Ulucay Akif: Pezeşkianın Azərbaycan dilində şeir deməyinə niyə sevinirik?

-Görürəm ki, İran prezidentinin şeir deməyini paylaşanlara lağ edənlər var.
Deyirlər ki, safıq, uşağıq, başımızı şeirlə aldadırlar.

Ay dostlar, narahat olmayın, məncə, heç birimiz Pezeşkianın Azərbaycan
dilində şeir deməsinə aldanmırıq. Heç birimiz uşaq deyilik.
Şəxsən mənə ləzzət edən şey İran prezidentinin dilindən öz şairimin şeirini
eşitməkdir.
Olsun ki, Pezeşkian əslən azərbaycanlıdır, soydaşımızdır. Amma bundan da
böyük həqiqət var: Pezeşkian İranın prezidentidir.
Bəli, bu qədər sadə.
Mən İran prezidentinin Şəhriyarın şeirini oxumağına sevindim. Yəni Çinin
prezidenti də Azərbaycan dilində bir bayatı desə, xoşuma gələr, ləzzət eləyər.
Pezeşkianın bizim dilimizdə şeir deməyi də buna görə xoşumuza gəldi. Bizim
prezidentimiz farsca şeir oxumadı ki. İranın prezidenti bizim şairin şeirini, bizim
hüzurumuzda, bizim dildə səsləndirdi.
Deyənlər də var ki, Pezeşkian o şeiri başqa mənada oxuyub, başqa şey
nəzərdə tutub.

Pezeşkian o şeiri milyon başqa mənada oxusun, mənə nə? Mən ki şair
Şəhriyarın o şeiri hansı mənada yazdığını bilirəm.
Yenə təkrarlayıram, mən Şəhriyarın şeirini eşitməyimə sevindim. Məncə, digər
adamlarımızın da şüuraltında oyanan sevinc məhz bu dediklərimdir, başqa heç
nə.
Hə, qaldı ki İranla münasibətimizin düzəlməsi məsələsinə… İranın kim
olduğunu hamımız bilirik və həmişə də ağlımızdadır, heç nəyi unutmuruq.
Qarabağ müharibəsi zamanı baş verənlər də yadımızdadır. Bizim də
yadımızdadır, dövlətimizin də.

Məmmədhüseyn Şəhriyarın o poeması belə bitir:
Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sora qalanlara eşq olsun,
Keçmişlərim gələnlərə məşq olsun,
Evladımız məzəhəbbin danmasın,
Hər içiboş sözlərə aldanmasın!

Şair özü bizə deyir ki, “keçmişlərim gələnlərə məşq olsun, hər içiboş sözlərə
aldanmasın!”.
Yəqin ki, şairimizin tövsiyəsini bir qulağımızdan alıb o birindən vermərik.
Bu öz yerində.
Dövlətimiz isə İranla münasibəti yaxşılaşdırırsa, bizə düşən də bunu normal
qarşılamaqdır. Çünki mən bilirəm ki, İlham Əliyev Azərbaycan üçün ən xeyirlisi
nədirsə, ən düzgün olan nədirsə, həmişə onu edir. Buna zərrə də şübhəm
yoxdur. Məncə, siz də bunu çox yaxşı bilirsiniz.

Ol səbəbdən xarici siyasətimizlə bağlı heç bir məsələdən narahat deyiləm.
Azərbaycan regionun ən aktiv dövlətinə çevrilib. İran da bizimlə dost olmaq
istəyir, İsrail də. Ermənistan da bizimlə düşmənlik etmək istəmir, Rusiya da.
Bütün bunları görürük və sevinirik.
Kulis.az

Şərhlər bağlıdır.