Trampa Əliyevdən donos yazan tanınmış azərbaycanlı…

Koliforniyada yaşayan İran Türkləri Konqresinin rəhbəri Əlirza Amir Nəzmi
Avşar ABŞ Prezidenti Donald Trampa məktub yazaraq, Azərbaycana qarşı
çağırış edib.
Azerbaycan-ruznamesi.org xalq şairi Sabir Rüstəmxanlının Əlirza Amir
Nəzmi Avşara açıq məktubla cavabını təqdim edir:
ABŞ. Koliforniya. İran Türkləri Konqresinin direktoru Əlirza Amir Nəzmi Avşara
Hörmətli Əlirza bəy!
Amerika Birləşmiş Ştatlarından güneyli bir dostum Sizin mart ayının 14-də
Prezident Trampa yazdığınız və surətini ABŞ-ın vitse-prezidentinə, Konqresin
spikerinə, dövlət katibinə, Təhlükəsizlik Xidmətinə və bəzi senatorlara
ünvanladığınız məktubun surətini mənə göndərdi.
Sizi təcrübəli bir insan kimi tanıdığıma görə elə bildim, dünya liderlərindən birinə
xalqımızın taleyi, yəni parçalanması, öz torpaqladından (Qərbi Azərbaycandan)
deportasiya edilməsi, İranda milli zülm altında olması, Güney Azərbaycanın
sərvətlərinin fars-erməni birliyi tərəfindən vəhşicəsinə talanması, süni surətdə
yaradılan böyük Urmi ekoloji fəlakəti, fars-molla rejiminin 50 milyon İran türkünü
öz ana dilində yazıb-oxumaqdan və ən adi insan haqlarından məhrum etməsi,
ABŞ-ın dəstəklədiyi silahlı PKK terror çətələrinin İranda türkləri öz
torpaqlarından sıxışdırması kimi milli problemlərimiz haqqında məlumat
verəcək, ABŞ-İran siyasətində sadaladığım məsələlərin də nəzərə alına
biləcəyini vurğulayacaqsınız.
Düzdür, D.Tramp sizin dediyinizlə oturub-durmayacaq, lakin onun
bəyanatlarından göründüyü kimi, siyasi proqramlarında yer alan ölkələrdən biri
də İrandır və bu ölkənin daxili durumunu daha yaxşı bilməsi işin xeyrinə olar.
Təəssüf ki, siz İran türklərinin taleyini bir kənara qoyub, dünya
azərbaycanlılarının hələ ki yeganə dövləti olan Azərbaycan Respublikasını və
onun iqtidarını hədəfə çevirərək, yaşınıza-başınıza yaraşmayan, qeyri-dəqiq
məlumatlarla, yalan və böhtanla dolu olan bir şikayət məktubu yazmısınız.
Sanki Avropanın, özəlliklə Fransanın ermənipərəst və düşmən münasibəti,
erməni diasporunun gecə-gündüz bizim əleyhimizə yayılan yazıları, İranın
antiazərbaycan siyasəti az imiş, gərək siz də onların köməyinə çataydınız.
Tramp hakimiyyətini Azərbaycanın üzərinə yönəltmək və Prezident İlham
Əliyevi gözdən salmaq cəhdini düşmənlərimizin mövqelərindən fərqləndirmək
çətindir.
Əksinə, bəzi rus, erməni və Avropa siyasətçiləri İlham Əliyevin peşəkarlığını və
müstəqil siyasət aparmasını açıq etiraf edirlər.
Son vaxtlar mətbuatda yayılan məlumata görə, Amerikadakı yəhudi diasporu
və nüfuzlu yəhudi iş adamları Amerika ilə Azərbaycanın münasibətlərinin
yaxşılaşması və 907-ci düzəlişin ləğvi üçün Tramp hakimiyyətinə təsir
göstərməyə çalışırlar. Sizsə tam tərsinə, ABŞ-ın Azərbaycana təzyiqinin
güclənməsinə cəhd edirsiniz. Onda deyə bilərsinizmi bizim gənc Azərbaycan
dövlətinin dostu kimdir? Siz qanı-qanımızdan olan doğma qardaşımız, yoxsa
yəhudilər?
Perizdent Trampa yazırsınız:
“Sayın başqanım,
Bu gün sizinlə Azərbaycan Cümhuriyyəti haqqında danışmaq istəyirəm.
