəyişdikdə, işdən
çıxarıldıqda və ya təqaüdə çıxdıqda onun sahibi tərəfindən saxlanılır. Buna
baxmayaraq, 2016/2017-ci tədris ilinin əvvəlinə Rusiya ali məktəblərində, elm
və təhsil təşkilatlarında professor elmi adı olan 28,5 min mütəxəssisin çalışdıgı
haqqında məlumat verilir. 2015-ci ildə “Rusiya Elmlər Akademiyasının
professoru” fəxri elmi adı təsis edilib və elmi işdə nailiyyətlərinə görə verilməyə
başlanıldı. Bu gün 713 alim bu ada sahibdir.
2016-cı ildə Rusiya Təhsil Akademiyasında da oxşar ad – “Rusiya Təhsil
Akademiyasının professoru” təsis edildi və 71 nəfərə təqdim edildi. Bu adlar,
müvafiq olaraq, Rusiya Elmlər Akademiyasının Rəyasət Heyəti və ya Rusiya
Təhsil Akademiyasının Rəyasət Heyəti tərəfindən verilir və Ali Attestasiya
Komissiyasının verdiyi adlar kimi, ömürlükdür. 2010-cu illərdə bir sıra dövlət
akademiyaları, məsələn, Rusiya Təbiət Elmləri Akademiyası da öz “professor
titullarını” təqdim etmişlər.
Böyük Britaniyada “professor” adı kafedra müdiri üçün nəzərdə tutulub. Böyük
Britaniyada “professor” termini ilə xatırlanan digər vəzifələr və ya fəxri adlar da
var. ABŞ-da “professor” tədris prosesində iştirak edən, universitet və ya
kollecdə dərs deyən hər kəsə verilən addır.
ABŞ-da “Dosent” (asisent professor) professor kimi təxminən 5-6 illik uğurlu
işdən sonra verilən vəzifədir. Bizdə bu proses 2 il də ola bilir, 10 il də, hətda
ömür boyu da uzana bilir. “Dosent” vəzifəsi adətən, işdən çıxarılma hüququ
olmadan ömürlük verilir. Bu mərhələdə professor tədris və elmi-tədqiqat
vəzifələrindən əlavə, universitetin fərqli xidmət sahələrinin idarə edilməsində də
iştirak edə bilir. “Tam professor” (və ya sadəcə professor) əvvəlki vəzifədə 5-6
il uğurlu fəaliyyətin nəticəsində verilir.
Amerika universitetlərində tam professor vəzifəsi Rusiyanın professor
vəzifəsinə bərabərdir. Rusiya Federasiyasında olduğu kimi ABŞ-da bu “titulu”
almaq üçün ayrıca prosedur yoxdur. 1990-cı illərin sonlarına aid məlumatlara
görə, ABŞ-da “tam professorlar” əsasən 40 yaşından sonra professor olurlar və
karyeralarını 65 yaşında bitirirlər. ABŞ-da bir universitet, maaşı “tam
professor”dan yüksək olan professor üçün “hörmətli professor” kimi fəxri
vəzifəni universitet, ayrı-ayrı şəxslər, firmalar və təsisçilər hesabına yarada
bilər.
Türkiyə Cumhuriyyətində də professorlar cəmiyyətdə nüfuzlu şəxslər hesab
edilir və mərkəzi universitetlərdə 65 yaşa qədər, əyalət universitetlərində 75
yaşa qəfər çalışa bilirlər.
Almaniya universitetlərində rütbə və əmək haqqı ilə fərqlənən bir neçə
professorluq var. “Adi professor” ən yüksək professor rütbəsidir və müəyyən
bilik sahəsini təmsil edən kafedra müdiri vəzifəsini daşıyan alimdir. Bu vəzifə
alman əmək haqqı kateqoriyasına C4 (və ya yeni əmək haqqı təsnifatına
görə (W3) uyğun gəlir. Buna görə də belə professorlar “C4 professorları”
adlanır. “Fövqəladə professor” ştat cədvəlində vəzifəsi nəzərdə tutulan, lakin
adi professora tabe olan professordur. Əməkhaqqı C3 (W2) kateqoriyasına
uyğundur. Çox vaxt tədqiqatçılar əvvəlcə fövqəladə professor vəzifəsini alırlar,
daha sonra tam professor olurlar. Almaniyada universitet professorlarının
hüquqi statusu “Ali təhsilin təşkilinin ümumi prinsipləri haqqında” Qanunun 3
cü fəslinin 2-ci bölməsi ilə tənzimlənir.
