03.05.2025
Stokholm, 3 may, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin paytaxtı Stokholmda Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, İsveçdə akkreditə olunmuş səfirlik əməkdaşları, eləcə də Norveç, Danimarka, Finlandiya və İsveçin müxtəlif şəhərlərindən gəlmiş 150 nəfər qonaq iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının sədri İradə Əliyeva Söderberq bildirib ki, Koordinasiya Şurası 2020-ci ilin iyul ayında yaradılıb və artıq beş ilə yaxın fəaliyyəti olan Şuranın tərkibində Azərbaycan diasporunun üçüncü nəsil nümayəndələri də yer alır.
“Azərbaycanlı olaraq hər birimiz dövlətimizi, millətimizi, tariximizi və mədəniyyətimizi yaşadığımız ölkələrin bölgələrində, çalışdığımız kollektivlərdə tanıtmağa çalışırıq,” – deyə İradə Əliyeva Söderberq vurğulayıb.
O qeyd edib ki, bu müddət ərzində müxtəlif layihələr həyata keçirilib. Tarixi günlər, milli-mədəni bayramlar və anım tədbirləri hər zaman kütləvi şəkildə qeyd olunub.
Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev çıxışında qeyd edib ki, Azərbaycan dövləti diaspor təşkilatlanmasına, milli-mədəni irsimizin qorunmasına və beynəlxalq arenada güclü təmsil olunmasına böyük əhəmiyyət verir. Azərbaycanın İsveçdəki səfirliyi də bu prosesə ciddi töhfə verir, diaspor təşkilatlarının fəaliyyətini dəstəkləyir və Skandinaviya ölkələrində Azərbaycan həqiqətlərinin təbliğində mühüm rol oynayır.
“Elə bu görüş və Koordinasiya Şurasının toplantısı bizi bir araya gətirən, daha sıx birləşdirən və inkişafın yeni istiqamətlərini müəyyənləşdirməyə imkan verən mükəmməl fürsətdir,” – deyə diplomat çıxışını tamamlayıb.
Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev komitənin müxtəlif layihələri barədə məlumat verib. O bildirib ki, təkcə 2024-cü ilin ötən dövrü ərzində komitə dünyanın müxtəlif ölkələrində 800-ə yaxın layihə və tədbir həyata keçirib. Bu tədbirlər sırasında “1+1” proqramı, yay düşərgələri, xaricdə təşkil olunan forumlar və mədəni tədbirlər xüsusi yer tutur.
Çıxışlardan sonra Skandinaviya ölkələrindən gəlmiş təşkilat və dərnəklərin rəhbərləri və üzvlərinə söz verilib. Onlar fəaliyyətləri haqqında məlumat verərək qeyd ediblər ki, Danimarka, Finlandiya, Norveç və İsveçdə həftəsonu məktəbləri uğurla fəaliyyət göstərir. Həmçinin 44 günlük Vətən müharibəsi dövründə yerli media orqanlarına düzgün məlumatların çatdırılması istiqamətində fəal iştirak ediblər.
Toplantı çərçivəsində keçirilən seçki nəticəsində Ülviyyə Nəcəfova və Ayda Əmir Haşimi Koordinasiya Şurasının yeni həmsədrləri elan olunublar.
Tədbirin sonunda “Tribun” jurnalının redaktoru Əlirza Ərdəbili, “Qarabağ” dərnəyinin rəhbəri Ülviyyə Nəcəfova və ana dili müəllimi Sevinc Nəymətova diaspor fəaliyyətində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətinə görə” medalı ilə təltif olunublar.
Şərhlər bağlıdır.