Cümhurbaşqanı İlham Əliyevin kirəlik ajanları, İran türklərinin yaklaşık yüzdə
iyirimisinin yaşadığı Güney Azərbaycanda da xaos və güvənsizlikdən başqa bir
şey doğurmayacaq inanılmaz şərtlər yaratmışlardır. 1945-in sonlarında və
1946-da Stalinin ajanı olan Pişəvərinin yönləndirdiyi kommunistlərin bu gün
İranı bölmək və Azərbaycan Cümhuriyyətinə qatmaq amacıyla kullanılması,
sadəcə bir aldatmaca və təbliğat olsa belə, təhlükəli sonuc doğuracaqdır”.
Mən sizin yazınızla bağlı “yalan və böhtanla dolu” dedikdə məhz bu cümlələri
nəzərdə tuturam… 1945-ci ildə Təbrizdə qurulmuş Milli Hökumətin lideri Seyid
Cəfər Pişəvərini “Stalinin ajanı” saymaq o dövrün şərtlərindən bixəbərlikdir və
bu hərəkatın qurbanları olmuş onminlərlə şəhidin, fədainin ruhuna
hörmətsizlikdir. Pişəvərinin kommunist hərəkatına bağlılığı onun Stalinin
xəfiyyəsi olması demək deyil və bunu onların yazışmaları da göstərir. Pişəvəri
yaranmış şəraitdən istifadə edib Güney Azərbaycana öncə muxtariyyət, sonra
müstəqillik qazandırmaq istəyirdi.
1946-cı ildə Güney Azərbaycan Milli Hərəkatı Stalinin avantürası deyildi, Güney
Azərbaycan xalqının qəhrəman mübarizəsinin nəticəsi idi, onun yıxılmasında
və onminlərlə qardaş-bacımızın qətlində Stalin nə qədər günahkardısa, ABŞ-ın
o vaxtkı hakimiyyəti də o qədər, bəlkə daha artıq günahkardır. “Stalinin ajanı”
dediyiniz Pişəvəri tariximizin Səttar xan və Şeyx Məhəmməd Xiyabani ilə bir
sırada dayanan milli qəhrəmanı idi. Azərbaycan Demokrat firqəsinin başçısını
və Milli Hökumətin rəhbərini təhqir etmək haqqını sizə kim verib? Pişəvərinin
milli azadlıq niyyətini gözündə qoyan Stalin həm də onun ölümünə fitva verdi.
Məncə, siz bu tarixi məndən yaxşı bilirsiniz və ya bilməlisiniz.
Siz İran türklərinin öndə gedən bir ziyalısı olaraq güneyli qardaşlarımızın vahid
platformada birləşməsinə çalışmalısınaz. Təəssüf ki, bunun əvəzinə “onlar İranı
bölmək istəyirlər” deyə fars-molla rejiminin sözünü təkrar edirsiniz.
Bilirsiniz, İran türkləri öz gələcəkləri ilə bağlı siyasi mübarizədə bir neçə
cəbhəyə ayrılırlar. Bir hissəsi də İranın parçalanmasını, Güney Azərbaycanla
Quzey Azərbaycanın birləşməsini istəyir. Xatırladıram ki, bir vaxtlar siz də bu
cəbhədə idiniz. Məktubunuzdan görünür ki, siz artıq İranın bütövlüyünün
qorunması qayğısına qalırsınız. Olsun. İnsan öz seçimində sərbəstdir. Lakin
sizin bugünkü mövqeyiniz Azərbaycanın milli ideallarına və Pişəvəri kimi bir
Vətən fədaisinə ləkə yaxmaq haqqı vermir.
Hörmətli Əlirza bəy! Lütfən izah edin, İlham Əliyevin komandası və ya sizin
dediyiniz kimi, ajanları Güney Azərbaycanda hansı pozuculuq fəaliyyəti ilə
məşğuldurlar? Bəlkə Urmidə xalqı öz torpaqlarını qorumaq üçün ayağa
qaldıran, küçələrə tökən də Azərbaycan Respublikasıdır? Bəlkə futbol
stadionlarında on minlərlə insana “Haray, haray, mən türkəm” və ya “Bakı
Təbriz-Ankara – biz hara, fars hara” şüarlarını söylədən də Azərbaycan
Respublikasıdır? Bəlkə sizin İranda hər gün milli fəalların həbsindən və
edamından xəbəriniz yoxdur?! Bəlkə orta əsrlərin feoadal üsul-idarəsindən
seçilməyən qəddar idarəçilik mexanizmini də İrana biz ötürmüşük?