2002-ci ildən yaşı 35-dən aşağı olan alman alimlərinə professorluq hüququ
verilmişdir. Onlar, “kiçik professor” vəzifəsi daşıyır, “Juniorprofessor” adlanır və
W1 dərəcəsi ilə əmək haqqı ödənilir. Bunun ABŞ-dakı ekvivalenti
dosentdir(asisent professor).
Yaponiyada bizim professor unvanının ekvivalenti Kyooju (kyo: ju) kimi səslenir.
Bu adı daşıyanlar yapon ictimai mühitində hörmətli və sevilən insanlardırlar. Bu,
ali məktəblərdə vakansiya olduqda müsabiqə yolu ilə tutulan ən yüksək elmi
pedaqoji vəzifədir. Professor adlı başqa bir anlayış yoxdur. Bu məqsədlə
müvafiq mütəxəssis təhsil prosesinə və elmi-tədqiqat işlərinə cəlb olunur,
aspirantlara rəhbərlik edir. Kyooju vəzifəsinə (professor) mütəxəssis təyin
etmək qərarı konkret universitet tərəfindən qəbul edilir və universitetlər bu iş
üçün dəqiq tələbləri formalaşdırır. Universitetlərin təşkili haqqında Yaponiya
qanununa görə, bu yeri tutacaq ərizəçinin elmi dərəcəsi (hakushi) olmalıdır.
Yaponiyada “elmlər doktoru” dərəcəsi yoxdur.
Göründüyü kimi hər bir dövlət, xalq və mədəniyyət öz alimlərinə xüsusi
yanaşma sərgiləyir və bunu öz ənənələrinə uygun şəkildə edir. Müxtəlif
ölkələrdə vaxtı ilə professor olmuş, sonradan siyasi fəaliyyətə keçmiş şəxslərə
də rast gəlmək olar. Lakin bir gün də dərs deməmiş, sahəsində fərqlənən alimi
olmayan, dövlət qulluqçusuna, nazirlik əməkdaşına professor adı verilməsi
təcrübəsi yoxdur.
Professor elmi adı dövlət akkreditasiyasından keçmiş ali təhsil müəssisələrində
və ya ali təhsilin təhsil proqramlarını həyata keçirən elmi institutlarda yüksək
pedaqoji bacarıqlara malik, elmi nailiyyətləri olan və mütləq pedaqoji iş aparan
elmi-pedaqoji işçilərə həmin müəssisələrin elmi şuraları tərəfindən təqdim
edilən attestasiya sənədlərinə əsasən verilir. Professor özənə qədər mövcud
olan elmi-pedoqojı ənənələri mənimsəmiş, onu qoruyan, artıran və gələcək
nəsillərə ötürən elmi təfəkkürü olan yüksək dərəcəli pedaqoqa verilən addır.
Bir gənc, bakalavrdan başlayan və aspiranturaya uzanan on il müddətində
gözlərinin qarşısında gördüyü professordan öyrənir, bəzən onu yamsılayır, ona
hirslənir, qəzəblənir və sonunda onu anlamağa başlayır. Müəllimi olaraq onu
sevsə də, sevməsə də ehtiram edir, alim olmaq, bir çox hallarda ona oxşamaq
istəyir. Professor yaradılmış elmi ənənə ilə gələcək nəslin arasında körpüdür.
Professor elmi etikanın daşıyıcısı və öz sahəsinin üsul (metodika) və
qaydalarının dərin bilicisidir. Professor yoxdursa deməli elmi-pedoqojı varisliyə
körpü də yoxdur.
1920-1930-cu illərdə Bakı Dövlət Universitetində təsis olunan kafedralarda
bəzən elmi dərəcəsi olmayan şəxslər rəhbərlik edirdi. Məhz o illərdə yaranmış,
formalaşmış alimlərə 60-70-ci illərdə iftixarla professor deyə müraciət edirdilər
və bu ad dilimizdə, mədəniyyətimizdə və dəyərlər sistemimizdə yer aldı. Bəlkə
ona görədir ki, nazirlik əməkdaşları, dövlət qulluqçuları, inzibati işçilər alimlik
adını almaga bu qədər səy göstərirlər? Vəzifəli şəxslərə professor adının və
digər elmi adların verilməsi üçün hüquqi tənzimləmədə mövcud boşluqdan
ustalıqla istifadə edir, bəzən də saxtakarlıqlar olunur. Bu kimi “dekorativ
professorların” akademik profili və elmi-pedoqojı fəaliyyəti ayrıca bir
araşdırmanın obyektidir.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
Şərhlər bağlıdır.