Azərbaycan kommunist hərəkatı ilə çoxdan vidalaşıb və kommunistlərin İranı
bölmək və Azərbaycan Cümhuriyyətinə qatmaq “təhlükəsi” haqqında
dediklərinizin də heç bir əsası yoxdur, İranda Azərbaycan Respublikası
tərəfindən yönəldilən belə bir real təhlükə olsa, buna sevinərdim.
Hörmətli Əlirza Amir Nəzmi Avşar!
Yəqin bilirsən, mən Azərbaycan Respublikasında 1992-ci ildən bəri fəaliyyət
göstərən bir müxalifət partiyasının başqanıyam. Yəni, İlham Əliyevin
komandasında deyiləm. Keçən otuz üç ildə iqtidarı həm Milli Məclisdə, həm də
mətbuatda sərt, lakin milli ədəb-ərkan dairəsində tənqid edənlərdən, bununla
belə Vətəndaş Həmrəyliyi ideyasından əl çəkməyən bir qələm əhliyəm,
siyasətçiyəm və uzun müddət Milli Məclisin deputatı olmuşam.
Lakin İkinci Qarabağ savaşında bir çox müxalifət partiyası kimi, biz də iqtidarın
yanında dayandıq, “milli məsələlərdə, ölkənin müdafiə işində ayrı-seçkilik
yoxdur”, dedik. Şükür, Azərbaycan öz torpaqlarını azad etdi və haqlı olduğunu
dünyaya çatdırdı.
Bu, Rusiya, Ermənistan, İran və bir sıra başqa ölkənin təzyiqi altında olan
Azərbaycanın böyük qələbəsi idi. İndi də bir çox güclərin ermənipərəst
siyasətlərinə baxmayaraq, Azərbaycan öz mövqeyini qorumaqda və heç bir
yerdən yardım almadan öz dağıdılmış yurdlarını bərpa etməkdədir. Qonşularla,
o cümlədən İranla da dinc münasibətlərini inkişaf etdirməyə çalışır. Belə bir
durumda sizin İlham Əliyevi İranın iç siyasətinə qarışmaqda günahlandırmanız
və bundan ABŞ prezidentinə şikayətlənməniz gülüncdür. Siz otuz il ərzində
Azərbaycanın Qarabağ bölgəsində daşı-daş üstə qoymayan Ermənistan
ordusuna, Ermənistana İranın hər cür yardım göstərdiyini, bir milyon insanın
yerindən-yurdundan didərgin salınmasına dolayı yolla dəstək verdiyini və indi
də işğalçı Errmənistanın revanşist siyasətinə yardımçı olduğunu görməzdən
gələ bilməzsiniz. Ümumiyyətlə, Azərbaycan respublikasının üstünə bu şəkildə
kin və nifrətlə hücum çəkən Əlirza bəy, görəsən, son otuz beş ildə ABŞ
prezidentlərinə ermənilərin işğalçılığını, erməni terrorunu pisləyən hər hansı
məktub yazıbmı, “erməni soyqırımı” iddilarının əsassızlığını, əsl soyqırımın
azərbaycanlılara qarşı yapıldığını diqqətə çatdırmağa çalışıbmı? Yoxsa, o,
dünyanın bəzi liderləri kimi kimin işğalçı, kimin əzabkeş olduğunu bilmir?
Azərbaycan türklərinin otuz illik işğala yenicə son qoyaraq düşmən
münasibətləri məngənəsində boğulduğu bir vəziyyətdə gənc dövlətdən, dünya
ağalığı iddiasında olan ABŞ prezindetinə şikayətin adı və məqsədi nədir? Yəni
çətinliklə qurduğumuz və qoruduğumuz bu dövləti də itirək?
Bir daha deyirəm, niyyətim İlham Əliyev hakimiyyətini müdafiə etmək deyil.
Amma həm də çox qətiyyətli bir şəkildə müdafiə etməkdir. Çünki bu dövlət
mənimdir. Onun quruculuğunda öndə olan şəxslərdən biri olmuşam. Onu SSRİ
dən, Qorbaçov xəyanətkarlığından qurtardıq, ona görə yox ki, indi də
Makronların, Trampların siyasi basqıları altında yaşayaq.
Bizim gənc, müstəqil dövlətimiz müharibə alovlarının içində doğulub. Otuz il
ərazisinin yüzdə iyirmisi işğal altında olub. Bu illər ərzində Ermənistandan və
Qarabağdan qovulmuş bir milyon insanı aclığın cəngindən xilas etmək
qayğısına qalıb. Buna baxmayaraq, sizin yaşadığınız ABŞ və dünyanın böyük
dövlətləri Ermənistana işğalçı deməyib; o vəziyyətdə də bizi günahlandırmağa
çalışıblar. Bu cəhənnəm əzabının içində Azərbaycan xalqı və İlham Əliyev
özündə güc tapıb, qəddini dikəldib ordu qurub, savaşda qalib gəlib və bu gün
Ermənistanın cəhənnəmə çevirdiyi Qarabağı yalnız öz gücünə güvənərək,
yenidən cənnətə çevirməklə məşğuldur. Təbii ki, belə bir durumda sizin
arzuladığınız demokratik şərtlərin hamısını gözləmək mümkün deyil. Çünki o
şərtlərin bir çoxu demokratiya adı altında ermənilərin işağlçı siyasətini
uzatmağa və Azərbaycanı məğlubiyyətlə barışdırmağa xidmət edirdi. İlham
Əliyev ölkə başçısı kimi bunun qarşısını aldı və bir çox kənar təzyiqlərə
baxmayaraq, 44 gün ərzində düşməni əzdi. Məncə, dünyanın harasında
yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu reallığı görməli və dərk
etməli, buna görə İlham Əliyevə Ali Baş Komandan kimi minnətdar olmalıdır.
Deyə bilərsiniz ki, bütün bunlar öz yerində, amma bu gün ölkədə vəziyyət
ağırdır, bahalıqdır, işsizlik var və s. Bu barədə bildiyiniz məlumatları
Azərbaycan Prezidentinin özünə yaza bilərdiniz. Yaxşı bilirsən ki, bunu Tramp
düzəltməyəcək. Yenə İlham Əliyev və ondan sonra hakimiyyətə gələn bir başqa
azərbaycanlı həll edəcək.
Bəzi ermənipərəst Avropa liderləri bu gün Azərbaycanın başında İlham Əliyev
kimi güclü bir siyasətçinin dayanmasını istəməzdilər. Buna görə də
Azərbaycana təzyiq üçün gah demokratiya, gah seçki ədalətsizliyi, gah insan
haqlarının pozulması kimi məsələləri ortaya atırlar. Ancaq siz elə bilirsiniz
nöqsanlar tam ideal bir şəkildə aradan qalxsa, Azərbaycana təzyiq azalacaq?
İlham Əliyevin yerinə özlərinə sərf edən birisinin haklimiyyətə gəlməsini
istəyərlər. Lakin bunu Azərbaycan xalqının mənafeyi naminə yox, Azərbaycanı
öz istədikləri kimi idarə etmək üçün istəyirlər.
Bu baxımdan məktubunuzun müstəqil Azərbaycan respublikasından şikayət
ruhunu qəbuledilməz sayıram və bunu pisləyirəm.
Biz ayrı-ayrı mühitlərdə tərbiyə alsaq da, ikimiz də türkük. Azərbaycan türküyük.
Bizim əxlaqımızda evin içindən qonşuya şikayət ənənəsi yoxdur. ABŞ bizim
dədəmiz deyil.
“Böyük həbsxana” adlandırdığınız Azərbaycan mənim “böyük cənnətim”dir. Və
İran türkləri ilə siyasi birliyimiz olmasa da, mədəni-mənəvi, ideoloji birliyimizin
olması ən böyük idealımdır.
Azərbaycan Şimal-Cənub, Şərq-Qərb yolunun üstündə böyük maraqların
toqquşduğu Güney Qafqazda öz müstəqilliyi və siyasi müvazinətini qorumaq
uğrunda mübarizə aparan, o qədər böyük olmayan, lakin Güney Qafqazın ən
böyük və ən güclü ölkəsidir.
Siz Trampa yazırsınız: “Çin Hörmüz boğazı, Süveyş kanalı, Panama kanalı və
Malakka boğazında nüfuz sahələri oluşdururkən, indi də Əliyevin yolsuzluq
tutqusu və iqtidar hissindən yararlanaraq səssiz, amma etkili bir şəkildə
Qafqaziya və Qara dənizə doğru irəliləməkdədir. Ancaq Xəzər və Qara dənizdə
Çinin varlığı böyük bir fəlakət olacaqdır”. Yəni ABŞ-a müraciətlə, “İlham Əliyev
hakimiyyəti Çinin Xəzərə, Qara dənizə çıxmasına şərait yaradır, amandır, buna
imkan verməyin” deyirsiniz! Məncə, özünüz də yaxşı bilirsiniz ki, bu sözlərinizin
heç bir əsası yoxdur. Əliyevin niyyəti bu deyil. Onun niyyəti Azərbaycanın böyük
ərazisi ilə kiçik ərazisi olan Naxçıvan arasında 40 kilometrlik Zəngəzur dəhlizini
açmaqdır. Bundan Azərbaycan, türk dünyası və Avropa ilə birlikdə Çin də
faydalana bilər. Siz Azərbaycanın milli marağı ilə Çinin dünya siyasətini
qarışdırırsınız və məktubunuzda Çini bu məsələyə qoşmaqla, Azərbaycan üçün
həyati əhəmiyyəti olan bu dəhlizin açılmasına, bizim milli maraqlarımıza, türk
dünyasının yerüstü əlaqə imkanlarının genişlənməsinə qarşı çıxırsınız. Bunun
da ermənipərəst fars-molla rejimi yanaşmasından heç bir fərqi yoxdur.
Məktubunuzda tez-tez Karl Marks, Lenin, Stalin və kommunist hərəkatından
söz açır və Azərbaycan hakimiyyətinin hələ də keçmişin ideoloji təsiri altında
olduğuna işarə edir, fikrinizi belə yekunlaşdırırsınız: “Uca Tanrıdan Bəşər
Əsəddən sonra Tehran və Bakıdakı yağmaçıları da təmizlənməsi üçün sizə
başarılar diləyirəm”.
Azərbaycan hakimiyyətini Bəşər Əsəd rejimi ilə yan-yana qoyur və
Azərbaycana da Suriya taleyi arzulayırsınızsa, buna nə ad verək?
Azərbaycanda gedən proseslərdən, görülən işlərdən xəbərsizlik, yoxsa milli
xəyanət, satqınlıq?
Bir müstəqil dövlətdə hakimiyyət xalqın iradəsi və demokratik seçkilər yolu ilə
dəyişilməlidir. Siz bunu bir kənara qoyub ABŞ-dan Azərbaycanda hakimiyyəti
dəyişdirmək tələb edirsinizsə, uzun müddət yaşadığınız ölkənin demokratiya
təcrübəsindən nə öyrənmisiniz?
O zaman İran Türkləri Konqresi hansı haqla İranın demokratikləşməsindən və
orda türklərin haqlarından danışa bilər və sizin bu çağırışınızı konqres adına
necə yaraşdırmaq olar?
Hörmətli Əlirza bəy! ABŞ, Fransa, Rusiya Minsk qrupunun üzvləri kimi Qarabağ
sorununu həll edə bilmədi. Əksinə düşmənçiliyi dərinləşdirdi, Azərbaycanı
məğlubiyyətlə barışmağa sövq etdi.
Biz Qərb dövlətlərinin “demokratiya” sözü altında bizim hüquqlarımızı
görməzdən gəlməsini dəfələrlə müşahidə etmişik. Biz ölkə olaraq öz gücümüzə
güvənirik və demokratiya, seçki, yolsuzluq, insan haqları ilə bağlı nə
problemimiz varsa, özümüz həll edəcəyik.
Lütfən Azərbaycana fars, erməni gözü ilə baxmayın, çevrəmizdə düşmənlər az
deyil, başqasını da dəvət etməyə çalışmayın və özünüz də düşmənə
çevrilməyin…
Yaşasın Bütöv Azərbaycan!
Yaşasın Türk Birliyi!
Müəllif: Sabir Rüstəmxanlı

Şərhlər bağlıdır.